Videooyunlarla bağlı maraqlı ARAŞDIRMA



 

ABŞ-ın 215 milyondan çox sakini, yəni ölkə əhalisinin təqribən üçdə iki hissəsi müntəzəm olaraq videooyunlarla məşğul olur.

SeherXeber.org -ın məlumatına görə, 2022-ci il üçün "Videooyunlar sənayesi haqqında əsas faktlara dair hesabat"ın müəllifləri bu qənaətə gəliblər.

Videooyun iştirakçılarının dörddə üç hissəsi yaşı 18-dən yuxarı olan şəxslərdir. Vaşinqtonda fəaliyyət göstərən və ABŞ-da videooyunlar sənayesinin müdafiəçisi kimi çıxış edən Əyləncəli Proqram Təminatı Assosiasiyasının sifarişi haqqında aparılmış tədqiqata dair hesabatdan məlum olur ki, hazırda videooyun iştirakçılarının orta yaşı 33-ə bərabərdir.

Ən populyar oyun platforması smartfondur. Respondentlərin 70 faizinin fikrincə, oyunlar üçün ən münasib qurğu məhz smartfondur. Sonrakı yerləri kompüterə qoşulan oyun qurğusu (52 faiz), fərdi kompüter (43 faiz), planşet/iPad (26 faiz)və virtual reallıq qarnituru (7 faiz) tutur. Respondentlərin təqribən 60 faizi bildirib ki, onlar bir neçə qurğuda oynamağı xoşlayırlar.

Yaşı 65-dən yuxarı olan oyunçuların əksəriyyəti (68 faiz) "beyinlərini işlətmək" üçün oynadıqlarını bildiriblər. Kişi respondentlərin üçdə iki hissəsi əylənmək (67 faiz) və vaxtını keçirmək üçün (66 faiz) oynayırlar. Respondent qadınların üçdə iki hissəsi vaxt keçirmək (70 faiz), habelə dincəlmək və istirahət etmək üçün (66 faiz) oynayır. Tədqiqat müəlliflərinin sözlərinə görə, daha bir maraqlı fakt ondan ibarətdir ki, oyunçuların 48 faizi qadınlar, 52 faizi kişilərdir. Bu o deməkdir ki, gender bölgüsü təqribən bərabərdir.

2022-ci il üçün "Videooyunlar sənayesi haqqında əsas faktlara dair hesabat"da həm oyunçuların kateqoriyaları, həm də onların videooyunlarla məşğul olmasının səbəbləri aşkar edilib.

Tədqiqatçıların sözlərinə görə, populyar səbəblər ondan ibarətdir ki, videooyunlar oyunçulara sevinc gətirir (93 faiz), onların zehni stimulyasiyasını təmin edir (91 faiz) və stresi aradan qaldırır (89 faiz).