İran molla diktaturasında fikir ayrılıqları güclənir - II yazı



 

Siracəddin Hacı:
- Birinci yazımda dedim ki, İran dərin siyasi, iqtisadi, dini, etnik böhran içindədir, əsas səbəb zülm, səbəbkar molla diktaturasıdır. Rejim vəziyyətdən çıxmaq üçün şiddət yolunu seçdi, bu addımları atdı: zorakılıq tətbiq etdi, edir, edəcək, İranın xarici düşmənləri var tezisini önə çıxartdı, üsyançılarla xarici düşmənlər arasında bağ qurdu, xalqı İran dağılar şüuarı ilə qorxutmağa çalışdı, Azərbaycanı düşmən elan etdi, onunla siyasi, fikri savaşa girdi, Rusiya ilə əlaqələrini gücləndirdi...;
- Üçüncü aydır ki, davam edən üsyan bu nəticələrə yol açdı:

1) İran İslam Respublikası, molla rejimi yenilməzdir fikri çökdü;

2) molla rejimi əbədidir anlayışının heç bir anlamı qalmadı – Hitler də 1935-ci ildə deyirdi ki, Reyx min il davam edəcək, ömrü on il oldu;

3) molla diktaturasının qorxusu sındırıldı;

4) üsyan qadın hərəkatı, qadın haqları uğrunda mübarizə kimi başladı, bu, İran tarixində bir ilkdir;

5) İranda ilk dəfədir ki, kişilər qadınların haqlarını müdafiə edirlər;

6) molla rejiminin xurafələrə bağlı din anlayışı sıradan çıxdı, dini şuarların xalqı sakitləşdirməyə gücü çatmadı;

7) xalqla rejim arasındakı bağ qopdu;

8) üsyan uzun çəkdi, qanlı oldu;

9) milli kimliklərin haqları önə çıxmağa başladı;
- Molla diktaturasının sərt üslubu ciddi nəticələr vermədi, rejim yenidən mühafizəkar – liberal ölçüsünü gündəmə gətirdi, mühafizəkarlar qorxudacaq, liberallar ümid verəcək, xalq qorxu ilə ümid arasında tutulacaq, nəticədə, parçalanacaq, gücü azalacaq, bu yolla da rejim vəziyyətə nəzarət imkanı qazanacaq. Mühafizəkarlar qorxudacaq – 217 millət vəkili müraciət qəbul etdi ki, üsyançılara edam cəzası verilsin, onlardan 5 nəfər edam olundu, hələlik 5 nəfəri edam etdilər ki, xalqın reaksiyasını yoxlasınlar, edam olunanların cinayəti budur: Allaha düşmən olmaq – molla rejiminə düşmən olmaq Allaha düşmən olmaqdır, yer üzündə fəsad çıxartmaq;
- Liberallar da islahatlarla ümid verməyə başladılar, rejimi tənqid etdilər, islahatçıların ən önəmli liderlərindən biri keçmiş prezident Xatəmi rejimə sərt sözlər söylədi. Molla rejimi öz içərisindən də liberal qanad formalaşdırmağa başladı, parlamentin sədri Məhəmməd Bağırı önə sürdü, onun dili ilə ciddi islahatlar olacağını dedi, deyir;
- Mühafizəkarlarla liberallar arasındakı fərqləri belə sıralaya bilərəm: mühafizəkarlar İrandakı üsyanın kökü xaricdədir deyirlər, liberallar içəridə ciddi sıxıntılar olmasa, xarici gücün təsiri olmaz deyirlər, mühafizəkarlar inqilabın dəyərləri qorunmalıdır deyirlər, liberallar ciddi islahatlara ehtiyac olduğunu bildirirlər, mühafizəkarlar deyirlər ki, islahat rejimi də, İranı da yox edər, liberallar deyirlər ki, islahat olmasa, İran da, rejim də qalmayacaq, böyük dəyişim qatarı sürətlə gəlir, önündə dursanız, əziləcək, arxasınca qaçsanız, çata bilməyəcəksiniz, ən doğru yol dəyişim qatarına minməkdir, mühafizəkarlar dünya bizə düşməndir deyirlər, liberallar dünya ilə dil tapmalı, blokadadan çıxmalıyıq söyləyirlər, mühafizəkarlar Azərbaycan adlı dövlət, xalq yoxdur, onun varlığı İrana təhlükədir, onu əzməliyik deyirlər, liberallar İranın fərqli etnik kimliklərdən təşkil edilmiş dövlət olduğunu deyirlər, Azərbaycanla ölçülü siyasət qurmalıyıq, yoxsa xalq üsyanı milli kimlik məsələsinə çevriləcək ölçüsünü qoyurlar, mühafizəkarlar Rusiyanı İranın müttəfiqi sayırlar, Ukrayna savaşında Rusiyaya yardım edirlər, liberallar deyirlər ki, İranın xarici siyasətini zəifləyən Rusiyaya bağlamaq İrana faciə gətirəcək, onu dünyadan qoparacaq, İran Pakistan, Əfqanıstan, Türkiyə, Azərbaycan və ərəb dünyası ilə qonşudur, öncə onlarla münasibətini normallaşdırmalı, sonra Avropa ilə əlaqə qurmalıdır, mühafizəkarlar deyirlər ki, qadınlarla bağlı qadağalar davam etməlidir, liberallar deyirlər ki, qadınların geyimi ilə bağlı qadağalar qalsın, ancaq kimin necə geyinməsinə göz yumaq, onlara haqlar verək, qadınlar stadiona getsinlər, sosial yardımların miqdarını artıraq, dövlət işlərində qadınlara daha çox yer ayıraq...
Ardı var...

SeherXeber.org