Elmi ad almaq çətinləşir - 14 min professor var, bir Nobel alan yoxdur



 

Ekspertlər “Elmi adlar verilməsi qaydası haqqında” Əsasnaməyə edilən dəyişikliklərdən danışdılar

Prezident İlham Əliyevin fərmanı ilə "Elmi adlar verilməsi qaydası haqqında" Əsasnaməyə edilən dəyişiklikliyə əsasən, professor elmi adı almaq üçün şərtlər sərtləşdirilib.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov  mediaya açıqlamasında bildirib ki, əvvəlki illərdə elmi ad və dərəcələrin verilməsi ilə bağlı xeyli boşluqlar olub və aidiyyəti olmayan şəxslər bu vəziyyətdən sui-istifadə ediblər: “Son illərdə elmi nüfuzdan salan alimlərimiz oldu. Plagiatla məşğul olanlar, bu adlara layiq görülmək istəyən şəxslərə elmi işləri yazanlar da ortaya çıxdı. Hesab edirəm ki, son dəyişikliklərdən sonra təsadüfi insanları elmə yaxın buraxmayacağıq. Bəzən Ali Attestasiya Komissiyası bürokratik qurum xarakteri daşıyır. Əslində elmi adları, dərəcələri ayrı-ayrı universitetlər özləri verməlidir. Lakin Azərbaycanda hələlik bu praktika yayılmayıb. Bu praktikanın yayılmamasının səbəbi həm də bizim elmi müəssisələrimizə bir inamsızlıq, etimadsızlıqdan irəli gəlir. O səbəbdən  indiki şəraitdə Ali Attestasiya Komissiyasını qurum olaraq saxlamaqla orada sağlamlaşdırma işləri aparmaq lazımdır”.

P. S. Görəsən, AAK-ı sağlamlaşdırmaq deyərkən İlqar Orucov nəyi nəzərdə tutur? Ölkədə 14 mindən çox elmi ad alan var, amma bir dənə də olsun elmi kəşf və ixtira yoxdur!