3 ayda 11 milyard manatı nələrə xərcləmişik?



 

2022-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 11
milyard manatlıq, o cümlədən 6,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 4,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

SeherXeber.org bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6%, qeyri-ərzaq malları üzrə 3,7% artıb. Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub.

2022-ci ilin yanvar-mart aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara
xərclədiyi vəsaitin 51%-i ərzaq məhsullarının, 5,5%-i içkilər və tütün məmulatlarının, 15,2%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2%-i avtomobil benzini və dizel
yanacağının, 4,7%-i elektrik malları və mebellərin, 2,4%-i əczaçılıq məhsulları və tibbi
ləvazimatların, 1,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının,
14,9%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. 

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış
malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,2% artaraq ümumi
pərakəndə ticarət dövriyyəsinin 99,8%-ni təşkil edib.

2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə
müəssisələr üzrə 13,3%, bazar və yarmarkalarda 1,1% artmış, fərdi sahibkarlar üzrə isə
1,3% azalıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda
365,1 manatlıq, o cümlədən 206,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,
158,9 manatlıq qeyri-ərzaq malları alıb.