“Kristal Abşeron” MTK-nın icraçı direktoru Məhayət Nəbiyev “Pişik” ləqəbli müğənni Günel Ələkbərovaya mənzil hədiyyə edib.



 

“Kristal Abşeron” MTK-nın icraçı direktoru Məhayət Nəbiyev “Pişik” ləqəbli müğənni Günel Ələkbərovaya etdiyi hədiyyə ilə gündəmə gəlib.

SeherXeber.org 32gun.az-a istinadən xəbər verir ki, deputat Ağalar Vəliyevin sahibi olduğu “Kristal Abseron” MTK-nın Xırdalan layihəsindəki binanın bir mərtəbəsinin tamamının müğənniyə hədiyyə olunduğu iddia edilir.

İddiaya görə, müğənninin sənətinə hörmət əlaməti olaraq belə bir addım atılıb.

Məsələ ilə bağlı “Kristal Abşeron” şirkətinin marketinq şöbəsindən Rəşad Qurbanovla əlaqə saxladıq və belə bir “obyekt”in olub-olmaması ilə maraqlandıq. Şirkət rəsmisi müştərilərin məxfi məlumatları barədə heç bir açıqlama verə bilməyəcəklərni açıqlayıb. Günel Ələkbərovanın da özü ilə əlaqə saxlamağa çalışsaq da, “bir azdan zəng edərsiniz”, – deyib dəstəyi asdı. Bir müddət sonra növbəti zənglərimizdə dəstəyi qaldırmadı.

Xatırladaq ki, mətbuatda A.Vəliyevin böyük biznes şəbəkəsinin olması və “Azəraqrartikinti” ASC idarə heyətinin sədri olduğu yazılıb. Həmçinin iddiaya görə, İstanbulun Alemdar məhəlləsi, Başmühasip küçəsi, 10 ünvanında yerləşən hotel Pərviz Vəliyevin 2015-ci ilin avqustun 24-də İstanbul Ticaret Odasında qeydiyyatdan keçirdiyi PZ GRUP TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ üzərindən idarə olunur.

Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, betonzavodun və “MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir. “MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin daxilində kiçik hostel və özəl bağça fəaliyyət göstərir. Bu da Pərviz Vəliyevin özünün nəzarətindədir.

Deputatın Azərbaycanda da böyük biznesi var. Elə Bakıda çoxsaylı ərazilərdə, hətta metro çıxışlarının üstündə, dəmiryol xətlərinin bir addımlığında yüksəkmərtəbəli binalar tikərək, çox baha kredit faizləri ilə satan “Kristal Abşeron” tikinti şirkəti də Ağalar Vəliyevə məxsusdur…