Təkrar biliyin anasıdır



 

 
Qarabağ. Sülhməramlı Rusiya. Rəsulzadə və Əliheydərlər
(Yüz ildən sonra təkrar izlədiyimiz film)
Möhtərəm tamaşaçılar, diqqətinizə 1 aprel 1920-ci ildə Azərbaycan parlamanında istilaçı Rus qoşunlarını Qarabağı qorumaq üçün (!!!) Azərbaycana dəvət etmək istəyən Əliheydər Qarayevlə Məhəmməd Əmin Rəsulzadənin debatını təqdim edirəm (mənbə: parlamanın stenoqramı). Məxsusən gənclərimizdən bu mətni diqqətlə oxuyub, başımıza gələnləri idrak etmələrini təvəqqe edirəm.
Ruhun şad olsun, Məhəmməd Əmin bəy!
"İş bu saat Azərbaycan füqarasını bu təhlükədən xilas etmək üçün tədbirlər aramaqdadır. Əgər bu hökuməti daxildəki bolşeviklər ilə bir etilafə gələ bilsə idi o vaxt Şura hökuməti də sizi qəbul edə
bilirdi.
(Məclisdə səs-küy qalxır, arxadakı tamaşaçılar bəzi sözlər söyləyirlər sədr zəngi çalır, xalqı sakit edir).
Əfəndilər! Burada açıq danışmaq lazımdır. Hərgah siz həqiqi xalq nümayəndəsisinizsə hər kəsin ağına ağ, qarasına qara deyib üzün vurunuz. Bu gün erməni-müsəlman davasına xitam verəcək bir qüvvə varsa o da Azərbaycan zəhmətkeşləridir. Denikin qüvvələri Ermənistanda toplanır. Biz o piyaniskə Denikinin bandalarının qabağına çıxasımıyıq. Onların qarşısına çıxacaq bir qüvvə varsa o da Qırmızı Rusiya qoşunudur.
(Məclisdə yenə səslər və gurultular eşidilir).
Qarayev - Bu gün biz ciddi surətdə Qırmızı Ordu ilə danışığa girişməliyik. Fəqət, bu danışığı bu hökumət bacarmayacaqdır. Çünki onun əli Əli Bayramovun qanilə boyanmışdır.
(Məclisdə təkrar səslər və gurultular... Yalandır, Böhtan deyirsən, İsbat et... Səslər eşidilir. Sədr zəngi basır, xalqı sakit edir. Natiqdən rica edir ki, nəzakət dairəsində danışsın).
Qarayev (dəvamla) - Sizə Rusiya Şura hökumətin ilə danışığa girmək lazımdır.
Qarabağ hadisələri barəsində söz Məmməd Əmin Rəsulzadəyə verilir.
Məmməd Əmin Rəsulzadə (əsəbi bir halda mənbəyi-xitabətə çıxır) -Əfəndilər! Burada müəyyən bir məsələ var. O məsələ budur ki, Qarabağda Azərbaycan istiqlal və hürriyyətinin düşməni olan bir ünsür tərəfindən fəsad və üsyan qaldırmışdır. Bu fəsad qarşısında hökumət və bütün məmləkət əmri vaqe qarşısında bulunaraq mübarizə edir. Burada digər bir sui-qəsdin şəriki Qarabağda deyil, Bakının özündə, Azərbaycan mərkəzində böyük bir üsyan qaldırmaqda iştirak edən birisi, bir asi burada deyir ki, nə qədər siz biz asilər ilə üzləşməmisiniz, Qarabağ asiləri ilə mübarizə edənmiyəcəksiniz, binaən-ileyh bir üsyanı yatırmaq üçün hökumətin, ümuri-idarəni biz asilərin əlinə verməlisiniz.
Əfəndilər! Üsyan çığıranın adı Əliheydərmi olsun, ya Vartazarmı olsun, ikisi də asidir. Qarabağdamı və Bakıdamı çıxışda bulunsun, ikisi də birdir.
Bizə deyirlər ki, ermənilər ilə mübarizə edənmirsiniz, bu mübarizəni Azərbaycan davam etdirə bilməz.
Qarabağ asilərini təfrik etmək üçün Sovet Rusiyasının qırmızı ordularını buraya gətirməlisiniz... Bu nədir? Bu söyləyən əcaba kimdir? Bunu deyən Azərbaycan xalqının nümayəndəsimidir və yaxud Məclisi-Məbusan üzvü sifətilə guya bizimlə Azərbaycan müqəddəratı məsələsində şərik görünən Rusiya vəkilidir? Öz içərimizdən bizə ultimatum verir, bizi Qırmızı Rusiyanın orduları ilə təhdid edir?
Səslər - Ar olsun!
