Avropa İttifaqınin Ermənistandakı missiyası hərbi kontingentə bənzəyir



 

Mandat və struktur: hərbçilərsiz və kəşfiyyatsız keçinə bilməyiblər

Həqiqətən də, missiyanın strukturu qəti şəkildə mülki missiyaya yox, hərbi kontingentə bənzəyir. Sənədin mətnindən bəzi seçmələrə baxaq: “Strateji məqsəd Ermənistanın münaqişə yaşanan və sərhəd ərazilərində insidentlərin sayının azalmasına kömək etmək, belə ərazilərdə yaşayan əhali üçün risk səviyyəsini azaltmaqdır”; “Təhlükəsizlik vəziyyəti haqqında ətraflı məlumat əldə eləmək”; “Mülki əməliyyat komandiri”; “Missiya rəhbərinə missiyanın təhlükəsizlik üzrə əməkdaşı kömək edəcək” və s. Ancaq bu da hələ son deyil.

Missiyanın rəhbəri kimi 2020-ci ildən bu yana Ştutqart şəhərinin polis idarəsinin rəisi olan alman Markus Ritter təyin ediləcək. Ritterin əmək faəliyyəti də onun polisdən çox hərbçiyə bənzədiyini göstərir: o, Aİ-nin İraqdakı məsləhət missiyasına rəhbərlik edib, Aİ və BMT-nin Cənubi Sudan, Gürcüstan və Kosovadakı missiyalarında xidmət edib, eləcə də Almaniyanın Əfqanıstandakı səfirliyində polis müşaviri olub. Amma almanın təyinatı faktı Berlin və Parisin razılaşdırılmış oyununun nəticəsidir, çünki bu mərhələdə Fransa kölgədə qalmaq istəyir. Halbuki Fransa nümayəndəsi Şarl Fris Aİ tərəfindən həyata keçirilən bütün əməliyyatların kuratorudur. Üstəlik, Aİ missiyasının alman komandirindən başqa, missiya əməkdaşlarının böyük əksəriyyəti də elit bölmələrin istefada olan hərbçiləri və müxtəlif Qərb ölkələrinin mövcud kəşfiyyatçılarıdır.

Missiyaya xüsusilə rus dilində danışmağı bacaran polyaklar və Baltikyanı ölkələrin nümayəndələri cəlb olunurlar. Burada “Şuranın Avropa İttifaqının Ermənistandakı missiyası haqqında” sənədinin 6-cı maddəsini qeyd etmək lazımdır: “Tələb olunan funksiyalar üzv dövlətlərin ezam etdikləri işçilər tərəfindən həyata keçirilə bilmədiyi təqdirdə beynəlxalq və yerli personal müqavilə əsasında işə götürülə bilər”.

Missiyanın rəsmi olaraq “Avropa İttifaqının missiyası” hesab edilməsinə baxmayaraq, onun faktiki idarəçiyi Avropada NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin ali komandanlığı ilə sıx əlaqədə həyata keçirilir. Komandanlığa isə ötən ildən ABŞ Hərbi Hava Qüvvələrinin generalı, Bosniya və Əfqanıstandakı missiyalarda işləmiş Kristofer Kavoli rəhbərlik edir. NATO ilə birbaşa əlaqə bu təşəbbüsdə ABŞ-ın rolu barədə düşünməyə məcbur edir, axı alyansda dominant rol məhz onlardadır. Bu rol yuxarıda göstərildiyi kimi, polyakların və Baltikyanı ölkələrin nümayəndələrinin cəlb edilməsi ilə təsdiqlənir. Çünki onlar Amerikanın maraqlarını Avropa maraqlarından ənənəvi olaraq daha üstün tutublar. Axı Baltikyanı ölkələrin ABŞ-ın Aİ və NATO-dakı beşinci kolonu olduğu məlumdur. Yeri gəlmişkən, kiçik bir ştrixi də qeyd edək – Kavoli ABŞ-ın Baş qərargah rəisləri komitəsinin Strateji siyasət və planlaşdırma idarəsində Rusiya istiqamətinin direktoru vəzifəsində çalışıb. Yəqin ki artıq Rusiya Silahlı Qüvvələrinin Baş qərargahında narahatlıq və gərginlik yaranıb...

