Rusiya 100 milyard dollar itirə bilər - ŞƏRH



 

Avropa Birliyi Rusiyadan neft idxalına embarqo tətbiq etmək niyyətindədir. Söhbət idxalın 25%-ni ödəyən Rusiya neftindən imtinadan gedir.

SeherXeber.org xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, neft embarqosu reallaşarsa, bu, Rusiyanın valyuta gəlirlərinin kəskin azalmasına səbəb olacaq: "Belə ki, xam neft və neft məhsulları Rusiya ixracatının 37%-ni təşkil edir və bu məhsulların da 70%-i ABŞ və Avropa bazarlarına ixrac olunurdu. Ötən il Avropaya neft ixracatından Rusiyanın illik qazancı 104 milyard dollar olub". 

Millət vəkilinin sözlərinə görə, Avropada Rusiya neftinin ən böyük alıcısı Almaniyadır. Berlin neft üçün Moskvaya ildə 23,6 milyard dollar ödəyirdi: "Rusiya neftinə görə hər il Polşa 14,7 milyard, Niderland isə 11,4 milyard dollarından keçirdi. Finlandiya, Belçika və Böyük Britaniya isə ayrı-ayrılıqda ildə Rusiyaya neft idxalına görə 7 milyard dollara yaxın valyuta ödəyirdi. Deməli, embarqo qərarı Rusiya üçün ən azı 100 milyard dollardan artıq ziyana başa gələcək. Mövcud qiymətlər ilə bu daha böyük rəqəmlə ifadə olunur. Aydındır ki, infrastruktur və eləcə də, sanksiyaların sərtliyi baxımdan nəinki qısa və hətta orta müddətdə də Rusiyanın alternativ bazarlar tapması real deyil".

"Neft embarqosu “qara qızıl”ın qiymətinin kəskin artmasına səbəb ola bilər. Doğrudur, Qərb OPEC daxili mənbələr hesabına bazara daha çox neft çıxarmağa çalışır və bu da davam edəcək. Amma OPEC-in özünün də qısa zamanda boşluğu doldurmaq imkanları yüksək deyil. Neftin dünya bazar qiymətinin yüksəlməsi enerji ölkələrinin, o cümlədən Azərbaycanın valyuta gəlirlərinin artmasına gətirib çıxarsa da, birjalardakı qeyri-müəyyənlik uzunmüddətli dövr üçün səmərəli olmaya bilər. Bütün bunlar ilə yanaşı reallıq bundan ibarətdir ki, hələ bir müddət birjalarda volatillik yüksək olaraq qalacaq. Bu yarışda isə qazananlar ilə yanaşı uduzanların da sayı az deyil", - deyə, V. Bayramov əlavə edib.