Məmməd Əmin Rəsulzadə (qayət hərarətli və həyəcanlı bir halda) -Bumudur vətənpərvərlik? Böyləmi danışır bir Cümhuriyyət üzvü? Böyləmi sözlər bir xalq nümayəndəsi?
Əfəndilər! Bu kimi ultimatumlara fürsətdən bilaistifadə asi əlini dal qapıdan millətin hüququna uzatmaq derlər. Mən burada hər halda bir Azərbaycan Məclisi-Məbusan üzvü deyil, bir Rusiya vəkilinin, bir Rusiya agentisinin sözünü eşidirəm.
Soldan səslər - Provokasiya...
Məmməd Əmin (davamla) - Əvət siz provokasiya deyirsiniz... Nə üçün siz böylə ümid edirsiniz ki, Azərbaycan xalqı bir asi ilə mübarizə edə bilmək üçün kəndi hüququnu ikinci bir üsyan hazırlamaqda əli olan Qarayevlərə təslim etməli imiş? Qarabağ asilərini bəyənmirlər. Onlar ilə mübarizə etmək üçün buradakı üsyançılara təslim olmağı təklif edirlər. Bununçun nəzərə alınmayır ki, Qarabağda üsyan qaldıran vartazarlar həmin bu asilərin başındadırlar ki, siz də ona iştirak edirsiniz. Əgər siz, məni təmin etsəniz ki, Ümuri-idarə əlinizə keçdiyi təqdirdə burada Azərbaycan türk hökuməti təşkil edəcəksiniz, əgər mən bilsəm ki Azərbaycan hökuməti adı ilə Rusiya Sovetinin bir şöbəsini burada açmayacaqsınız, o vaxt sizinlə danışa bilərdik. Bu sözlər əvəzində bizi qane edəcək dəlillər göstərə bilsəniz biz hər vaxt sizinlə danışardıq, fəqət siz həqiqi bir istiqlaliyyətçisi deyil, digər bir üsyan hazırlayan bir sui-qəsdçisiniz. Siz bu gün bombalar ilə, silahlar ilə əsgər arasına girib onları təftir etməklə bizi özünüzlə danışdırmaq istəyirsiniz... belə asilər və bombaçılar ilə bomba ilə danışarlar. Əgər siz məni inandırsanız ki, o böyük şuarlara əməl olunacaq, bu millətin hüququna riayət ediləcək, o halda mən sizinlə danışardım. Fəqət, həqq və hüquqdan danışmaq əvəzinə bizi təhdid edirsiniz ki, hökuməti bizə verməsəniz dalınızda böyük Rusiya və onun böyük Qırmızı Ordusu var. Onlar gəlib sizi qıracaqlar. Siz bizi böylə qorxudursunuz.
Əfəndilər! Məsələ qətiyyən pək mühümdür. Zənn etməyiniz ki, mənim könlümdə Rusiya bolşeviklərinə qarşı o qədər böyük inad vardır ki, sui-niyyətə alışaraq onlarla anlaşmaq istəməm. Xayır, həmişə mühakimə etmək mümkündür. Bir taqım şəraiti-siyasiyyə ilə uzlaşmaq, barışmaq olur. Fəqət bizə desələr ki, əgər bir üsyançı qüvvətlə barışmazsınız, Rusiya da sizinlə barışmayacaqdır. Biz görsək ki, bizim içərimizdə bir neçə əliheydərlər varmış, onlarla hesablaşmaq lazım imiş, lakin bir millətin rəyi və hüququ ilə hesablaşmaq lazım deyilmiş, o halda biz böylə bir qüvvətə heç vaxt inanmarıq. Axırda bir qurd ilə qoyunun məsələsinə bənzər. Onun üçün siz hər şeydən əvvəl məni iqna ediniz görək o millətlərin haqqını tanıyıb əda etmək istəyən qüvvə millətlərin hüququnu özünə vermək üçün gəlib Qarabağ məsələsini həll edəcək, yoxsa Qarabağ məsələsi adı ilə gəlib bizi çeynəyəcəkdir.
Onların pulu ilə burada bombalar alıb bizi o vasitə ilə özünüz ilə hesablaşdırmaq istəyirsinizsə, qoyunuz millət öz işini görsün. Əgər o qüvvə sənin kimilərin əqli ilə şərq məsələsini həll edəcəklər isə və bizlər ilə o yolda hesablaşacaqlar isə, onda mən onlara inanamam. Əgər Əliheydər Qarayev kaprizi ilə olanlar buraya gələcəklər isə, o vaxt onlar bizə dost deyil, düşməndirlər!
Zəruri əlavə: 1937-ci ildə Əliheydər və arvadı "xalq düşməni" kimi ittiham edildilər, sonra ikisi də güllələndi.
 
Natiq Adilov
SeherXeber.org