Belə kollektivdə necə calışırsız? -  sualına professorun cavabı



 

İdris Abbasov:

Biri var eşidəsən, biri də var gözünlə görəsən. Cətin məsələdi.
Bəli, onlar kimi olmadan, yəni alver, alıb-aldatmaq, “adam yediyi qaba tüpürməz” təfəkkürü ilə, elm bir yana qalsın, millətə, dövlətə ziyan vuran halların ört-basdır edilməsinə enerji sərf edən, saxtakarlığa, oğurluğa haqq qazandıran, elementar dövlətçilik şüuru olmayan bir  kollektivdə çalışmaq əsəbləri, sağlamlığı korlamaq, ömrü məhv etmək deməkdir.

Onlar kimi olmamaq ailə-uşağı ilə bərabər maddi məhrumiyyətlərə, evsizliyə, təminatsızlığa, müalicəsizliyə, ortaya qoyduğun fundamental işin müqabilində akademşəbəkənin “tərifləri”nə və təzyiqlərinə, psixoloji təsirlərinə məruz qalmaq deməkdir.

Soruşa bilərsiniz ki, bəs niyə çıxıb getmirsiniz?
Batıb qalmışınız həya qılıncını sıyırıb qəhqəhlə üstünüzə  gələn akademşəbəkənin yaratdığı bataqlıqda.
Bəli, bataqlıqda batıb qalmışam. Görünür, köməksiz,  imkansız çətin olur. Bir də Allah bir adama neçə qabiliyyət verməlidir ki, şərin çoxşaxəli hücumlarının öhdəsindən gələsən?! Çoxdurlar, həmrəydirlər. Hələlik mənim kimiləri birbaşa vurub öldürmələri sərf etmir onlara. Beləcə xəfif təzyiqlərlə müəyyən müddət ərzində sıradan çıxarmağı ən optimal variant hesab edirlər. Müstəqbih intellektual sürü psixologiyalı bu şəbəkə bir kəsin sosial minimumlarını təmin etmək üçün vicdansız, ləyaqətsiz, şərəfsiz, satqın, xain, yaltaq, məddah və s. kimi keyfiyyətlərə sahib olmasını alternativsiz şərt kimi irəli sürürlər.
Ğzümə gəlincə, dörd divar arasına qısılıb gücümün yetdiyi qədər  ümid çırağını sönməyə qoymuram. Hələ ki, alternativ iş variantım yoxdur. Səhhətimi azca qaydaya sala bilsəm, halal əməyə qiymət verən məmləkətlərdə iş olduğu təqdirdə tərəddüdsüz gedib çalışar, ailəmin güzəranını təmin edərəm, hərçənd ki, yaşım və fiziki sağlamlığım yetərli deyil. Zatən bu amillər bir az mane olur, amma yenə də işləyər və bilərəm ki, halal qazancımla uşağın təhsilini təmin edə biləcəyəm. Qoy bu ölkədə adını alim-akademik qoymuş rüşvətxorlar, talançılar, vicdansızlar, qaniçənlər, irinlə qidalanan insanlıq düşmənləri cah-cəlal içində yaşayıb mənim kimi milyonları didərgin salsınlar, özlərini və əhli-əyallarını millətin qanını içməyə öyrətsinlər. Siyasi iradənin olmadığı yerdə mənim kimi quru nəfəsi gedib gələn bir vətəndaşın əlindən nə gəlir ki beləcə yazmaqdan savayı? Çarəsizik.
Bəli, gözümlə gördüklərimi yazmağım son təsəllimdir, çünki bu yazdıqlarıma görə hansısa vicdansız və vecsiz akademşəbəkə üzvünə, dağıdıcı qüvvələrə gözün üstə qaşın var deyən yoxdur. Yeyib harınlamış şəbəkə üzvlərinin aldıqları tibbi dəstəyin 10 faizini də ala bilmirik. Bir para mənliksizlərin əlindən “Harada dayanar, dayansın” prinsipi üzrə yaşayırıq. İnsan həyatı it həyatında qiymətsiz olub. Yaşamırıq, zülm çəkirik. Sahibimiz, yiyəmiz yoxdur sanki.
Elmi dərəcə və titullarla bəzədilmiş, millət balalarını şikəst edən, onları yaltaqlığa və mənəviyyatsılığa alışdıran, məmləkəti total tənəzzülə uğradan, düzlükdən danışıb düzlüyün onurğasını sındıran çəyirtkə xislətli namussuz, yaltaq, simasız və qansız alim-üləmalar – elmlər doktorları, dosentlər, pula, mənsəbə ləyaqətini satan riyakar, fürsətcil professorlarla təmasda olmağın mənasızlığı hər addımda üzə çıxır. Onlar murdarlığın özüdürlər.
Ölkənin taleyini hərraca qoyan bu alimizm tör-töküntüləri xalqı hələ çox rəncidə edəcək, tərəqqinin kökünü kəsəcək.
Mənliyi axtalanmış bu zatlar içərisində, sözün əsl mənasında, çalışmaq, yəni işləmək, dövlət, millət naminə faydalı addımlar atmaq çox çətin və məşəqqətli bir fəaliyyət növüdür.
Açıq etiraf edim ki, tədqiqatımın müstəqil xarakterli olması, ictimaiyyətin sağlam kəsimi tərəfindən müəyyən qədər dəstəklənməyim  məni vicdana “əlvida” demiş “kollektiv”lə işləmək əzabından qismən  xilas edir, amma bu, onların elmi mühitdə və ümumən ölkədə yaratdıqları mənfi auranı istisna etmir...

İmkansızlıqdanmı, bacarıqsılıqdanmı, yoxsa səhhəti problemlərdən və ya əfəllikdənmidir, bilmirəm, amma onu bilirəm ki, elmə töhfə vermiş bir alim kimi Vətənimdə zillət içində yaşayıram,  məhrumiyyətlər içiərisində qıvrılanlardanma. Yaltaqlıq, vicdansızlıq, riyakarlıq, rüşvətxorluq, alıb-aldatmaq, cibgirlik, büdcəgirlik şəxsimə aid olmayıb və bu yaşdan sonra da olmayacaq. Ona görə də, son sığınacağım Uca Rəbbin dərgahıdır!

SeherXeber.org