Meyvənin qiyməti parlamentdə müzakirə mövzusu oldu, qiymətin düşəcəyini gözləyəkmi? - AÇIQLAMA



 

“Kasıbınkı yaydır”, - deyib atalarımız. Ət almağa gücümüz çatmayanda, xiyar-pomidordan, pendir-çörəkdən yeyib doyduğumuz fəsil. Amma bu il o gözlədiyimiz “fəsil” gəlmək bilmir. Yəqin, digər fəsil olsaydı, meyvə-tərəvəzin qiyməti bu qədər “əl yandırmazdı”.

Məhsul bol, qiymət baha, vətəndaş isə haqlı olaraq narazıdır. Artıq iş o yerə çatıb ki, meyvə-tərəvəzin bahalığı parlamentdə problem səviyyəsində qaldırılır. 

Belə ki, parlamentin ötən gün keçirilən iclasında deputat Naqif Həmzəyev bazarlarda meyvələrin qiymətinin yüksək olmasının narahatlıq doğurduğunu dilə gətirib.

Deputat qeyd edib ki, kəndlərdə meyvələrin qiyməti elə də baha deyil, amma daşınma zamanı kimlərsə tərəfindən qiymət artımı edilir.

SeherXeber.org xəbər verir ki, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov mövsümi meyvə-tərəvəzin qiymətinin baha olmasının səbəbləri barədə Modern.az-a danışıb.

E.Hüseynov da kənd təsərrüfatı məhsullarının qiymətinin olduqca yüksək olmasını təsdiqləyib:

“Bu il qısa olmayan ömrümdə ilk dəfə kartofun kiloqramını 2 manat 50 qəpiyə almışam. Bu, həddən artıq yüksək qiymətdir. Buna təsir edən bir çox amillər var. Ölkəyə gətirilən toxum sənayesi Amerikanın hansısa şirkətində yerləşir. Məsələn, qarpız toxumlarının qiyməti 3 000 manatdır. Təbiət bitkini elə yaradıb ki, onun toxumundan toxum götürüb növbəti ildə əkirlər. Bir çox bitkiləri buna şamil etmək olmaz. Toxum sənayesi genetik modifikasiya olunmuş malları hazırlayan sənayenin nəzdindədir. Gübrələrin bahalaşması gedir. Əhalinin sosial vəziyyəti yaxşılaşdıqca, pensiyalar, maaşlar artırıldıqca alıcılıq qabiliyyəti yüksəlir. Nəticədə qiymətlər də durmadan artır”.

Hüquq müdafiəçisi kənd təsərrüfatı ilə məşğul olan insanların bazara çıxışında böyük problemlərin olduğunu vurğulayıb:

“Fermer məhsulunu Bakı bazarlarına çıxara bilmir. Buna görə də fermerlər məhsullarını “Meyvəli” ticarət mərkəzinə gətirirlər. Ora topdansatış yeridir. Məhsulu alverçilər alıb bazarda istədiyi qiymətə satır. Baxın, məhsul neçə əl dəyişdirir. Ona görə də bu qədər yüksək qiymətlə qarşılaşırıq. Sövdələşmələr əsasında qiymət təyin olunması, logistikanın zəifliyi, toxumun və gübrənin bahalığı ona gətirib çıxarır ki, bu cür qiymətlərə kənd təsərrüfatı məhsulları alırıq. Düşünürəm ki, azad olunmuş torpaqlarda Azərbaycan hökuməti kənd təsərrüfatı siyasəti yürüdərsə, bəlkə də, qiymətlərin aşağı düşməsinə nail ola bilərik. Mövsümi meyvələrin qiymətinin aşağı düşməsi bu mövsüm üçün gözlənilən deyil. Ona görə də doyunca meyvə yeməkdən əlimizi üzməliyik”.