Azərbaycan kinosunun yaranmasının 124 illiyi və Azərbaycan Kinosu Günü ilə əlaqədar olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda açıq havada kino nümayişi təşkil olunub.
SeherXeber.org xəbər verir ki, tədbirdə mədıniyyət naziri Anar Kərimov, Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev, tanınmış rejissor Vaqif Mustafayev, kino ictimaiyyəti və həvəskarlar iştirak edib.
Tədbiri giriş sözü ilə açan Anar Kərimov bildirib ki, Mədəniyyət Nazirliyi iki ildir ard-arda açıq havada kino nümayiş etdirir.
“Artıq kinomuz 124-cü ilini yaşayır. Bu, fəxr ediləsi bir rəqəmdir. Dünyada belə zəngin tarixi olan ölkələr azdır. Biz fəxr edirik ki, 124 il ərzində Azərbaycan kinosu inkişaf tarixi yaşayıb. Bizim kinolarımız cəmiyyətin inkişafında böyük rol oynayıb. Məncə bu gün kinomuz intibah dövrünü yaşamaqdadır. Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Kino Agentliyinin Yaradılması da milli kinomuzun rəqabətli olmasına təkan verəcək. Kinomuz bizim sərvətimizdir. Onu qorumaq hər birimizin borcudur. Çalışacağıq ki, kinomuzun inkişafı üçün əlimizdən gələni edək. Bu il kinomuza ƏDV daxil olmaqla 6,5 milyon manat vəsait ayrılıb. Bu vəsait hesabına yeni və maraqlı filmlərin çəkilməsi istiqamətində işlər aparılır”,-deyə Anar Kərimov qeyd edib.
Tədbirdə Nazirliyin keçirdiyi “Böyük Qayıdış” qısametrajlı film layihələri müsabiqəsinin qalibləri olan “Arxa cəbhə” (rejissor Gülay Babayeva), “Böyük Qırmızı Ev” (rejissor Leylaxanım Qənbərli”), “Hasar” (rejissor Qulu Əsgərov) filmlərinin, eləcə də Daşkənd Beynəlxalq Film Festivalının mükafatçısı olmuş “İki Yol” (rejissor Səddam Mehtiyev, Murad Hüseynov) və “Orrizuru” (rejissor Nihad J., Elgün Quliyev) qısametrajlı filmlərinin “Gənc Azərbaycan Kinosu Proqramı” çərçivəsində nümayiş olunub.