Hörməti rüşvət, rüşvəti ianə
Təhsil nazirliyi rüşvəti leqallaşdırmaq istəyir?!
Canım Azərbaycanda rüşvətin yaranma tarixi bir kimsəyə bəlli deyil. Bəlli olanı odur ki, bu bəla hələ dahi şairimiz Məhəmməd Füzuli dönəmindən (onun «Şikayətnamə» əsərini yadınıza calın) xalqımızın qanına keçib. O zamandan bəri bu bəlaya qarşı aparılan mübarizənin lsə hələ də bir nəticəsi görünmür. Hazırki zamanda dövlət səviyyəsində, dövlət başçımızın xüsusi nəzarəti altinda aparılan bu mübarizənin səmərəsizliyi də, sözün bütün mənalarında təəccüb doğurur. Amma, deyəsən artıq bir sıra həşəmətli məmurlarımız bu labirintdən çıxış yolu tapıblar. Yəni, onlar rüşvətə qarşı mübarizə bir nəticə vermirsə, onu leqallaşdırmaq ən səmərəli yol ola bllər, prinsipinə əsalanaraq, bu işin çözüm yolunu tapa biliblər. Amma bunun üçün ilk əvvəl ona elə bir müasir ad tapmaq lazımdır ki, insanlarda qıcıq, antipatiya yaranmasın. Məsələn, Azərbaycan səhiyyə sistemində rüşvət tam olaraq leqallaşdırılıb, adını da qoyublar «publik şəxs». Yəni indi xəstəxanalar, həkimlər və s. hamısı publik şəxsdir və xəstələri istədikləri kimi «soymaq» hüququna malikdirlər. Gələcəkdə digər dövlət qurumlarında da «publuk şəxs» kimi müasir adlarla rüşvətin leqallaşdırılması gözlənilir. Bu sırada hüquq-mühafizə, prokurorluq-məhkəmə orqanlarının da öz növbələrini gözlədikləri deyilir. Burada əsas arqument isə odur ki, belə təcrübə, artıq bir çox dünya dövlətlərində mövcuddur.
Bugün isə gündəmdə, Azərbaycan təhsil sistemidir.
Bu da heç kimə sirr deyil ki, respublikamızın müstəqilliyi dönəmində heç bir uğur qazana bilməyən (15 il bu sahəni bataqlığa gömən Misir Mərdanov istisnadır) bu sahədə ard-arda bir neçə nazir dəyişib, amma sistemin özündə heç blr dəyişiklik baş verməyib. Yadınızdadırsa, o zamanlar, yəni M.Mərdanov dönəmində təhsil sistemində rüşvət özünün pik həddinə çatsa da, onun leqallaşdırılması baş tutmadı. Mənə belə gəlir ki, Misir müəllim akademik olsa da, müasir dövrün adamı deyildi, məhz bu səbəbdən də rüşvətə daha dayanıqlı müasir ad tapa bilmədi, cadəcə olaraq «anonim şikayətləri qəbul etmirik» deməklə vəzifəsindən getmək zorunda qaldı. Misir müəllimdən sonra gələn nazirlər daha gənc və enerjili olduqlarından rüşvəti qorumağın yeni üsulunu da tez tapdılar. Yəni təhsil sistemində mövcud olan rüşvətlə bağlı şikayətlərə eyni cavab verməklə («bizim tərəfimizdən aparılan araşdırma zamanı şikayət ərizəsində göstərilən faktlar öz təsdiqini tapmadı», bu cavab üçün kimin nə qədər rüşvət aldığını isə bir alan bilir, bir də verən) işlərini bitmiş hesab etdilər və «dəyirman öz işini davam etdirdi», vəssəlam! Bununla da Təhsil Nazirliyinin bu sistemdə mövcud olan rüşvətə qarşı mübarizə işi də sona çatdı.
Hazırda fəaliyyətdə olan gənc nazir Emin Əmrullayevin isə elə ilk gündən təhsil sistemində rüşvət məsələsinə yanaşması tamamilə fərqli oldu: «Mən valileynlərin məktəblərə könüllü ianələrin verməsinə pis baxmıram». Bax belə, əsl müasir gəncliyə xas olan mövqe. Hazir demədi ki, məktəblərdə pul yığımına pis baxmıram, dedi ki, ianələrin verilməsinə pis baxmıram. Amma, deyəsən axı hörmətli nazir heç maraqlanmadı ki, nə üçün bu ianələr ancaq direktorların, müəllimlərin ad günlərində, müəllim günündə və digər bayramlarda verilir. İkincisi, ianələr adətən rəsmiləşdirilir və şəffaf şəkildə verilir, ianələri kimsə məktəbin həyətində durub valideynlərdən tələb etmir. Nazirin nümunə göstərdiyi dövlətərin heç birində belə təcrübə yoxdur.
Dünyanın heç bir yerində məktəbdə oxuyan şagirdlərin valideynlərinin hamısı məktəbə ianələr vermir. İanələri 15-20-30, hətta 50-100 manat şəklində bütün şagirdlər verirsə, artıq şübhə doğurmalıdır. Təhsil naziri Emin Əmrullayev isə iddia edir ki, məktəblərə ianələrin verilməsi təcrübəsi bütün dünyada var və bunu təhsilin inkişafı və tərəqqisi baxınından müsbət hal sayır. Mən də buna etiraz etmirəm. Amma bir şeyə diqqət etmək lazım. Dünyanın inkişaf etmiş dəvlətlərində öz halal əməyi ilə böyük pullar qazanan cahibkarlar, iş adamları, dünya şöhrətli ictimai xadimlər, sənətkarlar və şou-biznes adamları var ki, öz övladlarının, yaxud ölkənin kasıb təbəqəsinin övladlarının təhsil aldığı məktəblərə böyük məbləğdə ianələr edirlər və burada məqsəd sadəcə olaraq xeyriyyəçilikdir.
