Ümummilli “Tərtər faciəsi”nin məsuliyyəti kimin üzərindədir?!..



 

Əvvəlcə, gəlin “Tərtət faciəsi”nin niyə ümummilli faciə olduğunu birlikdə təyin edək.

Artıq “Tərtər faciəsi”nin baş verməsindən beş il ötür. Müxtəlif illərdə bu faciə Ərəstun Oruclu, Leyla Yunus, Oqtay Gülalıyev (Allahdan Oqtay bəyə acil şəfalar diləyirik!) və digər hüquq müdafiəçiləri tərəfindən araşdırılıb və mətbuatda işıqlandırılıb. Hazırda isə Qurban Məmmədli, İlham Aslanoğlu, Hacı Ramin Buzovnalı və bəndəniz tərəfindən araşdırılaraq ictimailəşdirlir. Bu əməllərinə görə onlara sözün əsl mənasında təşəkkür düşür, bir gün xalq olaraq onların haqqını verməliyik!

Bu faciənin şərti adının “Tərtər faciəsi” olmasının səbəbi bu faciənin Tərtər rayonunun Şıxarx kəndində yerləşən N saylı hərbi hissədə gerçəkləşməsi və daha çox həmin rayonun hərbi və mülki sakinlərinin təcavüzə məruz qalmasıdır. Bəli, sonradan işgəncə yerini Tərtər rayonundan, Yevlax rayonunun Aran qəsəbəsində yerləşən N saylı hərbi hissəyə keçirdilər, amma buna baxmayaraq, fitnənin (bəli, məhz fitnənin!) Tərtər rayonundan başlamasına görə, bu faciəyə “Tərtər işi”, “Tərtər-1767” və ya “Tərtər faciəsi” adı verildi.

Kim bu adı verdi? Bu prosesdə faciələrə məruz qalmış zərərçəkmişlər, bu faciəni araşdırıb, ictimailəşdirən ziyalılar, ictimai fəallar və sonda xalq.
Niyə baş vermiş hadisəyə “faciə” deyilir? Bu prosesdə hərbçilərə ağıla sığmaz işgəncələr verilib, elə bir səviyyədə ki, nəinki Azərbaycanda, dünyanın heç bir ölkəsində tarix hələ belə işgəncələrə şahidlik etməyib!

Məgər siz tarixdə haradasa insanlara döymə, toka vermə, ayaqlarından başı aşağı asma, dişlərini kəlbətinlə çıxarma, bədəninə plastik kütləni yandırıb əridərək axıtma, əl və ayaq dırnaqlarını kəlbətinlə çıxarma, cinsiyyət üzvündən tok vermə, anus bağırsağına dəmir sim yeritməklə tok vermə, insanlara sidik içirmə, anus bağırsağına şüşə butılka, armatur, plastik boru, taxta parçası yeritmə, kişiləri təbii və qeyri təbii üsulla zorlama, insanın ağzını cıraraq öldürmə və digər kimi işgəncələri görüb, eşitmiş və ya oxumusunuzmu? Sizcə faciənin hüdudları elə burada bitirmi?

Təəssüf ki, xeyr... Orada işgəncələr altında öldürülən əsgər və zabitlərin bəzilərinin qadın ailə üzvlərini (ana, bacı və həyat yoldaşı) bu prosesə cəlb edərək, onlara da işgəncələrin verilməsi, təbii və qeyri-təbii üsullarla zorlanması, bu faciənin miqyasını həqiqətən də inanılmaz səviyyəyə çıxarır. Əgər bu faciə deyilsə, onda bəs faciə nədir?

Niyə “ümümmilli” faciə? Hadisə Tərtər rayonunda başlasa da, Tərtər sakinlərinə işgəncələr verilsə də, ölkənin bir çox digər bölgələrinin sakinləri də bu prosesdə zülmə məruz qalıb. Yevlax, Bərdə, Goranboy, Şəki, Ağdam, İsmayıllı, Qəbələ, Bakı, Biləsuvar və s. bölgələrdən zərərçəkmişlər artıq bu barədə müxtəlif kanallarda müvafiq çıxışlar ediblər. Bu, məsələnin coğrafi miqyas baxımından bir aspektidir, digər aspekt isə mənəvidir. Həmin faciədə işgəncələrə məruz qalan, zorlanan və öldürülən əsgər və zabitlər, hər birimizin anası və namusu olan Vətənimizi qorumaqla mükəlləf idi. Həmin əsgər və zabitlər həmçinin bizləri və ailə üzvlərimizi də qoruyurdu. İndi isə bizim onların hüquqlarını qorumaq növbəmizdir, millət olaraq, xalq olaraq! Bu, Azərbaycan xalqının hər bir fərdinin boynunda bir vəzifədir, ümummilli bir vəzifə!
Bu faciəyə görə məsuliyyət kimin üzərindədir?

Bu suala cavab axtarmazdan əvvəl, Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 3-cü bəndinə (olduğu kimi) baxaq:
III. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir:

qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
Başlayaq icra hakimiyyətindən! Niyə? Çünki 2017-ci ilin May ayında 4 dövlət qurumu (Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi) birgə bəyanat yayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsilə dövlətə xəyanət üzrə cinayət işi açıldı, xüsusi istintaq qrupu yaradılaraq Tərtər rayonunda həbslər aparıldı. Adı keçən bu 4 qurum icra hakimiyyətinin tərkib hissəsidir, yəni bu işi başlayan və aparan Azərbaycan dövlətinin icra hakimiyyəti olub.

İkinci mərhələdə, öldürülənlərin və işgəncə görənlərin məhkəmələrdə fakt və dəlil tələb etməsi cavabsız qalıb, məhkəmələr (birinci instansiya, appellyasiya və ali məhkəmə) işgəncələr altında alınmış ifadələri qüvvədə saxlayıb, müttəhimlərin işgəncə faktları barədə verdikləri ifadələri məhkəmə nə eşidib, nə də qəbul edib. Nəticədə elə həmin məhkəmələr müttəhimləri həbs edib. Yəni, növbəti məhkəmə hakimiyyəti bu faciəni qanuniləşdirib və dövlətimiz adından zülm və sitəm dolu hökmlər verib...
Ötən beş il ərzində Validə Əhmədova başda olmaqla digər zərərçəkmişlərin təşkil etdikləri etiraz aksiyaları və rəsmi müraciətlərinə baxmayaraq, dövlətimizin qanunverici hakimiyyəti olan Milli Məclis bu faciəyə laqeyd münasibət sərgiləyib. Sonuncu dəfə 18 Mart 2022-ci il tarixdə Milli Məclis deputatlarına ünvanlanmış 120 ədəd məktub hələ də cavabsız qalır. Sanki Milli Məclis bir qəbirstanlıqdır, ölülər məskənidir, oradakılar kar, kor və laldırlar!.. Beləcə, hakimiyyətin bu qolu da cinayəti bilib susur və bununla da cinayətin cəzasız qalmasına seyirci kimi qalırlar...

Əziz oxucu, bəs sən necə düşünürsən, “Tərtər faciəsi”nin məsuliyyəti daha kimin üzərindədir? Bəlkə də mənim və sənin... Bəli, bu faciəyə səssiz qalan xalqın üzərindədir bu məsuliyyət!.. Bəs biz bu məsuliyyətin altından necə çıxacağıq, gələcək nəsillərə necə anladacağıq? Qorxudan kişiliyimizi necə itirdiyimizi onlara necə əsaslandıracağıq?

Abid Qafarov – “Bakı Birlik Təşkilatı”nın sədri