Buğdanın qlobal qiyməti 50% artıb - Azərbaycanı nə gözləyir?



 

Rusiya-Ukryana müharibəsi kontekstində daha da aktuallaşan qlobal aclıq təhlükəsi Böyük Yeddilik (G7) ölkələrinin də diqqətindən kənarda qalmayıb. G7 ölkələrinin inkişaf nazirləri qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün alyans yaratmağa razılaşıblar. 

Artıq əksər ölkələr buğda ixracatını dayandırıblar. İldə 107 milyon ton buğda yetişdirən Hidistanda da ixracatın tənzimlənməsi ilə bağlı qərar qəbul olunub. Bir müddət öncə Qazaxıstan da xaricə buğda satmayan ölkələr sırasına qoşulub. Hər il xaricə 1 milyard 137 milyon dollarlıq buğda satan Qazaxıstan dünyada 9-cu ən böyük ixracatçıdır. Bundan əvvəl də, 8 milyard dollarlıq ixracatı ilə dünyada xaricə ən çox buğda satan Rusiya və eləcə də 3,5 milyard dollar eksport ilə ilk beşliyə daxil olan Ukrayna da satışı dayandırmışdı. 

SeherXeber.org ın məlumatına görə, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, dünyada ikinci ən çox buğda yetişdirən və ixracda ilk onluqda olan 3 ölkə xaricə satışı tamamilə dayandırıb, bir sıra digər ölkələrdə isə məhdudiyyətlər tətbiq olunur:

"BMT bu il 2 milyard insanın aclıq təhlükəsi ilə üz-üzə qalacağını bəyan edib. Buğda qıtlığı ilə yanaşı, dünya bazarında qiymətlərdə də artım davam edir. Rusiya-Ukrayna müharibəsi başlanan zaman 1 buşeli 287 dollara təklif edilən buğda hazırda 420 dollara satılır. Bu o deməkdir ki, savaş başladıqdan bəri dünya bazarında buğdanın qiyməti 47% artıb. Artım artıq qlobal bazarda buğda qıtlığı ilə müşahidə olunur".

Millət vəkili deyib ki, Azərbaycan ailələri üçün çörək əsas istehlak məhsullarından biri olmaqla yanaşı mətbəxdə xüsusi paya malikdir: "Rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur. Azərbaycanda buğdaya olan tələbin 40%-i idxal hesabına ödənilir. İdxalda ən böyük paya 80% ilə Rusiya sahib idi. Qazaxıstan da buğda idxal etdiyimiz ölkələr siyahısında olsa da, Rusiya ilə müqayisədə kiçik çəkiyə malik idi. Əvvəllər Hindistan buğda idxal etdiyimiz ölkələr sırasında deyildi. İllik buğda idxalımız 1 milyon tondan çoxdur. 

Bununla yanaşı, Azərbaycan buğda ilə bağlı ehtiyatlarını ötən ilin sonu və bu ilin əvvəli daha da artırmağa çalışıb. Və bu proses davam edir. Belə ki, sadəcə bu ilin yanvar ayında ölkəmiz buğda idxalını 4 dəfə artırıb. Preventiv olaraq, Azərbaycan strateji məhsullar ehtiyatlarını daha da artıraraq dünya bazarındakı potensial qıtlığa reaksiya verməyə çalışıb. Ancaq ixracata qadağalar Azərbaycanın buğda idxalına da təsir edib". 

Bu ilin ilk 4 ayında Azərbaycana 105 milyon 270 min dollar dəyərində 308 min 43 ton buğda idxal edildiyini bildirən deputat 2021-ci ilin ilk 4 ayı ilə müqayisədə idxalın 15,7% azaldığını qeyd edib: "Bir ton buğdanın idxal qiyməti (orta statistik dəyəri) ötən ilin ilk 4 ayında 254,5 dollarkən, bu ilin sözügedən dövrü üçün 341,7 dollar olub. Bu isə o deməkdir ki, idxal olunan buğdanın qiyməti 34,2% artıb. 

Dünya bazarındakı qeyri-müəyyənlik ərzaq ehtiyatlarının daha da artırılmasını prioritetləşdirib. Təbii ki, ən uyğun yol idxaldan asılılığın aradan qaldırılmasıdır. 2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38%-i buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhfə verəcəyi gözlənir".

"Aydındır ki, dünyada bazarındakı qiymət artımları fonunda idxal infilyasiyası qaçılmazdır. Bununla belə, növbəti dövrlərdə qiymətin necə dəyişməsi dünya bazarındakı dəyişikliklərdən də birbaşa asılı olacaq. Nazirlər Kabineti digər alternativ mənbələri təşviq etməklə, o cümlədən yeni güzəşt mexanizmləri ilə ərzaq məhsullarına tələbin ödənilməsində stabilliyi qoruyub saxlamağa çalışır. Ukrayndakı müharibənin dünya bazarında yaratdığı qeyri-müəyyənlik isə dərinləşməkdədir", - deyə V. Bayramov əlavə edib.