“Zeynəb Xanlarovanın İrəvandakı konsertinə bilet tapmadım, hamısını ermənilər almışdı...”



 

"Cənab prezident İlham Əliyevin öz doğum günündə İrəvanlılar və Qərbi Azərbaycanlılarla görüşündən sonra bizim içimizdə bir daha böyük ümid yarandı. Bu görüş elə-belə görüş deyildi. Xatırlayırsınızsa cənab prezident hər zaman doğum günlərini məcburi köçkünlərlə birlikdə qeyd edirdi. Hər zaman da onlara deyirdi ki, vaxt gələcək bayramları öz torpağınızda keçirəcəksiniz. Artıq o vaxt gəlib çatıb. Yəqin ki, biz də öz torpağımıza qovuşacağıq. Ən azından heç olmasa ora gedib-gələcəyik".
 
SeherXeber.org xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış prodüsser Oqtay Əliyev deyib. 

"Facebookda bir İrəvan ermənisi ilə yazışırdım. Hər bir erməni kimi o da iddia edirdi ki, İrəvan, Zəngəzur sizin torpaqlar deyil, bizdən nə istəyirsiz?! Onunla uzun-uzadı danışıb, tarixi başa salmağa nə vaxtım, nə də ki, həvəsim var idi. Bir kəlmə dedim ki, mən İrəvanlıyam. Nəslim-köküm hamısı orada doğulublar, İrəvan xanının kökündənik. Sən mənə İrəvanda qədim bir erməni abidəsi yaxud tarixi məkan göstər, deyim ki, sən orada yaşamısan. Bu sözlərimlə də onu susdurdum. Hələ də mənə cavab yazmayıb. Cavab olmayacaq da. Olmayan şeyi necə desinlər ki?!" deyə prodüsser deyib.
 
Oqtay Əliyev daha sonra doğma torpağında keçən günlərini xatırlayıb.

"Mən özüm İrəvanda Azərbaycan məktəbində oxumuşam. Çox maraqlı məktəb idi, hamı bir-birini tanıyırdı. Bizə qarşı hələ o illərdə ermənilərin böyük nifrəti var idi. O vaxt heç müharibə vəziyyəti də deyildi. Biz onlara sübut etməyə çalışırdıq ki, sizdən daha ağıllıyıq, daha çalışqanıq. Azərbaycan dilində danışan kimi hamı dönüb sənə tərs-tərs baxırdı. Uşaqlıq dövrü də, gənclik dövrü də orada çox maraqlı idi. Həyət evində yaşayırdıq. Gözəl məhəlləmiz var idi. O məhəllənin özünün adət-ənənələri var idi. Toylar, nişanlar orada başqa cür keçirilirdi. Ermənilər həm Azərbaycanlıları bəyənmirdilər, həm də azərbaycanlılardan ötrü ölürdülər. Bir radioları var idi, saat 5-dən sonra orada Əlibaba Məmmədovun, Zeynəb Xanlarovanın, Şövkət Ələkbərovanın və s. müğənnilərimizin mahnılarını səsləndirirdilər. Yadımdadır ki, İrəvanda səhv etmirəmsə iki dəfə Zeynəb Xanlarovanın konserti oldu. Zəngi çayının üstündə böyük bir stadion var idi. 82 yaxud da 86 min tamaşaçı tutumu var idi. Konsertə bir həftə qalmışdı, fikirləşdik ki, gedib rahat bilet alarıq. Konsertə bilet yox idi. Tanışlıqla stadionun o biri başında bilet tapdıq. Hamısı ermənilər idi! Zeynəb Xanlarovanın ifalarına ermənilər ayaqüstə qulaq asıb, rəqs edirdilər. Mən çox istərdim ki, biz torpağımıza qayıdaq. Həqiqətən də bu hər bir İrəvanlı üçün həyatı vacib məsələdir" deyə tanınmış prodüsser deyib.