İnsanın neçə dostu olmalıdır? - Araşdırma



 

Otuz il əvvəl ABŞ-da “Gallup” tərəfindən aparılan araşdırmada respondentlərin yalnız 3 %-i yaxın dostlarının olmadığını bildirib. Keçən il aparılan onlayn sorğu göstərir ki, bu göstərici 12%-ə yüksəlib. Pandemiyadan təxminən bir il sonra 30-49 yaş arası qadınların 13%-i və kişilərin 8%-i dostlarının çoxu ilə əlaqəni kəsdiyini bildirib.

SeherXeber.org “Mashable Türkiye” yə istinadla xəbər verir ki, Ketrin Pörsının yazdığı və “New York Times”da dərc edilmiş "Həqiqətən neçə dosta ehtiyacınız var?" sərlövhəli məqalə bu suala cavab verir.

Alimlərin fikrincə, bu vəziyyətin sağlamlığımıza da müəyyən təsirləri var. Dostluqlar insanın rifahı üçün mühüm amil ola bilər. Yalnızlıq və sosial təcrid depressiya, narahatlıq və hətta ürək xəstəliyi və insult riskinin artması ilə əlaqələndirilə bilər. Yutadakı “Brigham Young” Universitetinin psixologiya və nevrologiya professoru Culian Holt-Lanstadın rəhbərlik etdiyi araşdırmada təkliyin gündə 15 siqaret çəkmək qədər sağlamlığa zərərli olduğu vurğulanır.
O hesab edir ki, insan üçün ideal dost sayı 3 ilə 6 arasında dəyişir.

Kanzas Universitetinin Kommunikasiya Tədqiqatları professoru Cefri Hollun fikrincə isə əgər məqsəd tənhalığın sağlamlığınıza zərərli təsirini azaltmaqdırsa, həyatınızda ən azı bir vacib insan olmalıdır:

“Bu, həyat yoldaşı, valideyn, dost və ya başqası ola bilər. Ancaq daha mənalı bir həyat yaşamaq istəyirsinizsə, bağlı hiss etdiyiniz geniş dost dairəsi daha yaxşıdır”.
İnsanların neçə dostu ola biləcəyi ilə bağlı ən məşhur nəzəriyyə 1990-cı illərdə ingilis psixoloqu və antropoloqu Robin Dunbar tərəfindən irəli sürülüb. "Dunbar sayı" kimi tanınan idrak limiti insanların eyni anda təxminən 150 nəfərlə əlaqə saxlaya biləcəyini iddia edir. Bu sərhəd təxminən beş yaxın dostdan ibarət daxili çevrəni, sonra isə daha təsadüfi dostların digər təbəqələrini əhatə edir.

2016-cı ildə aparılan araşdırma da 6 və ya daha çox dostun sağlamlığa müsbət təsir etdiyini göstərir.
Şimali İllinoys Universitetinin Məsləhət və Ali Təhsil professoru Suzanne Diqqes Vaytın 2020-ci ildə apardığı araşdırma 3 və ya daha çox dostu olan orta yaşlı qadınların həyatdan məmnunluq səviyyəsinin daha yüksək olduğunu üzə çıxarıb.

297 nəfərin iştirak etdiyi sorğuda respondentlərin 55%-i 2-3 yaxın dostun ideal olduğunu düşünsə də, 31%-i isə bu rəqəmin 4-6 olması gərəkdiyini deyir.
Tədqiqatlar göstərir ki, bir insanın onlayn geniş kommunikasiya şəbəkəsi onun həyat keyfiyyətinə o qədər də əhəmiyyətli təsir göstərmir. 
Yetkinlikdə dostluq tapmaq həmişə asan olmur. Tədqiqatlar göstərir ki, biz yaşlandıqca yeni insanlara etibar etməkdə çətinlik çəkirik. Psixoloq və yazıçı Dr. Marisa Franko deyir ki, buna görə də köhnə münasibətləri bərpa etməklə başlamaq çox vaxt daha asandır.
Ancaq bu mərhələdə ağlabatan olmaq faydalıdır. Çünki etibarsız dostlarla vaxt keçirmək, hər şeyi tənqid edən, daim sizinlə yarışan insanlarla vaxt keçirmək sağlamlığınıza mənfi təsir edə bilər.

Dostlarınızla əslində nə qədər vaxt keçirdiyiniz də vacibdir. Dr. Hollun araşdırması göstərir ki, yaxın dostluqlar qurmaq üçün təxminən 200 saat vaxt lazımdır. Təbii ki, bu, orta vaxta və insana görə dəyişə bilər, amma burada kəmiyyət və keyfiyyət bir-birini paralel izləyir.

Dr. Hollun sözlərinə görə, dost sayı şəxsiyyət və həyat tərzindən asılıdır. O həmçinin əlavə edir ki, 3-6 dost hər kəs üçün ideal say deyil.

Billurə Yunus