Bakıda atasını döyüb öldürən oğul hakim qarşısında 



 

Xəzər rayonunda atasını küt alətlə vuraraq ölümünə səbəb olmaqda təqsirli bilinən İlqar Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

SeherXeber.org xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası martın 18-nə təyin olunub.

Qeyd edək ki, Xəzər rayonu ərazisində Kərimov Ramiz Nurulla oğlunun təzyiq xəstəliyi ilə əlaqədar səhhətinin pisləşməsi nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin daxili müayinəsi zamanı baş beyin yarımkürələrinin geniş qansızması aşkar olunub. Qeyd olunan xəsarətlərin küt əşyanın təsirindən təkrar zərbələrlə yetirilməsi zamanı törədilməsi müəyyən edilib.

Aparılmış araşdırmalarla hadisənin zərərçəkmişin oğlu İlqar Kərimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ramiz Kərimovun baş nahiyəsinə zərbələr vuraraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İlqar Kərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.