Gizir İlkin Kazımov



 

Kamalə Abiyeva

İlkinin ilki Nazlımı qucağında oxşayaraq " Böyüyərəm hərbiçi olaram, atamı əvəz edərəm. İlham babanın (Ali Baş Komandan İlham Əliyevi nəzərdə tutur) əsgəri olaram. Yaxşı vəzifəm olar. Vətənə xidmət edərəm. - söyləyirdi Xanməmməd babası. Şəhid olan yeganə oğlunun qız övladı Nazlıma Vətən əsgəri kimi baxırdı böyük ürəkli ata. – Avqustda qızının ad günündə gəlmişdi. Demə son gəlişi idi. Tez-tez danışırdıq telefonla. Sentyabrın 26-da danışdıq. "Uşaqlardan muğayat ol” dedi. Demə bu da son zəngiymiş... Arada ata göz yaşını gizləyə bilmir. - Məktəb illərindən hərbiçi olmağı arzulayıb. Hamıya "Hərbiçi olacam. Torpaqlarımızı azad edəcəm” – deyərdi. "Allah xeyir versin”- deyirdim. Nə deyim? Arzusuydu. Həqiqi Hərbi xidmətdən sonra yenidən getdi xidmətə. "Gizir kursu”nu oxudu. Hərbidə qaldı.- dedi ata. – Ondan soruşardım ki, axı sənin işin nədi, neynirsən? Elə cavab verərdi ki, bayrağa and içmişəm, işlərim haqda heç nə deyə bilmərəm. Bizə heç nə deməzdi. Müharibə başlayandan hücumda olub. Kənddə başqa yerdəydim. Dedilər "evə get, İlkin gəlib”... O yol qurtarmadı mənim üçün, ölüm haqda düşünmək istəmirdim, amma havam çatmırdı. Bir də şəhid kimi döndü doğulduğu kəndə.

İlkin Xanməmməd oğlu Kazımov 1995-ci il avqustun 4-də Astaranın Artupa kəndində doğulub. Yaqub Ağayev adına Artupa kənd məktəbində təhsil alıb. Hələ şagird ikən hərbiçi olmağa qərar verib. 18 yaşından Vətənə xidmət edib. 8 il ləyaqətli vətən keşikçisi - Azərbaycan Silahlı Qüvvələrinin Quru qoşunlarının giziri olub.

Anası Həlimə xanım deyir ki, hərbiçiydi, narahat olurdum. Həmişə məni sakitləşdirərdi. Ana, sən narahat olma, bu torpaqdı, vətəndi, müharibə olsa, birinci gedəcəm. Mən getməyim, o getməsin, bəs necə olsun? Torpaqlarımız ermənidə qalsın? Mən burda rahat yaşaya bilmirəm onsuz da. Şəhid də ola bilərəm. Şəhid olsam, ağlama. Məni bu fikrə alışdırırdı balam... Müharibədən əvvəl 8 günlüyə məzuniyyətə gəlmişdi. 3 gün qalandan sonra dedi ki, gedirəm. Dedim nə olub ki, gedirsən. Bir problemmi var? "Ana, sənin oğlun elə bir hərəkət etməz ki, sən narahat olasan. Sən həmişə başı dik gəzəcəksən oğluna görə. Həmişə deyərdi ki, mən hərbiyə torpaqları azad etməyə getmişəm. Məzuniyyətini axıra kimi qalmadı. Vətəni hamıdan çox sevirdi”-dedi anası Həlimə xanım.

Son günəcən müharibə olacağını deməyib. 27-də səhərə yaxın həyat yoldaşı Aysel xanımla danışıb: Özündən, qızımdan muğayat ol. Əgər oğlum olsa, adını ilkin, qızım olsa İlkinar qoyarsan, Heç nə deyə bilmədim. Dilim söz tutmadı... Üstümə bir ağırlıq çökdü. Hiss etdim ki, vəsiyyət edir. Son arzusunu, vəsiyyətini yerinə yetirdim. İlkinin heç vaxt görməyəcəyi qızımızın adını İlkinar qoydum...

Üç medalla təltif olunan şəhidimizin övladı dünyaya gəldi - Foto

Vətən azadlığı uğruna gedən savaşın ilk şəhidlərindəndi İlkin Kazımov.Suqovuşan uğrunda Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırıqlarını 

yerinə yetirən zaman şəhid olub.

"Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə”, "Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Nurlanın ilki hələ dil açmayan Nazlımın atasının şəklini görərgən işıq saçan gözləri, şəkli balaca dodaqlarına aparmasını unuda bilmirəm. Üzündəki sevinci unuda bilmirəm...

Ürəyimdən bir arzu keçir: Kaş şəhid balalarının gözləri həmişə belə işıq saçsın. Üzlərindəki sevinc azalmasın. Kaş ki, bu işığı, bu sevinci qoruya bilək.

SeherXeber.org