Videoları yayılan FHN-nin polkovnikini hansı cəza gözləyir?



 

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyev həbs edilib.

SeherXeber.org xəbər verir ki, o, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Zaur Mirzəyevi ittiham olunan maddələr üzrə nə qədər həbs gözləyir? Məsələ ilə bağlı BAKU.WS-a danışan vəkil Vamiq Şükürov bildirib ki, FHN polkovnikinin həbs müddəti onun ittiham olunduğu maddələrin neçə faizinin sübuta yetiriləcəyindən asılı olacaq: 

"Zaur Mirzəyevə qarşı qeyd olunan maddələr üzrə cinayət işinin açılması üçün qanunda bir qayda olaraq zərərçəkənin şikayəti tələb olunur. Bu hadisədə neçə qadının şikayətçi olması isə hələlik məlum deyil. Digər tərəfdən dövlət və cəmiyyətin mənafeyi tələb olunarsa prokurorun hüququ var ki, onun təşəbbüsü ilə cinayət işi açılsın".

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin ittiham olunduğu maddələr bunlardır:

156.2.1. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 242. Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma

Pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

309.2. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.