Kriminal avtoritetin qətlində ittiham olunan Azərbaycanın dünya çempionu ÖLDÜRÜLDÜ



 

SeherXeber.org xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə təxminən bir saat əvvəl baş verib.

Paytaxtın Nəsimi rayonu 6-ci mikrorayon ərazisində Zaur Yusifov naməlum şəxs və ya şəxslər tərəfindən “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.

Z.Yusifovun vəkili Ceyhun Yusifov məlumatı təsdiqləyib.

Qətli törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı 1984-cü il təvəllüdlü Zaur Yusifov da tutulub. Kikboks üzrə dünya çempionu Zaur Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilirdi.

2021-ci il oktyabrın 8-də Zaur Yusifov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alaraq məhkəmə zalından azadlığa buraxılmışdı.