ASAN-da struktur dəyişikliyi edilib



 

 
Osman Gündüz : 
 
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturunda dəyişikliklər edilib. Dövlət Agentliyinin rəsmi internet resursundan görsənir ki, qurumda 3 yeni şöbə yaradılıb :
-Xidmətlərin dizaynı və Qiymətləndirmə şöbəsi
-Rəqəmsal Texnologiyalar və İnnovasiyalar şöbəsi
-Analitik təhlil və statistika şöbəsi
Düşünmək olar ki, Dövlət Agentliyi struktur dəyişikliyini ötən ilin sonlarında qəbul etdiyi 2022-2024 –cü illər üçün Strateji Planına uyğun olaraq həyata keçirib.
Dövlət Agentliyinin yeni Strateji Planı üç il ərzində qurumun gedəcəyi yol xəritəsini əks etdirir.
Yeri gəlmişkən, konkret bir mərkəzi icra orqanı üzrə bu tip strateji baxışın yaxın bir neçə il üçün müəyyən edilib açıqlanması praktikası da yeni və təqdirəlayiq bir haldır.
Strateji Plandan görsənir ki, qurum 5 əsas strateji məqsəd müəyyən edib.
Güman etmək olar ki, Dövlət Agentliyi məhz bu strateji məqsədlərə uyğun olaraq da struktur dəyişikliyi edib.
Belə ki, Starteji Plana diqqət yetirdikdə görmək olur ki, yeni şöbələr məhz buradakı hədəflərə ( dövlət xidmətlərinin yenidən dizayn edilməsi-sadələşdirilməsi, kağızdan dataya keçirilməsi, xidmətlərin daha effektiv əldə edilməsi, data əsaslı xidmətlərə və data əsaslı idarəetməyə keçid, regional eGov quruculuğu, dövlətə məxsus bazaların inteqrasiyası, innovasiya əsaslı fəaliyyət və startap ekosistemin inkişafı və s. ) istiqamətlənib.
Görünür ki ASAN, qarşıdakı illərdə doğru olaraq rəqəmsal hökumətin formalaşdırılması, inteqrasiya və innovasiyaların inkişafına daha çox diqqət yetirmək niyyətindədir.
Xeyli müqddətdir ki, məhz bu problemlər, xüsusən də inteqrasiya, koordinasiya və rəqəmsal transformasiya kimi problemlər hazırda bu sektorun inkişafında ən əhəmiyyətli məsələlərə çevrilib.
Strarteji Plandan və yeni şöbələrin yaranmasından belə düşünmək olar ki, ən yaxın müddətdə ASAN rəqəmsal sektorda, rəqəmsal hökumət quruculuğunda islahatları gücləndirəcək, developer-hüquqşünas-analitiklər seçimində sonuncu ikisinə daha çox üstünlük verəcək.
Düşünmək olar ki, Dövlət Agentliyi Elektron Hökumətin İnkişafı Mərkəzində də məhz bu prinsiplər əsasında işləri yenidən quracaq, developerləri deyil, daha çox biznes-analitikləri və hüquqşünasları işə cəlb edəcək.
EHİM üçün son zamanlarda əlavə yükə çevrilən çoxsaylı fəaliyyətdən ( eAgro, eSatınalma, Çimərlik sistemi, Su sistemi, AvtobusBileti satış sistemi və s.) nəhayət ki xilas olacaq və Strateji Planda göstərilən hədəflərə istiqamətlənəcək.
Beləliklə , Dövlət Agentliyinin Strateji Planını, müəyyən olunan hədəfləri və ona uyğun ilkin mərhələdə atılan struktur dəyişikliklərini qlobal çağırışlar və sektorda həllini gözləyən ciddi problemlər baxımından doğru və təqdirəlayiq hesab etmək olar.
SeherXeber.org