Bakıda marşrutlar “Google Maps”də görünməyəcək



 

Bakıda “Google Maps” xəritəsində ictimai nəqliyyat marşrutları görünməyəcək.

SeherXeber.orgın məlumatına görə, bu barədə “Transit for Baku” layihəsinin açıqlamasında qeyd olunub.

Bildirilir ki, layihə nəticəsində şəhərin ictimai nəqliyyat naviqasiyası ilə bağlı məlumatlar toplanaraq 2014-cü il martın 19-dan “Google” xəritələrində ictimai istifadəyə verilib. Bakı Nəqliyyat Agentliyi (BNA) özü də saytında naviqasiya üçün Google Xəritələrindən istifadə edir. 

Açıqlamada həmçinin qeyd olunub ki, ötən aylarda avtobuslar üzrə işlər məcbur dondurulub: “Layihənin publik startının 8-ci il dönümündən, 2022-ci il martın 19-dan etibarən isə avtobus məlumatlarının “Google” xəritələrinə inteqrasiyası dayandırılıb. Hazırda sistemin “grace period” (güzəşt müddəti) prinsipi ilə hələ də göstərdiyi vaxtı bitmiş məlumatlar yaxın zamanda naviqasiyadan yoxa çıxacaq”. 

Buna səbəb kimi isə BNA-nın ictimai nəqliyyatda dəyişikliklər barədə məlumatlandırmada çox gecikdiyi, bəzən məlumatlarda ərazidə aşkar olunan səhvlər olduğu və ya məlumatlandırmanın ümumiyyətlə reallığa uyğun olmadığı, məlumatlandırmanın dəyişiklik baş verəndən sonra yerinə yetirildiyi, bəzən isə ümumiyyətlə rəsmi məlumatlandırmanın olmadığı göstərilir: “Real time” (real vaxt) planında, BNA ictimai olmalı məlumatları göstərmək istəmir və nəticədə onlardan istifadəyə imkan vermir, insanların nəqliyyatdan daha rahat istifadəsinə süni maneə yaradır”. 

Bununla bağlı olaraq layihə Bakı sakinləri adından müvafiq qurumlara açıq məktub ünvanlayıb.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Qurumun mətbuat xidmətindən “SeherXeber.org ”ın sorğusuna cavab olaraq bildirildi ki, məsələdən xəbərdardırlar və bununla bağlı araşdırma aparılır.