İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.
SeherXeber.org xəbər verir ki, qitə birinciliyinin ikinci günündə 60, 67, 72, 82 və 97 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Nihat Məmmədli (60 kq) ilk mərhələdə alman Eugen Şellə heç bir şans tanımayıb - 8:0. Növbəti mərhələdə polşalı Oliver Şkripçakı vaxtından əvvəl xalçadan məyus yola salan (13:5) güləşçimiz yarımfinalda erməni Suren Ağacanyanla bacarmayıb - 1:9. Nihat bürünc medal uğrunda güləşəcək.
Kənan Abdullazadə (67 kq) təsnifat mərhələsində fransalı Maqomed Qataqayevi minimal fərqlə (3:2), 1/8 finalda isə litvalı Rokas Çepauskası sonuncu xal prinsipinə əsasən (4:4) üstələyib. 1/4 finalda macar Amadeuş Vitek üzərində təmiz qələbə (8:0) qazanan pəhləvanımız yarımfinalda gürcü Nika Broladzeyə uduzub - 1:4. Kənan bürünc medal görüşünə çıxacaq.
Qurban Qurbanov (72 kq) yarışa inamlı start verib. Güləşçimiz rəqiblərinə göz açmağa imkan verməyib. Belə ki, Qurban sırayla norveçli Marius Dalsbotten (9:0), gürcü Temuri Orconikidze (8:0), isveçrəli David Loher (11:0) və ukraynalı İrfan Mirzoyevə (8:0) tam üstünlüklə qalib gələrək adını finala yazdırıb. Qurbanov həlledici qarşılaşmada macar Attila Toesmaqiylə üz-üzə gələcək.
Rauf Əliyev (82 kq) ilk görüşdə slovakiyalı Matyas Şeylerdən güclü olub - 3:0. Ancaq 1/4 finalda gürcü Açiko Bolkvadze keçilməz olub - 1:6. Rəqib finala yüksəldiyi üçün Əliyev təsəlliverici görüşə çıxacaq. Mingəçevir güləş məktəbinin yetirməsi ukraynalı Ruslan Abdiyevlə qarşılaşacaq.
Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və medal görüşləri iyunun 29-da keçiriləcək.