Təhsil Nazirliyi ilə İctimai Şura arasında konflik niyə yaranıb? - Etibar Əliyev ciddi məsələdən danışır...



 

Azərbaycan təhsili imtahandan niyə "2" qiymət alır?

Ölkə təhsilinin məmurların müdaxiləsilə ilbəil çoxalan problemləri cəmiyyətin hər zaman diqqətini cəlb edir. Xüsusilə məktəb direktorlarının qıcıq doğuran, təhsil işçisinə yaraşmayan hərəkətləri sosial şəbəkələrdə və mediada ciddi təpkilə qarşılanır. Təhsil nazirliyi belə hallara qarşı sərt tədbirlər görmək əvəzinə bu əməllərin üstünü örtməyə cəhd edir. Cəmiyyəti isə, ölkə təhsilində mövcud olan bu cür mənfi hallara nə vaxt son qoyulacağı düşündürür və təhsilə sağalmaz yara vuran bu eybəcərliklərin nə vaxt ortadan qaldırılacağı narahat edir.

9 May ərəfəsində 164 saylı məktəbdə şagirdlərə Rusiyanın imperiya nişanı "Georgi lenti"nin paylanmasını cəmiyyət sərt tənqid etdi. Məsələ ilə bağlı Təhsil Nazirliyi yanında fəaliyyət göstərən İctima Şuranın verdiyi açıqlama isə cəmiyyətdə ciddi rezonans verdi. İctimai Şuranın üzvü, deputat Etibar Əliyev sosial şəbəkədə bildirib: "İctimai Şuranın üzvü olaraq belə bir açıqlamadan xəbərim yoxdur, mənim fikri nəzərə alınmadan yayılıb. Təəssüf ki, İctima Şura adından heç bir araşdırma aparılmadan və mənimlə məsləhətləşmədən Təhsil Nazirliyinin istəyinə uyğun açıqlama verilib. Əgər rəsmi açıqlama verilirsə, mənim iştirakım niyə təmin olunmayıb“?

Göründüyü kimi, Təhsil Nazirliyinin Rusiyanın imperiya maraqlarına nökərçilik edənlərin himayə edilməsi ölkənin təhsil sistemində ciddi problemlərin hökm sürdüyünü əyani təsdiq edir. Millət vəkili Etibar Əliyev direktor təyinatlarında hökm sürən eybəcərlikləri, daha çox şəxsi maraqların ön plana çəkildiyini qeyd edib:

“Akrobatik sıçrayışla məktəb direktoru təyinetmə əməliyyatlarının arxasında nə durur?! Bu işdə hansı qruplaşmalar mövcuddur? Orta təhsildə nə üçün bu qədər narazılıqlar mövcuddur və get-gedə dərinləşir? Məsələn, necə olur ki, Bakı şəhəri üzrə Təhsil İdarəsində məsul vəzifə tutan, əvvəllər isə iki məktəbdə direktor işləmiş bir biznesmenin bütün müavinləri "imtahan" verib, direktor təyinatı (10-dan çox) alırlar? İctimai Şura bu tip sualları Nazirliyin rəhbərliyinə verməlidir və izahat almalıdır. İctimai Şuranın varlıq fəlsəfəsi də bunu tələb edir. Düşünürəm ki, biz İctimai Şura olaraq nöqsan və neqativlərin qarşısında durmalıyıq, bununla məşğul olanların yanında və müdafiəsində yox...”

Millət vəkilinin statusuna rəy bildirən təhsil eksperti Kamran Əsədov isə təhsildə mövcud olan daha ciddi faktları qeyd edib: “Təhsil Nazirliyinin SMM xidməti olan İctimai Şura tərəfindən verilən açıqlamada qeyd olunur ki, 165 saylı orta məktəbə üç aylıq əvəzedici direktor təyin olunan 252 saylı orta məktəbin direktor müavini Ruslan Nağıyevə yüksək peşəkarlığı nəzərə alınaraq bu vəzifə həvalə olunub. Bu Təhsil Nazirliyinin SMM xidməti olan İctimai Şuradan soruşmaq istəyirəm ki, hansı peşəkarlığa görə? Ruslan Nağıyev Bakıda fəaliyyət göstərən 320 məktəbdə olan digər direktor müavinlərindən hansı peşəkarlığına görə fərqlənib? Maraqlıdır, hansı böyük nəticəni əldə etdiyi üçün? Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasına qəbul olanda topladığı bala görə? Məzunların 44 faizi ali məktəblərə qəbul olduğuna görə? Yoxsa 2021-ci ildə 21 məzunun 0-100 arası bal topladığına görəmi?!

