Ukrayna Rusiyanın raket hücumlarına görə ATƏT-in növbədənkənar iclasını çağırır



 

Ukrayna Rusiyanın raket hücumlarını müzakirə etmək üçün ATƏT Daimi Şurasının növbədənkənar iclasının çağırılması təşəbbüsü ilə müraciət edib.

Ukraynanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Yevgeni Çımbalyuk deyib ki, Rusiya mülki obyektləri hədəfə almaqla təkcə beynəlxalq humanitar hüququ kobud şəkildə pozmur, həm də ilk növbədə dinc əhalini hədəfə alır. Daimi Şuranın məhz bu raket probleminə diqqət yetirməsi vacibdir.

Çımbalyuk, həmçinin vurğulayıb ki, Rusiyanın raket hücumları sistematik xarakter alıb. Bu cür hücumların son hədəfləri arasında Odessadan başqa Jitomir, Lvov, Çerniqov vilayətləri, Nikolayev, Kiyev də var.

"Raket hücumları sübut edir ki, bizim Avropa və qlobal təhlükəsizliklə bağlı ciddi müzakirələrə ehtiyacımız var. Mövcud reallıq sübut edir ki, Avropada sülh aqressiv Rusiya ilə ola bilməz”, - daimi nümayəndə əlavə edib.