Bakı-Tbilisi-Ceyhan kəmərini partlatmaq istəyən erməniyə 19 il həbs verildi



 

Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəmə prosesi yekunlaşıb.

"Ölkə.Az" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İşxan Sarqsyan 20 il, Vladimir Rafaelyan 19 il müddətə azadlıqdan məhrum edilib.

Proses martın 7-də davam etdiriləcək.

İttihama görə, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan İşxan Aşoti və mühəndis istehkamçı qismində hərbi xidmət keçən Rafaelyan Vladimir Otari 2021-ci il mayın 27-də Azərbaycan sərhədini Kəlbəcər istiqamətində qanunsuz olaraq keçiblər. Onlar Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işləri görüblər. Cinayət başında yaxalanan erməni terrorçulardan 23 ədəd mina aşkarlanaraq götürülüb. Hər iki şəxsə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci (qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə), 282-ci (təxribat törətmə) maddələri ilə ittiham elan olunub.

Qeyd edək ki, cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılıb. İstintaq zamanı İşxan Sarqsyan ifadəsində Bakı-Tbilisi-Ceyhan neft kəmərini partlatmaq əmrini aldığını etiraf edib.