Hörmətli Etibar Əliyev, 2021 - ci ildə bu peşəkar müavinin işlədiyi məktəb üzrə imtahanda iştirak edən şagirdlərin 43.20%-inin (73 nəfərin) bir fənn üzrə ümumi balı (0-20) intervala düşüb. Belə başa düşürəm ki, seçim zamanı bu amillər nəzərə alınıb”.

Millət vəkili Etibar Əliyev müsahibədə direktor təyinatında qruplaşmaların olduğunu da qeyd edib: “Məktəb direktorlarının təyinatında qruplaşmalar mövcuddur və bu qruplaşmanın ən böyüyünün başında Təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyeva durur. M. Vəliyevanın 40-a yaxın məktəb direktoru ilə əlaqəsi var və həmin direktorlar indi də ona hesabat (və hesab) verirlər.

Hətta onun məktəb direktoru təyin etdiyi adamlar belə, digər məktəblərə direktor təyin etdirir. Orta təhsildə rüşvətin dərinləşməsində və təhsil mühitinin darmadağın edilməsində bu qadının müstəsna rolu var. İndiki Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva onun təlimatları əsasında işləyir və böyük bir idarəni intriqa məkanına çevirib. Heç şübhəniz olmasın ki, Məhəbbət Vəliyeva hansısa antiazərbaycan şəbəkələrinin birinin üzvüdür. Arxasında duranı da hamı tanıyır… 

Bu xanım orta məktəblərdən topladığı milyonlar hesabına 2021-ci ilin sonunda Moskvada bir neçə mərtəbəli “Estetik Mərkəz” də açıb. Görün, vəziyyət hansı həddədir ki, bu mərkəzin açılışında iştirak etmək üçün Bakı Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva 2021-ci ilin dekabr ayında bir həftəlik məzuniyyət götürüb, rəfiqəsinin Moskvadakı obyektinin açılışına qatılın. 

Bir ciddi məsələ də var, hətta Məhəbbət Vəliyeva üçün Təhsildə İnnovativ Texnologiyalar və Əlavə Təhsil Mərkəzi deyilən bir department yaradıblar. Bu mərkəzə heç bir əhəmiyyəti olmayan təlimlər üçün yüzminlərlə vəsaitlər köçürülür".

Hörmətli millət vəkili Etibar Əliyevin qaldırdığı problemlər, xüsusilə təhsil sistemində müxtəlif qruplaşmanın olması, Məhəbbət Vəliyevanın hələ də təhsil sistemində söz sahibi olması, hələ də paytaxt məktəblərini idarə etməsi barəsində dəfələrlə geniş araşdırmalar mediada geniş 13:36:37təqdim olunub.

Amma nədənsə, Təhsil nazirliyi Məhəbbət Vəliyevanın təhsi sistemində hegamonluğu ilə bağlı heç bir tədbir görmür, əksinə ona xidmət edənlərin şəbəkəsini genişləndirir. Məhəbbət Vəliyevaya Təhsil Nazirliyinin bəslədiyi “xüsusi məhəbbətin” Azərbaycan təhsilinə hansı zərbələr vurduğunu görmək üçün isə xüsusi GÖZə ehtiyac yoxdur.

Əgər direktor təyinatları şəxsi maraqlar üzərində qurulursa, o zaman imtahan oyunlarına nə ehtiyac var?! Təhsil Nazirliyində qurulan saxta "direktor təyinatı" oyunlarına son qoyulmayınca, geri qalan Azərbaycan təhsili daim imtahandan "2" almağa davam edəcək!

P. S. Yazıda Rubrika.az saytının materialından istifadə olunub.

SeherXeber.org