Məktəbdə direktor aparıcı simadır
Dos.İlham Əhmədov
Böyük Azərbaycan maarifçisi, akademik Mehdi Mehdizadə "Azərbaycan xalq maarifinin sürətli inkişafı” əsərində yazırdı: "Məktəb direktoru - bu məsul vəzifə bir çox ixtisası özündə birləşdirir. O, müəllimi, metodisti, dövlət inspektorunu, təsərrüfatçını, tədris prosesi təşkilatçısını, yaşlı və uşaq kollektivləri tərbiyəçisini bir şəxsdə birləşdirməlidir.”
Bəli, məktəbdə təlim-tərbiyə prosesi məktəb direktorunun şəxsiyyətindən, pedaqoji təcrübəsindən, peşəkarlığından, savadından və dürüstlüyündən çox asılıdır. Bu səbəbdən də məktəb direktoru məhz pedaqoq olmalıdır. Müvafiq olaraq məktəb direktorunun aldığı məvacib də daşıdığı məsuliyyətə və zəhmətinə uyğun olmalıdır.
Bu yaxınlarda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət ümumtəhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digərdövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında” Qərarına əsasən 865 nəfər məktəb direktorunun, 2343 nəfər direktor müavininin vəzifə maaşına əlavələrveriləcək.
Yeni təlimata əsasən məktəb direktorlarının maaşına əlavə, şagirdlərin sayı ilə müəyyən edilir, bunun tədrisin keyfiyyətinə heç bir təsiri olmayacaq. Bu məktəb direktorlarının öz vəzifəsinin keyfiyyətli icra etməsinə stimul yaratmayacaq. Qərara görə 2500 nəfərədn çox şagirdin oxuduğu məktəbin direktorunun maaşına 1500 manat əlavə ediləcəkdir. Bu meyar hesab edirik ki, çox da uğurlu meyar deyil.
Məktəb direktorlarının maaşına əlavə, məktəbdə təhsilin keyfiyyəti ilə yox, şagirdlərin kəmiyyətilə müəyyən edilirsə, bunun tədrisin keyfiyyətinə heç birtəsiri olmayacaq. Bu məqsədlə keyfiyyətə bağlı meyarlar seçilməli idi. Digər tərəfdən bizim reallıqda direktor təyinatı qabiliyyətə görə yox, çox vaxt dost-tanış, qohum, yerli v.s. amillərə görə aparılır.
TƏKLİF EDİRİK Kİ, ÖLKƏDƏKİ MƏKTƏBLƏRİN REYTİNQLƏRİ MÜƏYYƏN EDİLSİN VƏ MƏKTƏB DİREKTORLARININ MAAŞI BU ƏSASDA TƏYİN EDİLSİN.
Təklif edirik ki, yeni yaradılacaq məktəb Reytinqsisteminin əsas tələblərindən biri məktəbdə dərsədavamiyyət olsun. Yəni, bütün şagirdləri (1-11-ci sinif) həftədə 5 gün, gündə 6 saat məktəbdə dərsdə olmalıdırlar. Bu məktəbin daxili intizam qaydasıdır. Bizdə hələlik distant orta təhsil yoxdur.
Şagirdləri məktəbə yığa bilməyən direktor necə yaxşı direktor hesab edilə bilər? Niyə ona maaş, hələ üstəlik maaşa əlavə də verilsin? Əgər məktəbin yuxarı siniflərində kütləvi şəkildə dərslərdən yayınma halları varsa (hər halda son 25 ildə belə olub), deməli bu məktəbdə yuxarı siniflərdə dərslər keçirilməyəcək, amma jurnallar yazılacaq, maaş da kimlərinsə cibinə gedəcək ?!
Repetitorluq artıq "xərçəng" kimi bütün təhsil sisteminə metaztaz verib. Məktəb direktoru, ya məmurlar buna “göz yumursa”, deməli öz işinin öhdəsindən gələ bilmirlər.
Bəli, təhsili düzəltmək istəyiriksə, ilk növbədə məktəb öz vəzifəsini tam icra etməlidir. Yoxsa vurhavurla savadlı müəllimləri imtahan edək, məktəbə yığaq, amma uşaqlar məktəbə gəlməsin. Onda bu seçimin təhsilə, onun keyfiyyətinə nə faydası oldu? Bəs MİQ, DQ, DİQ, SERTF. nəyə lazımdır? Saxta diplomlu müəllimləri sertifikasiya yolu ilə ifşaetməkdənsə, əvvəlcə saxta “ təhsil prosesini” ifşa edək.
Ölkədə təhsilin, tərbiyənin vəziyyətinin düzəldilməsinə ilk addım kimi məhz bundan başlamalıyıq. Vəziyyəti düzəltmək istəyiriksə, məktəbi məktəb halına gətirməliyik. Dövlətin rəsmi məktəbini, uşaqların təhsil hüququnu, rəsmi təhsili kölgədə saxlayıb, kölgə təhsili yaratmaq, bu yolla biznes qurmaqla, kimlərinsə külli miqdarda pul qazanması və eyni zamanda təhsili inkişaf etdirmək mümkün deyil.
Ölkədə 30 ildir repetitorluq baş alıb gedir, artıq bugün 70 % məzun qəbul imtahanlarında 150 balldan aztoplayır, nəticə isə ilbəil enir. 4 ildən sonrauniversitetlərə 75 min qəbul planı olacaq, deməli onda 50 ball kifayət edəcək tələbə olmağa?
Onda bəlkə universitetlərə qəbul imtahansız olsun? Xalq da 50- 100 balldan ötəri bu çətin iqtisadi vəziyyətdə repetirorlara pul səpələməsin illərlə.
Vətəndaş vergi verir ki, övladı pulsuz təhsil alsın, bəs onda niyə valideyn ildə 5 min manat hər övladına görə repetitorlara pul verməlidir?
Əgər reytinqlənmə sistemi yaradılarsa və düzgün tətbiq edilərsə, təhsildə az vaxtda çox şey dəyişə bilər. Bu zəncirvari prosesdir, onun bütün həlqələri möhkəm olmalıdır. Nazirliyin funksiyası isə bu prosesi normal təmin etmək olmalıdır. Mərkəzdə və regionlarda 1000 nəfərdən çox təhsil məmuru, 160 minə yaxın təhsil işçisi var, təbii ki, lazım olsa 4500 məktəbdə reytinqləmə işini qurmaq olar. Növbəti mərhələdə bu işi avtomatlaşdırmaq da mümkündür.
Nazir tez tez çıxışlarında deyir ki, problemləri qaldırın, təkliflər verin. Biz də problemi qaldırdıq, təklifi də verdik. Əgər ETN məktəblərin belə bir reytinq sistemini hazırlamaq istəsə, onlara məsləhət verməyə də hazırıq.
SeherXeber.org