Sözün düzgün əksi...
Müxtəlif məzmunlu elanlar, missiyası isə elə adından bəlli olan reklamlar dövründə yaşayırıq. Bu gün hansı telekanala, internet resursuna diqqət etsək və ya sadəcə, baxsaq, onun reklam sarıdan kasadlıq çəkmədiyini görərik.
Bəzən elə məqamlar olur ki, təqdimatın öz məzmun və mahiyyətindən çox, onun az qala elan və reklamdan ibarət olduğu və asılılığı da gözdən qaçmır. Bir sözlə, istənilən mənada, məhsul varsa, öncə onun elanı və reklamı gərəkdir.
Lakin burda diqqət ediləsi vacib məqamdan biri də reklam və elanın təbliğ ediləni hansı formada çatdırmasıdır. Və beləliklə, keçək əsas məsələyə.
Bugünlərdə diqqətimi çəkən bir neçə məqam oldu ki, onlar hazırda bu yazının mövzusunu təşkil edir. Daha dəqiqi, o elanları görəndə bu barədə yazacağımı heç düşünmədim. Amma sonradan missiyamdan dolayı, düşündüm ki, mən yazmasam, sən yazmasan, o yazmasa, bu barədə kim yazacaq, baş verənləri insanlara kim çatdıracaq?!
Beləliklə, buyurun, düşüncələrin sözlə ifadəsinə baxın, əlbəttə ki, marağınızı çəkərsə...
Elə mənim marağımı çəkən də gördüyüm elanın nədən bəhs etməsi, onun nəyi reklam etməsi deyil, səhvlə, daha dəqiqi, səhvlərlə dolu olması idi. Doğrudur, hamı yazı, dil qayda-qanunlarını birmənalı şəkildə yüksək səviyyədə bilməyə məsul deyil. İstənilən şəxs mexaniki də olsa, səhv edə bilər. Amma burda söhbət şifahi danışıqdan, ya da ki, fərdi şəkildə olan yazışmalardan getmir. Ki, səhv olanda da onu gözə almayasan. Söhbət ondan gedir ki, məqsəd məhsulun nəzər-diqqətə çatdırılması, cəmiyyətə mesaj-reklamıdırsa, o zaman, təqdimat da düzgün, səhvsiz, səviyyəli olmalıdır.
...İri hərflərlə, ucada, birbaşa diqqəti özünə çəkən qırmızı rəngli lövhədə yazılan isə bu idi: “TƏKƏT TƏMİRİ”!
Bəli, məhz “təkət”. Lövhənin altında yerləşən məkana baxınca, elanın məhz avtomobil və s. təkər təmiri məntəqəsi olduğunu göstərmək, bildirmək üçün asıldığını anladım. Yoxsa, “təkət” hara, təkər hara...
Bundan başqa, yolüstü bir kafenin (reklam olmasın deyə, ad çəkmirəm) elan lövhəsindəki menyuda istənilən qədər səhv tapmaq mümkün idi. Yəni səhvlər o həddə idi ki, artıq menyu lövhəsinə hansı yeməyi, qəlyanaltını və s. seçmək üçün deyil, orda daha hansı səhvin olduğunu aydınlaşdırmaq üçün baxırdım...
Elə baxa-baxa da qaldım, əlbəttə, dadlı-ləzzətli zənn ediləsi yeməyə-filana deyil, dilimizin dadını-duzunu qaçıran, kobud səhvlərlə zəngin məlumat xarakterli, reklam məqsədli menyu lövhəsinə...
Bu, bəlkə də hamının vaxtaşırı rast gəldiyi məsələlərdir. Çox görmüşük ayrı yazılmalı olanların bitişdirildiyini, qoşa hərfli sözlərdə onlardan birinin “yeyildiyini”, yaxud, əksildildiyini. Amma sözün ən kobud formada təhrif olunması, birbaşa məna dəyişimi yolverilməzdir. Yəni bu o qədər vacib məsələdir ki, bir hərfin dəyişməsindən dilə ən ciddi zərbə yaranar. Zərbələrin sonunda nəyə gətirdiyini isə yaxşı bilirik.
O halda, istənilən məhsulunu reklam etmək istəyən sahibkar, biznesi iri və ya xırda olsun, iş adamı bunun üçün mütəxəssis tapmasa, heç olmasa dil qayda-qanunlarını bilən bir şəxsə müraciət etməlidir. Müraciət etməlidir ki...
Elan düzgün olaraq tərtib edilsin!
O elanda nədən bəhs olunduğu bilinsin!
Onu görən, oxuyan da təyinatı üzrə ora müraciət etsin!
Bu dil bizimdir, onun özəlliyini, gözəlliyini yeri gəldi-gəlmədi, iddia ediriksə, o zaman dilimizin qədrini də bilməliyik.
Qədir bilmək isə yalnız sözdə deyil, əməldə də olmalıdır.
Ki, təkcə elan lövhəsinə deyil, təqdimat xarakterli bütün məqamlara baxanda, əməl sözlə bir olaraq, onun düzgün rəsmini çəkə bilsin!
Nigar Orucova