Leninçi casus-komsomol – Çaplinin qovluğunu Stalinə təqdim edən Yejov ondan konkret əmr alıb



 

SeherXeber.org ın musavat.com-a istinadən məlumatına görə, Nikolay Çaplin 1902-ci ildə Smolenskdə anadan olub, bu şəhərdəki real məktəbində təhsil alıb. 15 yaşı olanda Çaplin valideynlərindən icazəsiz Smolenskdən Petroqrada qaçaraq oktyabr inqilabında iştirak edib. Həmin vaxtdan “bolşeviklərin kiçik dostu” adını qazanıb.

Çaplin təhsilini başa vurduqdan sonra komsomol orqanlarında işləməyə başlayıb, Smolensk komsomol təşkilatına rəhbərlik edib. Artıq 18 yaşı olanda təşkilatçılığı, apardığı təbliğat işləri ilə fərqlənən gənc komsomolçu Leninin təşəbbüsü ilə 1920-ci ildə Tümen komsomol komitəsinə birinci katib təyin edilib. İki il Tümendə işlədikdən sonra fəaliyyətini 1924-cü ilə qədər Zaqafqaziyada komsomol komitəsində katib kimi davam etdirib.

307747

1924-cü ildə komsomolunun Moskvada keçirilən plenumunda 22 yaşlı Nikolay Çaplin Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının birinci katibi vəzifəsinə seçilib.

Çaplinin bu təyinatı heç də inqilab liderlərinin hamısının ürəyincə olmayıb. Lev Trotski isə bu təyinatın qəti əleyhinə olub. Çaplinin fəaliyyəti ilə bağlı Trotski müşavirələrin birində açıq şəkildə Stalinə iradını da bildirib:

- Gənclərin siyasi fəaliyyətini Çaplinə həvalə etmək böyük yanlışlıqdır. Bu adam öz aktyorluq məharəti altında çox şeyləri gizlədir. Bir gün də olsa əsgər paltarı geyinməyən şəxs gənclərə hərbi vətənpərvərliklə bağlı hansı təbliğatı apara, onlara necə nümunə ola bilər? İndi hamı Lenin deyir, amma hamı heç də əsl leninçi deyil.

Stalin Trotskinin bu fikirlərini ciddiyə almayaraq heç bir reaksiya verməyib, yalnız Çaplinə dəstəyini, ona inandığını bidirib.

307748

1928-ci ildə Çaplin partiya orqanlarında xidmətə başlayıb. O, Zaqafqaziya diyar partiya komitəsində katib vəzifəsində işləyib. Bu vəzifədə olarkən bir neçə dəfə Beriya Çaplinin şübhəli fəaliyyəti haqqında Stalinə yazılı məlumat göndərib. Həmin məlumatlarda onun antisovet fəaliyyəti də əks olunub.

Zaqafqaziyadan gələn məlumatlardan sonra Çaplinin məsələsi Mərkəzi Komitədə müzakirə edilib. Son qərarda onun partiya orqanlarında işləməsi məqsədəuyğun sayılmayıb və Çaplin təsərrüfat işinə keçirilib, Murmanskda dəmiryol idarəsinə şöbə müdiri vəzifəsinə təyinat alıb. 1937-ci ildə isə onu Cənub-Qərb Dəmiryol İdarəsinə rəis təyin ediblər.

Bu təyinatdan bir ay sonra “NKVD” başçısı Nikolay Yejov Stalinin qəbulunda olub. Yejov Stalindən təcili olaraq Çaplinin həbs olunmasını xahiş edib. Adətən həbs siyahılarını uzun-uzadı müzakirə aparmadan imza atan Stalin bu dəfə Yejovdan Çaplinin həbsinin səbəbini soruşub. Yejov özü ilə gətirdiyi qovluğu Stalinin qarşısına qoyub. Qovluqda toplanmış sənədlərdə Çaplinin 1924-1930-cu illərdə başqa adla Almaniya, İngiltərə, Belçika, Portuqaliya və Türkiyəyə gizli səfərləri əksini tapıb. Həmçinin bu səfərlər zamanı Çaplinin istifadə etdiyi saxta sənədlərin surətləri də qovluqda olub.

307746

Əlavə araşdırmalara ehtiyac duymayan Stalin Çaplinin həbsinə icazə verib və bu həbsin icrasını birbaşa Yejova tapşırıb.

Bu görüşün səhərisi günü Çaplin “NKVD”-yə dəvət olunub. Yejov onu gülərüzlə qarşılayıb və ilk sualını verib:

- Siz alman, yaxud ingilis dilində bilirsiniz?

- Xeyr, yoldaş Yejov.

- Biz sizi xüsusi tapşırıqla Almaniyaya göndərmək istəyirdik. Yoldaş Stalin də sizin fəal bir kommunist kimi bu işə cəlb olunmağınızı dəstəkləyib

- Mən bacararam, mütləq bacararam, partiyamızın tapşırıqlarını yerinə yetirmək üçün bütün gücümü səfərbər edərəm.

- Əlbəttə bacararsınız, 1924-cü ildə olduğu kimi.

307745

Bu sözlərdən sonra Yejov Çaplinin danışmağına imkan verməyib, düyməni basaraq konvoyları içəri dəvət edib. Çaplin həbs olunub.

İstintaq zamanı ilk günlər Çaplim əməllərini dansa da, sonrakı günlər Almaniya və İngiltərə kəşfiyyatına işlədiyini etiraf edib.

23 sentyabr 1938-ci ildə Yejov növbəti dəfə Stalinin qəbulunda olanda, Çaplinin hansı cəzaya məhkum edilməsini müzakirə etmək istəyəndə Stalinin cavabı qısa və konkret olub:

- Komsomolu müzakirə etməyə ehtiyac yoxdur. Güllələyin...