Missiyanın daha çox hərbi və kəşfiyyat xarakteri daşıyacağını həm də önümüzdəki həftələrdə Ermənistanda təmsil olunan əsas səfirliklərdə hərbi attaşelərin sayının atırılacağının (2-3 nəfərə çatdırılması), eləcə də kəşfiyyatçı-rezidentlərin (bir qayda olaraq, səfirliklərin birinci katibləri) sayının artırılacağının gözlənilməsi faktı təsdiqləyir. Missiyanın tərkibində məqsədi Ermənistanda Rusiya təsirini azaltmaq, Rusiyameylli siyasətçilərə etimadı azaltmaq, anti-Rusiya əhvalını gücləndirmək olacaq İnformasiya və Psixoloji Əməliyyatlar Mərkəzinin fəaliyyət göstərəcəyi də çox şeydən xəbər verir. Bəlkə buna görə yuxarıdakı qərarın 10-cu maddəsində məxfiliklə bağlı bir bənd var? Oxuyaq və nəticə çıxaraq: “Missiya rəhbəri Şuranın 2013/488/EU saylı qərarına əsasən, Aİ-nin məxfi məlumatlarının müdafiəsini təmin etməlidir”.

“Aİ missiyası” arxasında dayanan qüvvələr erməni hərbçilər, o cümlədən Ermənistan xüsusi qüvvələri üçün hərbi təlim proqramları hazırlayıb. O cümlədən indi Ermənistan Xarici Kəşfiyyat Xidməti yanından sıfırdan yaradılmaqda olan xüsusi təyinatlılar üçün də ayrıca proqram nəzərdə tutulur. Yeri gəlmişkən, missiya müasir ən son texniki kəşfiyyat avadanlıqları, o cümlədən ABŞ istehsalı olan PUA-lar ilə təchiz ediləcək. Burada əsas kəşfiyyat hədəfi İran və Türkiyə olacaq.

Missiya büdcəsi də diqqət çəkir. “Aİ-nin Ermənistandakı missiyası haqqında Şuranın qərarları”nın 13-cü maddəsinə əsasən, bu qərarın qüvvəyə minməsindən sonra dörd ay ərzində missiya ilə əlaqəli xərcləri ödəmək üçün nəzərdə tutulmuş əsas maliyyə məbləği 8 103 590,82 avrodur. Yəni illik götürdükdə 24 milyon avrodan çoxdur. Mülki missiya üçün çox böyük məbləğdir. Amma yuxarıda sadaladıqlarımızın hamısını nəzərə alsaq, missiyaya mülki demək olarmı?!

Aİ-nin “mülki” missiyasının məqsədləri

İndi isə bu mülki-hərbi-kəşfiyyat missiyasının təşkilatçılarının həqiqi məqsədlərinə keçək. Burada hər şey göz qabağındadır: missiya strukturlarında əks olunan üç əsas hədəfə köklənib. Birinci və bəlkə də ən ümdə məqsəd regionda Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti, onun Ermənistandan sıxışdırılıb çıxarılması, Ermənistandakı Rusiya hərbi obyektlərinin fəaliyyəti haqqında məlumat toplamaqdır. Növbəti iki ildə Rusiya hərbi bazasının Gümrüdən çıxarması da prioritet vəzifədir. Çünki belədə Ermənistanda Aİ ölkələrinin (Fransa) uzunmüddətli hərbi bazasının yaradılmasına fürsət yaranacaq.

İkinci məqsəd İrana qarşı kəşfiyyat fəaliyyətidir. İrana qarşı diversiya əməliyyatlarının idarəsi Ermənistandan aparılacaq. Bu gün Tehranda artıq çoxları üçün İranın Azərbaycanla münasibətlərin pisləşməsi bahasına Ermənistanla yaxınlaşmağa qərar verməsinin strateji yanlış qərar olduğunu başa düşməlidir. Çünki İran üçün ən böyük regional təhlükənin mənbəyi məhz Ermənistan olacaq.

