Masallıda qardaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır



 

Masallıda qardaşını qətlə yetirməkdə təqsirli bilinən Seyfulla Cəbiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

SeherXeber.org xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Əliyevin icraatına verilib

Məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək, hadisə bu ilin yanvarında qeydə alınıb. Belə ki, 2022-ci il yanvarın 5-də Masallı rayon Ərkivan qəsəbə kənd sakini, 1978-ci il təvəllüdlü Qalib Cəbiyevin 2 gün əvvəl itkin düşməsi barədə qardaşı İlqar Cəbiyevin müraciəti əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının yüksək peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində törədilən gizli cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Q.Cəbiyevin rayon ərazisində qəsdən öldürülməsi müəyyən edilib.

Araşdırmalarla Q.Cəbiyevin yanvarın 3-də, gecə saatlarında mübahisə zamanı qardaşı, 1983-cü il təvəllüdlü Seyfulla Cəbiyev tərəfindən qəsdən öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti birgə yaşadıqları evin həyətyanı sahəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən S.Cəbiyevin iştirakı ilə hadisə yerinə baxış keçirilən, meyit gizlədilmək məqsədi ilə basdırılmış yerdə aşkar edilərək məhkəmə-tibb ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

S.Cəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.