Azərbaycan startapı rusiyalılara sanksiyadan yayınmaqda dəstək verirmi?



 

Azərbaycanlı Elmir Əliyevin rəhbərlik etdiyi komandanın, onun "Bankoff" (bankoff.co) startapının rusiyalı vətəndaşlara sanksiyadan yayınmaq üçün kömək etdiyi ilə bağlı Ukrayna mənbələrində video paylaşılıb.

İddia olunur ki, Elmir Əliyev və komandası kütləvi olaraq rusiyalılar üçün virtual bank kartları ("Visa") hazırlayırlar.

SeherXeber.org xəbər verir ki, bunu İKT sahəsi üzrə ekspert Osman Gündüz deyib. O bildirib ki, bu kartları əldə edən rusiyalılar ödəniş etməyə, pul köçürmələrinə, alqı-satqı etməyə imkan qazanır.
Bu isə o anlama gəlir ki, rusiyalılar "MasterCard" və "Visa"nın onlar üçün müəyyən etdiyi sanksiyalardan "Bankoff" vasitəsilə yayına bilirlər:

"İlk öncə qeyd edim ki, Ukrayna tərəfinin yaydığı bu məlumatın nə dərəcədə doğru olmasını demək çətindir. "Bankoff" resursunu nəzərdən keçirdikdə görmək olar ki, buna imkanlar tam realdır".

"Amma onu da vurğulamaq lazım ki , bu tip virtual kart verən şirkətlər çoxdur, startaplar xidmət üçün, kart üçün onlara müraciət edənlərin kimlər olmasına diqqət edə və etməyə də bilər. 
Hər halda, əminəm ki startap rəhbərliyi dəqiq bilir ki, son bir ayda kart üçün müraciətlər haradan daha çox olub.

Düşünürəm ki, yayılan məlumatlarda Azərbaycanın adı hallandığından buna münasibət bildirmək doğru olardı", - deyə O. Gündüz əlavə edib.