Bakı metrosu 3 yeni qatar alıb



 

"Bakı metropoliteni" QSC yenicə aldığı üç yeni təsərrüfat qatarını (motovoz) istismara verib.

SeherXeber.org quruma istinadən xəbər verir ki, qatarlar Azərbaycanın texniki şərtləri əsasında Rusiyada - “ViLen” MMC-də istehsal olunub.

Bu zaman Bakının iqlim şəraiti, metropolitenin hidrogeoloji şəraiti, relyefi, yolun plan və profil vəziyyəti, yerinə yetirilən işlərin xüsusiyyətləri nəzərə alınıb.

Əgər indiyə qədər metroda xüsusilə ağır və uzun mal-materialın daşınmasını istismar müddətini başa vurmuş iki motovoz birlikdə yerinə yetirirdisə, yeni təsərrüfat qatarının hər biri bu işi təkbaşına görə bilir.

Təsərrüfat qatarlarının istehsalında güc qurğularına da xüsusi texniki şərtlər qoyulub. Bu mənada onlar müasir dövrün ekoloji standartlar baxımından ən yüksək tələblərinə uyğun cavab verən “Cummins” tipli dizel mühərriki, həmçinin məsafəli idarəetməyə malik mexaniki sürət qutusu ilə təmin edilib. Qatarların üstünlükləri sırasında radiorabitə şəbəkəsi, işıqdiodlu işıqlanma və reversiv idarəetmə sistemlərlə təchizat da qeyd olunmalıdır və bununla yeni motovozlar əvvəlki nəsil analoqlarından seçilir.

hazırda Bakı metrosunda 27 təsərrüfat qatarı var. Onlardan 5-i 2014-2017-ci illərdə alınıb. Motovoz parkının əsasən əvvəlki nəslə mənsub maşınlardan ibarət olması və Bənövşəyi xəttin ehtiyacları nəzərə alınmaqla, yenilənmə prosesinin qarşıdakı illərdə davam etdirilməsi nəzərdə tutulub.