Təhrif olunmuş ata sözləri



 

Dilimizdə bir sıra təhrifə uğrayan atalar sözləri və məsəllər vardır. Bu üzdən həmin atalar sözləri və məsəllər çox vaxt insanlar tərəfindən ya anlaşılmaz olur, ya da yanlış anlaşılır. Dilimizin gözəlliyinin və dilimizdə yaranan mənəvi xəzinənin qorunması üçün həmin örnəklərin doğru anlaşılması gərəkir.

Dil mədəniyyət hadisəsidir. Hər söz ayrı-ayrılıqda bir mədəniyyət elementidir. Dildən bir sözün itməsi, mədəniyyətdən bir elementin itməsi deməkdir. Sözdən bir səsin yanlış səslənməsi minillik bağlardan – dövrümüzü əski çağlara bağlayan mənəvi cığırlardan birinin üzülməsi deməkdir. Dilimizdə bir çox atalar sözləri, məsəllər və digər deyimlər təhrifə uğramış və nəticədə ilkin anlamını itirmişdir. Bu yöndə öncə atalar sözlərimizdən yazmağı qərara aldım. Doğru anlaşılması üçün atalar sözləri və məsəllərimizdən bir qismini gözdən keçirək və aydınlıq gətirməyə çalışaq;

Su yatar, düşmən yatmaz.

Sözlərdən biri – su kəlməsi təhrifə uğradığı üçün bu deyim ilk baxışdan məntiqsiz görünür. Bu söz ilkin variantda “Sü yatar düşmən yatmaz” şəklində meydana gəlmişdir. . Sü- əski türk dilində əsgər deməkdir. Deməli, bu söz “Sü yatar, düşmən yatmaz” şəklində deyilməlidir.

Su kiçiyin yol böyüyün.

Bu deyim “Su kiçiyin söz böyüyün” şəklində də işlənir. Burada da təhrifə uğrayan söz “su” sözüdür. Yol böyüyün və ya söz böyüyün deyə bilərik. Hər iki halda keçərlidir. Amma “su kiçiyin” ifadəsinin bu deyimə nə dəxli var? Atalar belə uğursuz seçim edə bilməzdi. Lakin bu sözü “sus kiçiyin, yol (söz) böyüyün” şəklində yazanda məntiq də, anlam da tam yerinə düşür. Ən əski çağlardan söz də, yol da böyüyün olub. Kiçiklər isə susub və böyükləri dinləyib.

İlanın yarpızdan zəhləsi gedər, o da yuvasının ağzında bitər. Bu söz Mahmud Kaşğarlının “Divani-lüğət-it-türk” əsərində belə qeyd olunur: “Yılan yarbuzdan qaçar, qança barsa, yarbuz ötrü gəlir”. (İlan yarbuzdan qaçar, anacaq hara getsə qarşısına çıxar). Burada təhrif olunan söz yarbuz sözüdür. Hazırda bu söz yarpız şəklində işlənir. Yarpız bitki adıdır. İlanın yarpızdan niyə zəhləsi getsin ki? Ancaq ilanın yarbuzdan zəhləsi gedir. çünki, yarbuz səhralarda yaşayan yırtıcı heyvan növüdür. Bu yırtıcı heyvan əsasən ilanlarla qidalanır. Deməli bu atalar sözü əslində belə deyilməlidir: “İlanın yarbuzdan zəhləsi gedər, o da hara getsə qarşısında bitər”.

Haydan gələn huya gedər.

“Haynan gələn huynan gedər” şəklində də işlənir. Bu söz İslam dininin türk dünyasına gəlişindən sonra meydana gəlmişdir. Burada sufilərin dialoqlarında tez-tez işlənən Tanrı adlarından ikisi işlənmişdir: “Hayy” və “Huu”. Sufilərin dilində “Hayy” və “Huu” Tanrının adlarındandır. Bu məsəlin əsli belədir: “Hayydan gələn Huuya gedər”. Tanrıdan gələn Tanrıya da dönər – deməkdir. Bu söz Qurandakı “İnna lillah ve inna ileyhi raciun” (Allahdan gəldik, Allaha dönəcəyik) ayəsindən qaynaqlanan sufi deyimlərindən biri olaraq meydana gəlmişdir.

Gözələ baxmaq savabdır.

Gözələ baxmaq niyə savab olsun ki? Gözələ baxmaq deyil, “gözəl baxmaq” savab ola bilər. Gözəl baxarsansa, gözəl də görərsən. Gözəl görərsənsə, gözəl də düşünərsən. Gözəl görər və gözəl düşünərsənsə Tanrı qatında savab qazanmış olarsan. Ona görə də gözələ deyil, “gözəl baxmaq savabdır”. Mövlanə Cəlaləddin Ruminin məşhur kəlamlarından biri belədir: “Gözəl baxmaq savab, çirkin baxmaq günahdır”.