Gəlin açıq etiraf edək ki, hazırda Azərbaycanda belə insanlar yox dərəcəsindədir. Olsalar belə, bu işə qol qoymazlar, çünki sonradan başlarının ağrayacağını yaxşı bilirlər. Təhsil nazirimiz də bunu bilməmiş deyil. Ona görə də bəyan edir ki, valideynlərin könüllü ianə vermələri ilə bağlı bir neçə model təqdim olunub. Yeni tədris ilindən pilot layihə şəklində tətbiqi planlaşdırılır. Bütün məktəblər də bu layihələrə könüllü qoşula biləcəklər. Nazir qeyd edib ki, insanlar bunu faydasız hesab etsələr, təbii ki bu olmayacaq: «Burada məqsəd pulyığımı yox, məktəblə valndeyn arasında məsələləri tənzimləməkdir. Qanunvericiliyimiz də bildirir ki, məktəb hansı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Yəni məktəb daxilində ödənişli xidmətlər ola bilər. Müəllimə əlavə bonusu valideyn verə bilməz. Bu, qanuna ziddir. Dövlət hər bir məktəbdə hər arzunu reallaşdıra bilməz. Müəyyən işlər üçün məktəbə könüllü ianə mümkündür».
Bəlkə də, nazir bunu xoş niyyətlə deyir və burada heç bir bəd niyyət axtarmaq fikrində deyilik. Ancaq bir şeyi dəqiq bilirik ki, Azərbaycan təhsil sistemində mövcud olan hazırki vəziyyətdə rüşvəti ianə adı ilə toplamaq təcrübəsi dünyanın heç bir yerində yoxdur. Mənə belə gəlir ki, ianələrin məktəblərə verilməsinin də bir mexanizmi olmalıdır və ianələr pul şəklində olmaya da bilər. Məsələn, imkanlı bir şəxs görür ki, onun övladının təhsil aldığı məktəbin ətrafı bərbad vəziyyətdədir. Onun abadlaşdırılması üçün vəsait ayırır və pulu bilavasitə işi görəcək şirkətin hesabına köçürür. Bu halda məktəb rəhbərliyinin və müəllimlərin pula heç bir qarışacaqları olmur.
Mövcud Azərbaycan reallığında fond pulu, süpürgə, pərdə, təmir, təmizlik və abadlıq pulu adı ilə yığılan pullar isə heç də təhsilin inkişafı və tərəqqisinə yox, məktəb rəhbərliyinin və müəllimlərin bitib tükənməyən nəfslərinin təmin olunmasına xidmət edir ki, bu da insanlarda ölkəmizin təhsil sisteminə inamsızlığın daha da artmasına səbəb olur.
Azərbaycan dövləti o qədər kasıb və imkansız bir durumdadır ki, məktəblərdə valideynlərdən məktəbin təmiri, abadlaşırılması bir yana, təmizlik işlərinin aparılması üçün vasitələr üçün də pul yığırlar? Bu formada, məcburi şəkildə valideynlərdən tələb olunan pullar, heç vaxt ianə adlandırıla blməz.
Nazir E.Əmrullayev təhsil sistemini bu biabırçılıqdan qurtarmaq üçün bir neçə pilot modelin təqdim olunduğunu deyir. Amma anlaşılan deyil, bu hansı formada və necə həyata keçiriləcək? Çünki xeyriyyəçiliyin bir forması var-xeyriyyəçini nə məktəb, nə nazirlik seçmir, onu bu addımı atmaq istəyən şəxsin özü seçir. Bu bir şirkət, yaxud insanlar qrupu da ola bilər.
Amma heç bir halda valideynlərdən kiminsə istəyi ilə ola bilməz. Çünki hazırda məktəblərdə məcburu tətbiq olunan forma, məhz bir nəfərin guya istəyi və digərlərinin könüllü-məcburiyyəti şəklində gerçəkləşdirilir. Buna etiraz edənlər isə təhqir və aşağılama obyektinə çevrilir. Bu kimi metodların ianə toplamaq adı ilə daha geniş miqyasda tətbiq olunması və hətta nazirlikdən dəstək alması, gələcəkdə daha ağır nəticələrə səbəb ola bilər. Çünki Azərbaycanda hər zaman mövcud olan və xalqımızın mental dəyərlərindən biri sayılan «hörmət» anlayışı, artıq çoxdan «rüşvət» anlayışı ilə əvəz olunub. Təhsil Nazirliyinin təklif etdiyi yeni metodlar da rüşvətin ianə adı ilə leqallaşmasına yol açacaqsa, Azərbaycan təhsilinin faciəli dönəmi başlayır, deməkdir.
Azərbaycan yetərincə güclü və qüdrətli dövlətdir ki, burada millətin gələcəyi olan gəncliyin təlim-tərbiyəsi və təhsili üçün bütün imkanlar yaradıla bilər. Məktəblərə kimsə ianə verirsə, çox gözəl, yox məktəb ianə adı ilə onsuzda maddi imkanları məhdud olan insanları çıxılmaz duruma salıb, övladlarınini qarşısında üzüqara edirsə, bu yolverilməzdir və nazirlik buna qarşı ciddi mübarizə aparmalıdır.
Yusif Seyid