Rusiyaya mal satanlarda dollar problemi: Həll yolu budur - AÇIQLAMA



 

Rublun möhkəmlənməsi üçün Rusiya Mərkəzi bankı tərəfindən atılan bir sıra məhdudlaşdırıcı tədbirlər Azərbaycanın bu ölkə ilə ticarət əlaqələrinə də təsirsiz ötüşməyib. Belə ki, şimal qonşumuzda ABŞ dolları və avronun satışına qoyulan qadağa ixrac əməliyyatlarının bu valyutalarla ödənilməsində çətinliklər yaradır.

İqtisadçı ekspert Elman Sadıqov “SeherXeber.orga açıqlamasında bildirdi ki, Rusiyada dollar satışına qoyulan qadağalar Azərbaycanın ixracına təsir edəcək ciddi amillərdən biridir: “Məsələ ondadır ki, burada yalnız dolların deyil, digər sərbəst valyutaların da dövriyyəsində problemlər var. Ən azı avronun satışında limit olmasaydı, o zaman iş adamlarımız avro əldə edərək onu Azərbaycanda konvertasiya edərdilər. Ən böyük problemlərdən biri Azərbaycan sahibkarlarının mallarını Rusiyada rublla satmasıdır”. 

Ekspertin sözlərinə görə, alternativ yol rublu “qara bazar”da dollara dəyişməkdir ki, bununda riskləri var. Çünki əksər iş adamlarımız Rusiyaya bir və ya iki dəfəlik ixrac əməliyyatları həyata keçirirlər və geniş əlaqələrə malik deyillər: “Bu zaman konvertasiya əməliyyatlarında aldadıla bilərlər ki, bunun da qeyri-leqal əməliyyat olduğu məlumdur. Həmçinin dolların kursunun onları qane-edib etməyəcəyi də sual altındadır. Xüsusilə, kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan şəxslər dolların kursunu da nəzərə alırlar. Əgər düşündüklərindən baha qiymətə dollar alacaqlarsa, ixrac onlar üçün sərfəli olmaya və ya zərər etmələrinə səbəb ola bilər”. 

Burada yeganə yolun rublun Azərbaycana gətirilməsi olduğunu deyən E. Sadıqov həmin rublun Rusiya kapitallı banklar – “Bank VTB” və “Yelo Bank” tərəfindən dollara konvertasiya edilə biləcəyini vurğulayıb: “Lakin bizdə bunun nə dərəcədə real olacağı, sui-istifadə halının olub-olmayacağı da sual altında qalır. Yəni insanlar rublu Azərbaycana gətirərək onu konvertasiya edə biləcəklərmi? Əgər iş adamlarımız Rusiyada öz rubllarını dollar və avroya çevirməkdə çətinlik çəkirlərsə, yeganə yol budur” – deyən ekspert müəyyən risklərin və limitlərin olduğunu da istisna etməyib. 

E. Sadığov sözügedən məsələ ilə bağlı mexanizmin hazırlanmasını və dövlətin həmin şəxslərə zəmanət verməsini vacib hesab edib:

“Hər bir məhsul ixrac edilərkən ixrac gömrük bəyannaməsi verilir. Həmin şəxs məhsulunu Rusiyada satdıqdan sonra rublu Azərbaycana gətirərsə, gömrük bəyannaməsi ilə bu pul Azərbaycan banklarında Mərkəzi Bankın kursu əsasında və daha az komissiya tutularaq manata konvertasiya oluna bilər. Bu zaman, əminəm ki, iş adamları ixracı davam etdirəcək və ixrac məsələlərində risk çox olmayacaq. Çünki əsas məqam rublun hansı kursla manata və ya dollara çevriləcəyidir. Biz bu mexanizmi həyata keçirə bilsək və sahibkarları öncədən bununla bağlı məlumatlandırsaq, daha effektiv nəticə əldə olunar”, deyə ekspert qeyd edib.