Nəhayət, üçüncü məqsəd regiondakı Türkiyə-Azərbaycan güclənməsinin qarşısını almaq, o cümlədən Zəngəzur dəhlizinin açılışına və ya heç olmasa, ona nəzarətin ələ keçirilməsinə mane olmaqdır. 44 günlük Vətən Müharibəsi zamanı və elə ondan sonra da Azərbaycan tərəfi ilə təmaslar zamanı Fransa müxtəlif kanallar vasitəsilə açıq şəkildə əsas probleminin Türkiyənin mövqeyinin möhkəmləndirilməsi olduğunu bildirirdi. Ancaq burada söhbət təkcə Fransanın ambisiyalarından getmir, daha böyük qarşıdurmanın yaşanacağı bəllidir. Dolayı yolla, Türk dünyasının zəifləməsi ilə Çinin kommunikasiya layihələrinə maneə törədilməsi də mümkün hədəflərdən ola bilər.

Tarix təkrarlanır

Yazılanları yekunlaşdıraraq əminliklə deyə bilərik ki, bu gün Qafqaz uğrunda böyük geosiyasi oyun başlayıb. Qərb bloku bu məsələdə fikri bu bölgədə olmayan, “Ukrayna tələsinə” düşmüş Rusiyanın yoxluğu fonunda Ermənistandan alət kimi istifadə edir (onların tarixini və himayədarlarına xəyanət meylini nəzərə alsaq, bu, heç də təəccüblü deyil). Təbii ki, 44 günlük müharibədən sonra güclənən Türkiyə-Azərbaycan “müsəlman” tandeminə qarşı. Ermənistana Cənubi Qafqazın Livanı rolu verilib. Hərçənd situasiyanı və orada iştirak edən aktyorların sayını nəzərə alsaq, Ermənistanın Suriyanın taleyini yaşayacağı ehtimalı daha yüksəkdir.

Aydındır ki, Rusiyanın və Qərbin fikrincə, digər “inadkar” region gücləri olan İran və Türkiyənin mühasirəyə alınması üzrə məqsədyönlü strategiya həyata keçirilir. Əgər əvvəllər bu, daha çox “yumşaq güc”, iqtisadi rıçaqlar, “rəngli inqilablar” vasitəsilə həyata keçirilirdisə, indi artıq hərbi və kəşfiyyat-diversiya fəaliyyətinin cəlb edilməsi ilə “hard power”ə (sərt güc) keçid yaşanır. Məhz Qərb ölkələrinin baş qərargahlarının və kəşfiyyat xidmətlərinin dərinliklərində işlənib hazırlanmış bu sxemə əsasən, Türkiyə üçün əsas ixtilaf tərəfləri (Yunanıstan, PKK) müasir silahlarla təchiz edilir, İran ətrafında isə anti-İran koalisiyası qurulur.

Qafqaz uğrunda böyük mübarizə hələ yenicə başlayır. Özü də Qafqaz deyəndə təkcə Cənubu yox, həm də Şimalı nəzərdə tuturuq. Çünki Ermənistandan sonra növbəti hədəf Şimali Qafqaz olacaq. Aİ-nin Ermənistanda yerləşən müşahidə (əslində isə hərbi-kəşfiyyat) missiyası ilə Gürcüstanda yerləşən Avropa missiyası arasında koordinasiyalı iş aparılacaq. Lap Qərb ölkələrinin Şeyx Şamil hərəkatını dəstəklədiyi 19-cu əsrdə olduğu kimi. Tarix təkrarlanır. Eyni zamanda, tarix həmişə sürprizlərlə doludur. Düşünürük ki, yaxın gələcəkdə Azərbaycanın Türkiyə (və digər dost ölkələr) ilə sıx müttəfiqlik şəraitində bütün regionun sülhü və təhlükəsizliyi naminə bir daha qeyri-standart yanaşma nümayiş etdirəcəyi maraqlı hadisələrin şahidi olacağıq.