Tarixin şəxsiyyətinə çevrilən qəhrəmanlar və şəxsiyyətin tarixini yazan şəhidlər-FOTO



 

Tarixin şəxsiyyətinə çevrilən qəhrəmanlar və şəxsiyyətin tarixinin yazan şəhidlər...                                      

Zəfər gününü bizə bəxş edən Tanrıya  şükürlər olsun! 2020-ci il sentyabr ayının 27-dən başlayan “Zəfər yolu” müzəffər Azərbaycan ordusu ölkəmizin Ali Baş Komandanın rəhbərliyi altında işğalçı ermənilərin hücumuna qarşı əks- hücum əməliyyatına başlayıb torpaqlarımızı kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər qəsbkarlardan azad etməyə başladı...

Müharibənin ilk günündən Ali Baş Komandanın tam qələbəyə inamlı çağırışı, zəfər ümidli müraciətləri bütün xalqımızı qəhrəmana çevirirdi. Qızıl hərflərlə yazılan 8 Noyabr tarixi Azərbaycanı uzun illərlə həsrətində olduğu doğma torpaqlara və əziz Şuşasına qovuşdurdu...

Niyə məhz 8 noyabr?!Çünki 8 mayda Şuşa 28 il əvvəl işğal olunmuşdu...

Yenidən xarı bülbülün ətri gəldi...Sanki havalandı Xanın səsi,Qarabağın şikəstəsi...

Təzədən Cıdır düzündə tonqallar qalandı...Belə ki, Lerikin Veri kəndindən olan mayor Zaur Rəhimovun Şuşanın azadlığı haqqında müjdəsini Ali Baş Komandana raport edəndə sevinc göz yaşlarımızı saxlaya bilmədik.Müzəffər ordunun komandanı Ali Baş Komandanın mədəniyyətimizin incisi Şuşa haqqında “Əziz Şuşa, biz qayıtdıq!Əziz Şuşa biz səni dirçəldəcəyik!” böyük qürur və  hiss-həyəcandan doğan, bizə sonsuz sevinc bəxş edən sözləri televiziyadan dinləyərkən keçirtdiyimiz sevincli,fərəhli duyğular heç vaxt yaddaşımızdan silinməz.

Zəfərə aparan 44 günlük müharibədən sonra 8 noyabr tarixi Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi şanlı Qələbə Gününə çevrildi. Azərbaycanda güclü “prezident-xalq-ordu” vəhdəti bu təzyiqləri dəf etməyə imkan verdi. Azərbaycan Respublikasının Prezidenti xalqının qürurunun tapdanmasına imkan vermədi. Azərbaycan əsgəri və şəhid Xudayar demişkən “dastana dönən  qəhrəmanlar” canı-qanı bahasına torpaqlarımızı azad etdi.Bütün bu mənzərə Azərbaycan Respublikasının Prezidentinin mürəkkəb maneələri, prinsipiallıq və qəti iradə nümayiş etdirərək güc mərkəzlərinin təzyiqlərilə mətinliklə dəf etdiyini aydın göstərir.

Azərbaycan Ordusunun Vətən müharibəsində 44 günlük zəfər yürüşü zamanı dünya hərb tarixində açdığı yeni səhifədən biri budur ki, Azərbaycanın 400 nəfərlik rəşadətli döyüşçüləri Şuşada möhkəmlənmiş üç mindən çox erməni elit hərbi hissəsini qaçmağa məcbur etdi.Təbii coğrafi istehkam olan Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir.

Bunu da qeyd edək ki, qəhrəman Azərbaycan əsgərləri kiçik qüvvə ilə Zəngilanı azad etmişdir, hətta Cəbrayılda erməni zabitləri öz əsgərlərinə döyüşməyin mənasız olduğunu deyərək qaçmışlar.O da faktdır ki, Hadrutda 30 nəfərlik xüsusi təyinatlı dəstəmiz 1500 nəfər erməni muzdlusunu qaçmağa məcbur etmişdir. Azərbaycan əsgəri  yaralı döyüş yoldaşlarını çiynində daşıdığı halda (Qazi Hüseyn Xəlilov) ermənilər yaşlı qocaları da qoyub qaçmışlar. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur,  planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi (pua,dron,harop və s...) əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu.

Nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Bu qələbə azərbaycanlılar haqqında yayılan məğlub  xalq sindromunu sındırdı, xalqın əvvəlki inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Ümummilli lider Heydər Əliyev deyirdi ki, hər bir vətəndaş ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında təfəkkür etsin!

Ali Baş Komandanın 30 il davam edən erməni işğalına qarşı başlatdığı, 44 gündən sonra, noyabr ayının 10-da zəfərlə başa çatdığı Vətən müharibəsi nəinki vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin böyük siyasətinin ümdə tərkib hissəsi olan dövlətçiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. Ölkədəki və onun hüdudlarından uzaqlardakı böyük və sarsılmaz gücümüzü real təcrübədə gördük. Yaddaşımızda babalarımızın “El gücü, sel gücü”, “El bir olsa dağ oynadar yerindən” deyimləri  əməl müstəvisində yeniləndi, azadlıq müharibəmiz xalqımızın min illərdən süzülüb gələn azadlıq uğrunda mübarizə ruhunun imtahanı oldu.

Prezidentimizin  düşmənin başı üstündə Damokl qılıncı kimi tutdugu və talış, udin, ləzgi, tat, rus, xınalıq, türk və sairə xalqların milli birliyindən yaranan “Dəmir yumruğ”unu xalqımızın  güc simvoluna çevirdi. Bu 44 gündə bütün ölkə vətəndaşları bölgəsindən asılı olmayaraq qarabağlı idi. Xain düşmənin bombaladığı Tərtərin (17 nəfər dinc sakin), Gəncənin (27 nəfər dinc sakin) Bərdənin(27 nəfər dinc sakin) dinc sakinlərinin şəhadətinin dərdini hamımız çəkirdik. Onlar da “canımız, ev-eşiyimiz əsgərlərimizə qurbandır, təki yurdumuzu mənfur düşməndən azad etsinlər” deyirdilər. Əsgərimiz necə qeyrət, şücaət göstərirdisə, arxada bütün xalqımız da elə səbr, təmkin qələbəyə inam nümayiş etdirirdi. Tarixi qələbəmiz bu baxımdan mənəvi dünyamızı da çox zənginləşdirdi. Xalqın dövlətə və dövlətçiliyə bağlılıq telləri daha da möhkəmləndi. Qələbəmiz birliyimizin yenilməz gücünü ortaya qoydu. Ölkəmizdə ümumi səfərbərlik elan edilməsə də, hər kəs yaşından və cinsindən asılı olmayaraq bu Vətən müharibəsində könüllü səfərbər idi. Vətəndaşlarımız ailəliklə vuruşurdu, qəhrəmanlıqla şəhid olurdu, iki oğlu olan və hər ikisini qurban verən (Bəhram və İman Məmmədzadələri fəda edən Elman atanın,Altay və Elgün Mövlanovlar qardaşlarını fəda edən Tahir atanın) valideynlərin,habelə  evin tək övladını fəda edən valideynlər (Mistan kəndində yeganə övladları Çingiz Babayevi fəda edən Sulduz ata və Camaşair kəndindən olan və yeganə övladı fəda edən  Mikayılzadə Rəşadın atası İlham ata və başqaları) əri və oğlu şəhid düşən ana mərdanə dayanıb “Vətən sağ olsun” deyirdi.

Qəhrəmanlıqla şəhid olan qardaşını və həyat yoldaşının tabutunu çiynində daşımaqla ona son vəfa borcunu verən gənc xanım(Şərurun Ələkləi kəndindən olan və şəhid Elton Qənbərlinin bacısı,şəhid Adil İbrahimlinin həyat yoldaşı Nargül İbrahimli)qəddini dik tutub “Canımız Vətənə fəda” deyirdi. Yeri gəlmişkən bu tarixi qələbəmiz yalnız bizləri deyil, Vətənin azadlığı üçün öz qələmləri və çağırışları ilə qəhrəmanlıq və qələbə ruhunu illər boyu xalqımıza təlqin edən, vətən davasına çağırışlı şeirləri və əsərləri ilə xalqımızın tarixi yaddaşında daimi yerlərini almış Xəlil Rzanın, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Qabilin və onlar kimi nə qədər torpaqlarımızın azadlığını görmədən bu dünyadan nisgilli köçən fikir və sənət adamlarımızın ruhunu da sevindirdi.

