Bazar günü oxuları - roman içində roman 



 



Deputat Etibar Əliyev yazır:
 Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Andre Jidin «Saxta pulkəsənlər» romanı 1926-cı ildə işıq üzü görüb. Roman kompozisiya mürəkkəbliyinə, bir-biri ilə əlaqəsi olmayan süjet xəttinə, eyni zamanda baş verən hadisələrin kontekstində qəhrəmanların bir-birini tamamlaması və inkar etməsinə görə onun əvvəlki əsərlərindən fərqlənir. Jid mahiyyəti ilə zəmanənin ruhuna daha çox uyğun gələn yeni roman forması yaratmağı qarşısına məqsəd qoymuşdu. Janrın yenilənməsi naminə o, «təmiz roman», yaxud «ideya romanı» konsepsiyasını irəli sürür və bunu romanın əsas qəhərəmanı Eduardın çiyninə qoymaq istəyir. Eduard hesab edir ki, roman bütün ədəbi janrlar içərisində ən azad olanıdır: «bu azadlıqdan qorxanlar onu bərk-bərk obyektiv gercəkliyə pərçimləmək istəyirlər». O, romanını obyektiv gerçəklikdən «təmizləmək üçün» bütöv bir proqram işlədi. Əsərin qəhrəmanına görə, «sənətkarın əsas vəzifəsi tamı (bütövü)» hissənin köməyi ilə ifadə etməkdir». Buna görə də Eduardı insanlardan çox ideyalar maraqlandırır: «ideyalar da insanlar kimi yaşayır, mübarizə aparır və ölürlər».
Eduard sosial-tarixi kontekstdən azad, obyektiv gerçəklikdən asılı olmayan «təmiz» roman üzərində düşünməkdə davam edərkən Jid «Saxta pulkəsənləri» yazdı. O, ideyasının gerçəkləşməsi üçün 1906, 1907, 1909-cu illərin qəzetlərində çap olunmuş və cəmiyyəti şoka salan bir cinayətin xronikasından istifadə edir. Saxta pul kəsən dəstə burjuaziya cəmiyyətini sarsıtmaq üçün yüksək təbəqəli ailələrdən olan yeniyetmələri bu işə cəlb edirlər. Yazıçını dəhşətə gətirən o idi ki, onlar saxta pul kəsməklə yanaşı həm də ədəbi və siyasi məsələləri qızğın müzakirə edirmişlər. Bu xronikadan Jidin romanının mövzusu boy atdı: saxtakarlığı, yalanı, burjuaziya cəmiyyətinin hərtərəfli riyakarlığını, qeyri insanı münasibətləri, ayrı-yarı insanların həyata qeyri-səmimi baxışlarını, «saxta insanları», cəmiyyyətin bütün institutları-ailələr, məktəblər, kilsələr, məhkəmələr yetişdirirlər. Yazıçı romanda sübut edir ki, «şəxsi eqoizmdən» yüksəkdə duran «ailə eqoizmi» mövcuddur. Bu da gənclərin həyatına təsirsiz ötüşmür. Adi dəyərlərə hörmət edilməyən cəmiyyətdə yeniyetmələr ya şüurlu ya da şüursuz şəkildə aldanır və sona qədər bu tordan xilas olmağın yollarını belə aramırlar. «Saxta pul kəsənlər»in qəhrəmanı Eduard da eyni adlı roman yazır. Hər iki romanın qəhrəmanları Parisin küçələrində bir-biri ilə qarşılaşan və əvvəlcədən yazılmış və saxta pula oxşayan talelərindən can qurtarmaq üçün vasitə axtaran kollec şagirdləri, tələbələr, yazıçılar, qızlar və oğlanlardır. Eduardın romanı «yalan, devalvasiya, infilyasiya» kimi terminlərlə «zəngindir». Bu göstərir ki, Jidin qəhrəmanı romanı nə qədər «təmizləmək» istəsə belə obyektiv gerçəklikdən qaça bilməyib. XX əsr ədəbiyyatında «roman içində roman» yazmaq istəyən yazıçılar çox olub. Amma ədəbiyyata bu yeniliyi gətirənlərdən biri (teatrda Pirandellodan sonra) məhz Jiddir.
Müasir fransız yazıçısı Beqbeder «Saxta pul kəsənlər» romanını həm forma, həm də mahiyyətcə azadlığa oxunan himn adlandırır. Müəllifin ölümündən sonra Sartr və Kamü razılığa gəldilər (bircə Allah bilir ki, bu necə də çətin idi!) və dostcasına etiraf etdilər ki, Jid XX əsrin ən azad yazıçısı olub. Niyə? Ona görə ki, o öz səhvlərini boynuna almağı (məsələn, SSRİ-dən qayıtdıqdan sonra) və öz xarakterindəki ziddiyyətlərini analiz etməyi bacarırdı. Üstəlik həmin roman bu gün də təzə-tər səslənir! «Saxta pul kəsənlər» konformizm və yalan zəmanəsində gənclərin qəlb hayqırtısıdır.
SeherXeber.org