İran parçalanmayınca dünya belə hadisələrin hələ çox şahidi olacaqdır - Deputat



 

Ölkəmizin Tehrandakı səfirliyinə terrorçunun hücumu və nəticəsi təsadüfi deyildir. 

SeherXeber.org ” xəbər verir ki, bunu deputat Musa Qasımlı deyib.

Terror qurbanı olan şəxsə Allahan rəhmət dilədiyini qeyd edən deputat  bildirib ki, bu iyrənc hadisənin təqsirkarı İran hakimiyyəti, xüsusi xidmət orqanlarıdır: “Çünki Vyana konvensiyasına görə müvafiq dövlət hakimiyyəti ərazisində yerləşən səfirlik, konsulluq və nümayəndəliklərin mühafizəsini təşkil etməli, təhlükəsizliyini qorumalıdır. Soruşulur: İran hakimiyyəti mühafizəni nə üçün təşkil edə bilməyib? Hesab edirəm ki, bu hadisə İran xüsusi xidmət orqanlarının əməlidir. Ya onlar planlayıb həyata keçiriblər, ya da münasibətlərimizi pozmaq istəyən dairələrin əməllərinə göz yumublar. Bütün hallarda bu cinayətin təqsirkarı İran dövlətdir.

İranda rejimlər dəyişsə də, diplomatların oğurlanması, öldürülməsi və səfirliklərə hücum ənənəsi davam edir. İki misal gətirmək istəyirəm: Birincisi, XX əsrin 30-cu illərində SSRİ xarici kəşfiyyatının İrandan verdiyi tamamilə məxfi məlumatda yazılırdı ki, İran kəşfiyyatı İngiltərə səfirliyinin əməkdaşını izləyərək oğurlayıb. Bu, Pəhləvilər zamanında olmuşdu. İkincisi, 1978-1979-cu illər İran İslam inqilabından sonra qurulan rejim Tehran şəhərinin şimal hissəsində yerləşən ABŞ səfirliyinə hücumu,binanın dağıdılmasını təşkil edib, 53 diplomatı 444 gün girov saxlayıb. Onlarla digər faktı da yazmaq olar. Amma bir şey aydındır: İran terroru himayə edən dövlətdir. Namərdlik alnına yazılıb. 

İran terror hadisəsini dərindən araşdırmalı, cinayətkarı cəzalandırmalı, Azərbaycandan üzr istəməli və təzminat ödəməlidir.

Bu terror aktı beynəlxalq hüququn pozulması olduğundan beynəlxalq təşkilatlarda gündəliyə gətirilməli və ittiham olunmalıdır.

İran adlanan ölkədə rejimlər dəyişsə də, siyasət şəraitə uyğun olaraq yeni üsullarla davam edir. İran parçalanmayınca, zülm altında inləyən xalqlar azadlığa çıxmayınca dünya belə hadisələrin hələ çox şahidi olacaqdır”.

Mürtəza
SeherXeber.org