Azərbaycan Premyer Liqasında bürünc medalların sahibi bəlli olub



 

SeherXeber.org xəbər verir ki, bürünc medalların taleyini yaxından maraqlandıran oyunlarda "Zirə" "Şamaxı"nı, "Qəbələ" isə "Sabah"ı qəbul edib.

Paytaxtdakı matçda qapılara qol vurulmayıb. 87-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Hamidu Keyta birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Əyalətdəki qarşılaşma isə 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Qırmızı-qaralar"dan 68-ci dəqiqədə Murad Musayev, qonaqlardan isə 86-cı dəqiqədə Aleksey Kaşuk fərqlənib.

Beləliklə, bu nəticələrdən sonra "Zirə" xallarını 47-yə çatdıraraq, 3-cü pillədəki mövqeyini qoruyub və bürünc medallara sahib çıxıb. "Şamaxı" hələlik 22 xalla 6-cı sıradadır.

45 xalı olan "Qəbələ" mövsümü 4-cü, 41 xalı olan "Sabah" isə 5-ci yerdə bitirib.

Qeyd edək ki, tura bu gün keçiriləcək "Sumqayıt" - "Səbail" və "Qarabağ" - "Neftçi" matçları ilə yekun vurulacaq.