Tək və ya az müəllifli elmi işlərin gələcəyi



 


Vüqar İsmailov:

Düşünürəm ki, atılmış bəzi addımlar və verilmiş bəzi qərarlar gələcəkdə bu cür elmi işlərin kəskin azalmasına gətirib çıxaracaq.

Yəqin aşağıda yazdıqlarımla hamı razılaşar:
1) AMEA hesabatlarda elmi işçilərdən məqalə, istinad istəyir və həmmüəllif sayına fikir vermir;
2) AAK elmi dərəcə üçün məqalələr, elmi ad üçün məqalə və ya h-index istəyir və məqalələrdə həmmüəllif sayına fikir vermir;
3) EİF nəinki həmmüəllif sayına fikir vermir, hətta individual elmi iş aparan və təkmüəllifli məqalələr çap etdirən alimlərin qrant layihələrinə individual şəkildə müraciət etməsini mümkünsüz edir (əvvəllər belə deyildi);

Əlbəttə, alimlərin elmi kollektivlər yaratması və birgə iş görmələri yalnız alqışlana bilər. Amma unutmaq lazım deyil ki, bu cür kollektivlər müəyyən məqsədə çatmaq üçün saxta yolla, formal şəkildə yaradıla da bilər..
Məsələn, əgər 5 alim ayrılıqda işləyirsə və müəyyən bibliometrik göstəricilərinə görə elmi ad və ya qrant ala bilmirlərsə, onlar formal olaraq "birləşsələr" (yəni hər biri digər 4-ünün adını öz məqaləsində yazsa), bu problemi asanlıqla həll edə biləcəklər. Çünki formal "birləşdikdən" sonra onların həm məqalə sayı, həm istinad sayı, həm də h-index-ləri 5 dəfə artmış olacaq.
Bəzi sahələrdə 10, 100, hətta 1000 həmmüəllifi olan məqalələr var. Bir çox belə məqalələrdə müəllif açıqlaması axırda verilir və hətta məqalənin özündən də böyük olur. Alim əməyi baxımından bu cür elmi məqalələrdə 1 alimin gördüyü iş, az həmmüəllifli məqalələrdə 1 alimin gördüyü işdən müəllif payı baxımından qat-qat azdır. Amma qoyduğumuz qaydalar bunu nəzərə alırmı?

PS. Alimlərin formal, yalançı birləşmələrinin və saxta yolla edilən məqalə, istinad, h-index artımının qarşısını almaq heç də çətin deyil. Əlbəttə, əgər əlaqədar təşkilatlar bunu həqiqətən istəsələr...

SeherXeber.org