Bakıda söhbətə gedən məmur döyüldü: işi ona tapşırdılar qadınla sevgili oldu



 

Bakıda qadının birinci əri ilə ikinci həyat yoldaşı arasında düşən dava məhkəmə predmeti olub. 

SeherXeber.orgın “Kriminalqafqaz”a istinadən məlumatına görə, paytaxt sakini Gülnaz A.-nın (ad şərtidir) birinci və ikinci əri Səadət Sarayının qarşısında əlbəyaxa davaya çıxıblar.

1984-cü il təvəllüdlü Çingiz Ə. (ad şərtidir) 2019-cu ildə həyat yoldaşından boşanıb. Boşanmadan sonra alimenti ödəmədiyindən iş icra şöbəsinə yönləndirilib və İcra Probasiya Şöbəsinin icra məmuru Ceyhun M.-in (ad şərtidir) icraatına verilib. Bu əsnada Ceyhunla Gülnaz arasında yaxınlıq yaranıb və onlar evlənməyə qərar veriblər. Bunu görən Çingiz keçmiş arvadı ilə icra məmuru arasındakı münasibəti aydınlaşdırmaq üçün Ceyhunla görüşüb və aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, Ceyhuna və onun “Porsche” markalı avtomobilinə zərər vurub. İcra məmuru qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi və bədən xəsarətləri alıb. Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Məhkəmədə dindirilən zaman təqsirləndirilən şəxs Çingiz Ə. deyib ki, Ceyhunla heç bir düşmənçiliyi olmayıb: “Gülnazla 2008-ci ildə evlənmişik. İki qız övladımız var. 2019-cu ildə münasibətlər korlandığından boşandıq. Boşandıqdan sonra onun mənə qarşı aliment tələbi ilə bağlı qərarın icrası İcra və Probasiya şöbəsinin icra məmuru Ceyhun M.-ə həvalə edildi. Onunla bir neçə dəfə qərarın icrası ilə əlaqədar görüşmüşdüm. 2020-ci ildə axşam 11 radələrində Gülnazın yaşadığı evin qarşısından keçərkən Ceyhunun avtomobilinə əyləşdiyini gördüm, aralarında səmimi münasibət olmasından şübhələndim. Boşandığım üçün onun gələcək həyatı məni maraqlandırmırdı. Amma Ceyhunla arasındakı münasibətləri dəqiqləşdirmək istədim. Soraqlaşdıqda Gülnazın ondan hamilə olması və ailə quracaqları məlum oldu. Sonradan artıq rəsmi nikaha daxil olaraq birlikdə yaşadıqlarını öyrəndim”.

Bir gün anası ilə yaşayan 11 yaşlı qızım zəng vuraraq məndən onun atası olub-olmadığımı soruşdu. Mən uşağın bu sualı qarşısında çaş-baş qaldım. Mən ona atası olduğumu izah etməyə çalışarkən Ceyhun telefonu götürərək məni təhqir etdi, nalayiq ifadələr işlətdi. Buna görə də Ceyhun barəsində polisə müraciət etdim. Lakin o, polis bölməsinin çağırışına gəlmədi. Hətta atası R. oğlunun bu hərəkətinə görə məndən və qardaşımdan üzr istədi. Oğlunu bağışlamağı xahiş etdi və biz atasının xahişinə görə Ceyhundan şikayətçi olmadıq.

3 aprel 2021-ci ildə mənə R. adlı bir şəxs kobud şəkildə zəng edib görüşə çağırdı. Əvvəlcə Yasamal qəbiristanlığı ərazisində görüşməyi təklif etdi. Sonradan qardaşım onu Səadət Sarayının qarşısına çağırdı. Ora gedəndə “Porcshe” markalı avtomobildə Ceyhunu gördüm. Həmin vaxt qardaşım Ceyhunun dostu ilə avtomobilin yanında dayanıb söhbət edirdi. Mən onlara yaxınlaşıb nə baş verdiyini öyrənmək istəyərkən Ceyhun "Porcshe"dən düşüb təpik atdı. Sonra qardaşımın sifətinə yumruq vurdu. Bunu görüb araya girdim, yumruqla Ceyhunun başından vurdum. Polis əməkdaşları ora yaxınlaşdı. Ceyhun avtomobilinə əyləşərək ərazidən uzaqlaşdı. Polislər məni, qardaşımı və onun dostunu bölməyə apardılar. Ceyhunun barəsində şikayət ərizəsi yazdım. Ceyhunun bizim onu döyməyimizlə bağlı iddiaları tamamilə yalandır. Mən onun avtomobilini zədələməmişəm”.

Ceyhun M. isə ifadəsində göstərib ki, aliment tələbi ilə bağlı işi apararkən Gülnazla münasibəti yaranıb, daha sonra ailələrini tanış edərək kəbin kəsdiriblər: “Rəsmi nikah və toy karantindən sonra olacaqdı. Gülnaz məndən hamilə oldu və hazırda bir oğlumuz var. Bu məsələdən xəbər tutan Çingiz qızları ilə görüşüb danışmaq üçün dəfələrlə bizim evə zəng edib. Çingiz hər bəhanə ilə ailəmdə narahatlıq yaradırdı. Zənglərdən birində mən telefonu götürüb bir daha evə zəng etməməsini tələb etdim. Polisə müraciət edərək guya ögey qızımla yaxşı davranmadığımı bildirib. Halbuki uşaqlar mənə ata deyir, Çingiz barədə isə yaxşı fikirdə deyillər. Mən polisə gedəndə Çingiz və qardaşı mənə söyüş söydülər.

Bir dəfə dostuma bu hadisələr barədə danışdım. O, yanımda Çingizə zəng edərək məsələnin kökündən həll olunması üçün oturub söhbət etməyi təklif etdi. Səadət Sarayının qarşısında avtomobildən düşəndə Çingiz və tanımadığım şəxs üzərimə gəlib təpik atdı. Qardaşı məni arxadan qucaqlayaraq qollarımdan tutdu. Çingiz isə başıma yumruq zərbələri vurdu. Zərbənin təsirindən özümü itirib yerə yıxıldım, yerdə uzanıqlı vəziyyətdə olarkən başıma təpiklərlə vurmağa başladılar. Polis əməkdaşları hadisə yerinə yaxınlaşanda güc tapıb avtomobilə əyləşdim və oradan uzaqlaşdım. "5 mərtəbə" adlanan ərazidə DYP əməkdaşları maşını saxladı, polis bölməsinə dəvət etdilər. Onlar ümumilikdə 7-8 nəfər idilər. Avtomobilin ön buferinin sağ hissəsi batmış, boyası pozulmuşdu. Mənə 200 manat ziyan dəyib”.

Məhkəmə araşdırması zamanı hadisə yerinə “Dodge Durango” markalı avtomobildən dörd nəfər şəxsin düşməsi də müşahidə olunub. Səbail Rayon Məhkəməsi xuliqanlıq ittihamı ilə Çingiz Ə. barəsində 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Onun üzərinə başqa yerə getməmək iltizam tədbiri qoyulub. Lakin Çingiz Ə. Zəfər Günü ilə bağlı amnistiya aktının təsir dairəsinə düşdüyü üçün bəraət alıb və üzərindəki cəza götürülüb.

Hökmdən narazı qalan icra məmuru apellyasiya şikayəti verib və işin yenidən istintaqa qaytarılmasını xahiş edib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və qərar dəyişdirilmədən saxlanılıb.