Təbiidir ki, qələbələr bir qayda olaraq qəhrəmanlıq dastanları yaradır. Belə dastanlar da yeni nəsilləri hər zaman, hər işdə qələbəyə ruhlandırır. Qəhrəmanlıq dastanlarında milli-fəlsəfi qayə xüsusilə qüvvətli olur. Hüseyn Cavid “Bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir” dediyində nə qədər haqlı imiş. Biz indi bu günədək vətənsevərlik sahəsində “külüng” vuran bütün yaradıcı şəxsiyyətlərimizin, müəllimlərimizin, milli qeyrətli dövlət və siyasət xadimlərimizin zəhmətlərinin hədər getmədiyinin şahidi oluruq, bu fəaliyyətlərin bəhrə verdiyini məmnuniyyətlə seyr edirik.

Qələbə Vətən üçün ümummilli iftixar hissi yaradır. Məmməd Arazın “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” misraları qəlblərə və zehinlərə nüfuz edir. İndi Ulu öndərin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı daha iftixarla səslənir. Çünki azərbaycanlı olmaq qalib olmağı zəruri edir.

Aydın dərk edilmiş və mübarizədə bərkimiş vətənpərvərlik isə insanı hər zaman qəhrəmanlığa, şərəfli ömür sürməyə və əməli ilə vətəni, dövləti şərəfləndirməyə sövq edir.Əminik ki, 44 gündə ruhumuza hakim olan  həmrəylik və möhkəm birlik vətənimizin bundan sonra da etibarlı müdafiəsində və qarşıdakı genişmiqyaslı quruculuq işlərində öz bəhrəsini verəcək,çünki artıq azad Vətəndə tikib-qurmaq vaxtıdır!Biz də bir müəllim kimi həm şəhidlərimiz və qazilərimizlə fəxr edirik ,həm də ermənilərin belini qıran və Ali Baş Komandanla millətin vəhdətindən(talış, tat, udin, ləzgi, türk, rus, xınalıq və başqa xalqlardan təşkil olunmuş) doğan  “Dəmir yumruq”dan qürur duyuruq. Dövlət o zaman möhkəm olur ki, güclü lideri olsun! Güclü lideri də məhz güclü xalq meydana çıxarır.

Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca gedir. Azərbaycanın qədim və vətənpərvər sakinlərindən olan leriklilər bu mübarizədə kənarda qalmadılar. Azərbaycan hərb tarixinə 3 general (Ağacan bəy Nurullabəyov, Mirağa Cəfərquliyev və Mübariz Rzayev) və  ilk kontr-admiral( Rafiq Əsgərov), habelə 5 nəfər Milli qəhrəman (Valeh Müslümov, Əsgər Əliyev, Fəxrəddin  Şahbazov, Rövşən Abdullayev  və Fərhad Ağayev.),1 nəfər Vətən Müharibəsi Qəhrəmanı(mayor Amid Rəbbil oğlu Heydərov) bəxş edən Lerik Birinci Qarabağ savaşında 129 nəfər şəhid verib və 22 nəfər sakini düşüb! Şəhidlik məqamına ucalanlardan  4 nəfər igid  Çayrud kəndindəndir: Elşən Səfərov, Mübariz Ziyadov, Zamir Tağıyev, Famil Canıyev. 44 günlük Vətən müharibəsində Lerikdən 60 nəfərdən çox şəhid olub ki ,şəhadət şərbətini nuş edib ölməzlik qazanan qəhrəmanlardan 2 nəfəri Çayrud kəndindəndir:Həmidli Cavanşir Namik oğlu,Hüseynov Cavad Cavid oğlu. Lerik rayonunun sakinləri hələ Böyük Vətən Müharibəsində də qəhrəmanlıq nümayiş etdirmişlər. Faşizmlə mübarizədə 6500 lerikli iştirak etmiş, onlardan 1584-ü qəhrəmanlıqla şəhid olmuşdur.Dünya hərb tarixində iz qoyan bu müharibədə 130-a yaxın çayrudlu iştirak etmiş və onlardan 60-dan çoxu şəhid olmuşdur.

P.S.Bu zəfər bizə şəhidlərin qanı,qazi və veteranların canı ,Ali Baş Komandanın siyasəti nəticəsində  qismət oldu.Şəhidlər ölməz!Bayraqlar enməz!Vətən bölünməz!

Tədqiqatçı-filoloq, AJB-nin üzvü Qədir Atamalı oğlu Kərimov

SeherXeber.org