Qədim Bilgəh haqqında nələri bilirik?



 

Bilgəh qəsəbəsi Bakı şəhəri Sabunçu rayonu ərazisində, Xəzər dənizinin sahilində yerləşir.

Qəsəbənin adı haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi izahlara görə, Bilgəh tat dilində “bil”- “bataqlıq, qamışlıq” və “gəh” isə “yer” mənasında olub “qamışlı yer” deməkdir. Ehtimal edilir ki, Bilgəh kəndi keçmişdə Amburan burnunda yerləşirdi. Bu burun indi də Köhnə Bilgəh adlanır.

Köhnə kəndin ərazisi bataqlıq, qamışlıq olduğuna görə, əhali XIX əsrin əvvəllərində indiki yerə köçüb, məskunlaşıb və yeni məntəqəyə də Bilgəh adı verilib. [Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı-2007]

Başqa mənbələrə görə, Bilgəh sözünün mənası “Piləgah” sözü ilə bağlıdır, mənası “ipək hazırlanan yer” anlamına gəlir. Bu fikrə əsasən, yerli camaat keçmişdə ipəkçiliyi inkişaf etdirmək üçün tut bağları salmış və baramaçılıqla məşğul olmuşdur. [Aydın Məmmədov. Qədim və indiki Abşerona səyahət. Bakı-2006]

Üçüncü versiya kimi kəndin adının VIII əsrə aid Bilgə xaqanının adından götürüldüyü bildirilir. Ehtimal olunur ki, böyük türk xaqanı Bilgə xanın nəslindən olan şəxslər bu kəndin əsasını qoyublar. [Fərrux Zeynalov. Bilgəh. Səfalı yurdun layiqli ovladları. Bakı-2003]

Qəsəbənin yaranma tarixini tədqiq edən bəzi alimlərin fikrinə əsasən, Bilgəh kəndində keçmişdə liman fəaliyyət göstərib və “Böyük ipək yolu” buradan keçib. Sonrakı dövrlərdə, dəniz səviyyəsinin aşağı düşməsi ilə əlaqədar liman təsərrüfatı: tikililər, qurğular və limanla bağlı iş sahələri sahildə qalıb və nəticədə liman ilkin əhəmiyyətini itirib.

E.ə. III minilliyə aid qaya təsvirləri, XII-XIV əsrlərə aid qala, Əbdül məscidi (XIV əsr), Leyla xanım türbəsi (XIII-XIV əsr), Sadıq məscidi (XVIII əsr), Qum hamamı (XVII-XVIII əsr) və s. abidələr Bilgəhin qədim tarixinin sübutudur.

Bilgəhdə vaxtilə xalçaçılıq, ipəkçilik, toxuculuq inkişaf edib. Kəndin indiki sakinləri isə, əsasən, əkinçilik və gülçülüklə məşğul olurlar. Bilgəhin zəfəran plantasiyasında hər il 100 kq-dan çox məhsul yetişdirilir. Bilgəh zəfəranı Fransa, İspaniya və Portuqaliyanın cənubunda yetişdirilən zəfərandan keyfiyyətli sayılır. [Aydın Məmmədov. Qədim və indiki Abşerona səyahət. Bakı-2006]

1893-cü ilin statistik məlumatlarına görə, Bilgəhdə ümumilikdə 938, 1960-cı ildə isə 3 min sakin yaşamışdır. 2000-ci illərin əvvəllərində Bilgəh əhalisinin sayı 7 min nəfər təşkil edirdi, 2021-ci ildə isə bu rəqəm 8.7 min nəfərə çatmışdır.
SeherXeber.org