“İtkin gəlin” serialı ilə məşhurlaşdı, fahişə roluna görə tənqid olundu, əməliyyatdan bir gün sonra səhnəyə çıxdı– Dilarə Nəzərova haqqında maraqlı faktlar



 

Kulis.az aktrisa Dilarə Nəzərova haqqında maraqlı faktları təqdim edir.


Dilarə Şamil qızı Nəzərova 13 yanvar 1974-cü ildə Bakıda anadan olub. Atasını çox erkən yaşda itirən aktrisa 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsini bitirib.

***

1996-cı ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. O, teatrın səhnəsində "Ah, Paris… Paris!..", "Özümüzü kəsən qılınc", "Aydın", "Köhnə ev", "Bu dünyanın adamları", "Fedra", "Mənim günahım", "Silindr", “Anamın kitabı” tamaşalarında yaddaqalan obrazlar ifa edib.

356372

Teatr tamaşaları ilə yanaşı aktrisa “İtkin gəlin”, “Ağ atlı oğlan”, “Yük”, “Kiçik leytenant”, “Bağdada putyovka var”, “Cavid ömrü”, “Gürzə”, “Bir ailəm var” adlı film və seriallarda da müxtəlif rollar ifa edib.

***

Dilarə Nəzərovaya ən böyük uğuru "İtkin gəlin" serialında ifa etdiyi Siminbər rolu gətirib. Aktrisa həmin dövr haqqında danışarkən deyir:

“O dövr başqa dövr idi, bədii ədəbiyyata çox böyük həvəs var idi, hər bir əsər oxunurdu. Bundan əlavə də Əlibala Hacızadənin romanları çox sevilirdi. Serialın sevilməsinin başqa bir səbəbi də orada olan aktyor ansamblı idi. Bu seriala Kamal Xudaverdiyev, Məleykə Əsədova, Hicran Nəsirova, Laləzar Mustafayeva, Zemfira Nərimanova kimi aktyor və aktrisalar çəkilmişdilər. Rejissor Lütfü Məmmədbəyov gənclərə çox inanırdı, elə bunun nəticəsi idi ki, Kazım Həsənquliyev, Elşən Rüstəmov kimi gənclər məhz bu serialdan sonra tanınmağa başlandı”.

356373

Aktrisa bir dəfə ailə həyatı qurub. Bu evlilikdən onun iki qızı dünyaya gəlib. Ancaq ailə həyatında yaranan müəyyən problemlərə görə aktrisa həyat yoldaşı ilə yollarını ayıraraq qızları ilə birgə yaşamağa qərar verib.

***

Aktrisa müxtəlif dövrlərdə səhnədə ekstremal şəraitlə üzləşib. Bir dəfə "Dəlilər və ağıllılar" tamaşasının qastrol səfəri zamanı İsmayıllıda olanda, o tamaşadan bir gün qabaq tut ağacından yıxılır və cərrahiyyə əməliyyatına məruz qalır. Əməliyyatın səhəri günü bir əli gipsdə tamaşadakı rolunu oynayır. İkinci dəfə isə o, bir nağıl tamaşasında səhnədə küpəgirən rolunu oynayan zaman işıqlar keçir. Aktrisa vəziyyətdən çıxaraq balaca uşaqlara işığı sehrlə keçirdiyini deyərək roluna davam edir.

***

Aktrisa Dilarə Nəzərovanın yaradıcılığı boyunca ən böyük qonorarı çəkildiyi serialların birindəki obrazına görə 300 manat olub.

356374

Dilarə Nəzərova 2008-ci ildə AzTV-də yayımlanan “Gürzə” serialında canlandırdığı fahişə qadın obrazı açıq-saçıqlığı ilə diqqəti cəlb edib. Bu barədə aktrisaya sual verilərkən deyir:

“Aktyorun işi səhnədə olmaq, tamaşada, filmdə oynamaqdır. Onların işlərinə ancaq teatrşünaslar, kino tənqidçiləri qiymət verə bilər. “Gürzə” 2008-ci ildə çəkilmişdi. “Gürzə”də fahişə qadın Zibanı oynayırdımsa, “Ağ atlı oğlan”da Səidəni oynayırdım. Fahişə obrazını başıma çadra bağlayaraq, oynamalıydım?”

***

İyirmi ildən çox teatr səhnəsində olsa da, heç bir fəxri adı olmayan Dilarə Nəzərovanın özünün ən çox sevdiyi rolları "Ağ atlı oğlan" filmindəki Səidə, "İtkin gəlin" serialındakı Siminbər və nə qədər səs-küyə səbəb olsa da, "Gürzə"dəki Ziba obrazları olub.