Atam haqqında xatirələrim

Atam Şamil kişi 1903-cü ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində anadan olub. Onun böyük qardaşı Əli, kiçik qardaşı Aslan və bacıları 1900-cü ildə İrandan Cocuq Mərcanlıya köçmüşlər. Ataları Gülməmməd İranda maldarlıqla və başqa təsərrüfat işlərilə məşğul olmuş, XX əsrin əvvəllərində Cəbrayıl rayonuna köçmüş və burada yaşamışlar. Burada da maldarlıqla məşğul olmuşlar. 1925-ci ildə Qaryagin (indiki Füzuli) rayonunun Böyük Bəhmənli kəndinə köçmüşlər. Atam burada dərzilik sənətini öyrənmiş və bu sənətlə məşğul olmuşdur. Burada 3-cü sinfə qədər oxumuş və ailə qurmuşdur. Mən 1934-cü ildə anadan olmuşam və atamın ilk övladıyam. Atam Böyük bəhmənli kəndində yaşamaq üçün lazım olan normal şərait qurmuş, övladlarının təhsil almasına və böyüyüb boya-başa çatmasına kömək etmişdir.
Atam 1941-1945-ci ilin avqust ayında Böyük Vətən Müharibəsinə getmiş, döyüşlərdə fəal iştirak etmiş, 4 dəfə ağır yaralanmış, müxtəlif hərbi qospitallarda müalicə olunmuş, 1945-ci ildə ikinci qrup müharibə əlili olsa da, Ukrayna və Rusiyanın şəhərlərinin bərpa olunmasında iştirak etmiş və sentyabr 1945-ci ildə doğma Böyük Bəhmənli kəndinə qayıtmış, xalqın və dövlətin qulluğunda olmuş, ömrünün sonuna kimi ikinci qrup əlil kimi təqaüd almışdır.
Atam çox zəhmətsevər insan idi və övladlarını da zəhmətə alışdıran,, təbiətcə sakit və tələbkar adam idi. Arxasınca getdiyi hər bir işi layiqincə yerinə yetirərdi və ömrünün sonuna kimi xalqa və dövlətə ləyaqətlə xidmət dərdi.
Mən atamın himayəsində yaşamaqla orta məktəbi əla qiymətlərlə bitirdim və sənədlərimi Bakının N. Nərimanov adına Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə təqdim edib, instituta daxil oldum. İnstitutu bitirdikdən sonra cərrah ixtisasına yiyələnib işləməyə başladım. İşlədiyim dövrdə çox ciddi bir səhv etmişdim. Bu səhvə görə, atam mənə bərk bir sillə vurdu. Bu sillə sanki mənə başqa bir ali təhsil də verdi. Və bundan sonra bir dəfə də olsun səhvə yol vermədim. Atam çox ciddi və tələbkar adam idi. O, səliqə-sahmanı çox xoşlayardı, həyat-bacanı təmiz saxlayardı, geyiminə ciddi fikir verər, insanlara yaxşılıq etməkdən həzz alardı. Övladlarına da yaxşılıq etməyi bacarmağı tövsiyyə edərdi. Peşəsini də çox sevərdi, lakin övladlarından heç biri onun sənətinə yiyələnə bilmədi. Atam yaxşı dərzi olduğuna görə, hətta qonşu kəndlərdən gəlib ona paltar tikdirərdilər, yanına gələn hər kəs onun səliqəsinə heyran olardı.
Atam qışa hazırlıq işlərinə hamıdan qabaq başlayardı, qış azuqəsini, taxılı, odunu və digər məhsulları tədarük edər və qış aylarında heç nədən korluq və çətinlik çəkməzdik.
Atam xasiyyətcə ağır xarakterə malik idi, yüngül işlərlə arası olmazdı, sözü bir dəfə deyər, ağır oturar, batman gələrdi, şit zarafatı heç xoşlamazdı.
İş yerimə görə atamgildən ayrı yaşayırdım, tez-tez onu yoxlayardım və o da hərdən bizi yoxlamağa gələrdi. Hər dəfə bizə, adətən bir xoşagəlməz söz eşidəndə gələrdi, səbəbsiz gəlməzdi. Gələndə xeyli oturar, sonra gəlişinin səbəbini deyərdi. Sözünü mənə çox sərt deyərdi və məndən tələb edərdi ki, əgər işləyə bilmirsənsə, ərizəni ver işdən çıx. Bir dəfə Kiyevdən namizədlik disertasiyasını müdafiə edib geri qayıtmışdım, məni təbrik etməyə gəlmişdi. Mən rayonlardan birinə getdiyimdən, evdə deyildim və evə gec qayıtdığıma görə, atam mənimlə sərt danışdı. Üzr istədim və bir təhər könlünü aldım. Atam məni təbrik etdi və ailə-uşaq yanında dedi ki, kişi gərək axşam ailəsinin yanında olsun, əgər bir də belə hərəkətinə rast gəlsəm, eşitsəm səninlə söhbətimiz çox çətin və sərt olacaq və həmin gecə bizdə qalmadı, çıxıb getdi.
Lakin bilirdim ki, atam məni çox sevir, hətta bəzən mənimlə razılaşırdı və mən də bir övlad kimi onu çox sevirdim. Başa düşürdüm ki, dediklərinin hamısı mənim üçün çox faydalı idi və ata tövsiyyəsiydi. Atam ağır xəstələndi, mən hər gün onun yanında olurdum və çalışırdım ki, atama ovlad borcumu layiqincə yerinə yetirim. Atamı sağalda bilmədik, dünyasını dəyişdi və mən hər zaman onun qəbrini ziyarət edir, Quranı-Kərimdən surə oxuduram və onun əziz xatirəsini daim yad edirəm. İndi də din xadimlərini evə dəvət edirəm və atamın ruhunun rahatlığı üçün Qurani-Kərimdən surələr oxuduram. Yaxşı xatırlayıram, atam müharibədən sonra yaşadığı illəri özünün xoşbəxt illəri sayardı.
Hər bir normal övlad kimi, mən də atam Şamil kişini həyatımın ən qiymətli insanı, böyük şəxsiyyəti sayıram. Allahdan ona bağışlanmaq və rəhmət diləyirəm, qəbru nurla dolsun! Amin!
Məmmədov Əyyub Şamil oğlu
Tibb elmləri üzrə fəlsəfə doktoru, “Əməkdar həkim”,
Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü