Bazar günü oxuları



 

Millət vəkili Etibar Əliyev

Şmuel Aqnonun Nobel nitqi

Əlahəzrət İsveç Akademiyasının üzvləri, xanımlar və cənablar!
Bizim rəhmətlik müəllimlərimiz və müdriklərimiz deyirdilər: Allahın razılığı olmadan insanın bu dünyanın nemətlərindən istifadə etməyə ixtiyarı yoxdur. Hər hansı bir taamı dadan, hər hansı bir içkini içən süfrənin başında oturanda, doyub süfrədən kənara çəkiləndə də ona bu nemətləri göndərmiş yaradana öz minnətdarlığını bildirməlidir. Otların iyini, ətirlərin rayihəsini, meyvələrin ətrini duyanlar onlara bu həzzi bəxş edən Allaha öz minnətdarlığını bildirməlidir. İnsanın başqa hissləri də elə bu cur olmalıdır. Budur insanın görmə qabiliyyəti var: günəşi, çiçək açmış ağacların budaqlarını, Allahın bəxş etdiyi gözəl ağacları və gözəl məxluqları seyr edə bildiyi üçün o, Allaha öz minnətdarlığını bildirməlidir. Yaxud budur eşitmə qabiliyyəti. Çox hörmətli cənablar, sizin sayənizdə eşitdiyim xoş xəbərə görə mən Xaliqə öz minnətdarlığımı bildimək şərəfinə nail oldum.
Əhvəlat belə baş verdi: İsveç səfirinin birinci müavini yanıma gəldi və mənə bildirdi ki, İsveç Akademiyası məni Nobel mükafatına layiq görmüşdür. Özü üçün və başqaları üçün bu xoş xəbəri eşidən bir şəxs kimi mən dönə-dönə Allaha, onun Adına və cümləyi- cahanın hökmadırına minnətdarlığımı bildirdim. İlahi, kainatın hakimi-mütləqi, sən xeyirxahsan və xeyirverənsən. Mən, Onu ona görə xeyirxah adlandırıram ki, O, bu parlaq akademiyanın müdriklərini Müqəddəs dildə yazan bir nəfərə özünün şərəfli və mühüm mükafatını verməyə təhrik etdi, Onu Xeyirverən ona görə adlandırıram ki, öz xeyirxahlığını məndən əskik etmədi və bu müdriklər məni seçdilər. İndi isə sizin ölkənizə qədəm basıb İsveç kralının simasını seyr etmək şərəfinə nail olduğum üçün də Allaha öz minnətdarlığımı ifadə etməyə borcluyam: İlahi, cümlə-cahanın hökmdarı, sən öz şan şöhrətindən ətdən və qandan olan yer üzündəki hökmdarlara verdiyinə görə həqiqətən adilsən. Sizə, həşəmətli müdriklər, başqa insanlardan fərqli olaraq öz müdrikliyindən pay verdiyinə görə Allaha öz minnətdarlığımı bildirirəm.
Talmudda (Sanxedrin 23:1) deyilir ki, görüb-götürmüş iyerusəlimlilər kimlərlə yeyib-içəcəklərini bilmədikləri məclislərə gəlmirmişlər. Sizin məclisə dəvət olunmuşam, buna görə də kim olduğum bardə sizə məlumat verməliyəm.
Roma hökmdarı Tit İyerusəlimi dağıdıb İsrail xalqını öz vətənindən qovması nəticəsində baş vermiş tarixi fəlakətlə əlaqədar olaraq mən qaçqın şəhərlərinin birində dünyaya göz açmışam. Lakin həmişə mənə elə gəlirdi ki, İyerusəlimdə doğulmuşam. Yuxuda, gecə röyalarında mən görürdüm ki, öz levit qardaşlarımla bir yerdə Məbəddə dayanmışam. İsrail çarı Davudun mahnılarını ifa edirəm. Bizim şəhər dağılandan və xalq qaçqın düşəndən sonra insan qulağı bu mahnıları eşitməmişdi.
Mənə elə gəlir ki, mən ayıq olanda da yuxuda oxuduğum mahnıları oxuyacağımdan qorxaraq Mahnılar Məbədinin mələkləri gündüzlər məni gecə mahnılarını unutmağa vadar edirdilər, çünki mənim qardaşlarım, xalqımın oğulları, bu mahnıları eşitdikdə itirdikləri səadətin doğurduğu qüssəni dəf edə bilməzdilər. Şifahi şəkildə oxuya bilmədiyimə görə könlümü almaq üçün mələklər mənə yazılı şəkildə şeir yazmağı öyrətdilər.
Mən Levinin nəslindənəm və mənim ulu babalarım Məbəddə mahnı ifaçıları olmuşlar və ailə rəvayəti bəyan edir ki, Samuil peyğəmbərin nəslindənik, buna görə də onun adını mənə vermişlər.
Mən beş yaşından ilk şeirlərimi yazmışam. Atam üçün qüssə keçirdiyimə görə bu şeirləri yaratmışdım. Əhvalat belə baş verdi: rəhmətlik atam öz işləri ilə bağlı çıxıb getdi. Mən onun üçün bərk darıxdım və şeir qoşdum. O vaxtdan mən çoxlu şeirlər yazmışam. Mənim yazdığım şeirlərdən heç bir şey qalmamışdır. Birinci dünya müharibəsi dövründə ata evindəki otağımda qoyub getdiyim bütün əlyazmalarım yanıb külə dönmüşdülər. İş vaxtı mənim şeirlərimi oxuyan sənətkarlar, dərzilər və çəkməçilər birinci müharibədə həlak oldular, müharibədə həlak olmayanları isə öz bacıları ilə birgə diri-diri düşmənin əmri ilə özlərinin qazdıqları xəndəklərdə basdırdılar, çoxu isə öz gözəllikləri və şeirlərini oxuduqları şirin səsləri ilə şəhərimizi bəzəyən bacıları ilə Osvensim sobalarının odunda-alovunda yandırıldılar.
Mənim bundan sonra yazdığım kitabların da aqibəti şeirlərimlə birlikdə yanıb kül olmuş xanəndə oğlan və qızların aqibətini bölüşdürdülər. Mən xəstəxanada yatmışdım. Elə bu zaman Hamburq şəhərindəki evim yandı və mənim bütün yazdıqlarım külə döndü. Yanan kitablar arasında 60 çap vərəqi həcmində olan böyük bir roman da vardı. Naşir artıq onun birinci hissəsinin tezliklə çap olunacağını elan etmişdi. Bu «Həyat düyündə» adlı romanla birlikdə İsrail torpağını tərk edib qaçqın düşdüyüm dövrdən bəri bütün yazdıqlarım, Martin Buberlə birlikdə tərtib etdiyimiz kitablar yanıb yox oldular. Mən hələ ivrit dilində yanıb külə dönmüş dörd min kitabdan danışmıram. Onların böyük bir hissəsini atam əldə etmişdi, başqalarını isə mən boğazımdan bir tikə çörəyi kəsərək almışdım.
Mən dedim ki, İsrail torpağını tərk edəndən sonra; lakin demədim ki, mən İsrail torpağında yaşamışam.
Yaşım on doqquz yarıma çatanda orada zəhmətə qatlaşmaq və öz əllərimin zəhməti ilə çörək qazanmaq üçün İsrail torpağına getdim. Uzun müddət iş tapa bilmədim. Onda mən Sionu sevənlərin katibi və bir növ parlamentin ilkin forması olan İsrail Torpağının Şurası katibi vəzifəsində çalışdım. Mən həmçinin barışdırıcı hakimin birinci katibi idim. Bunun sayəsində mən İsrailin bütün oğlanları ilə üz-üzə gəldim, xidməti vəzifəmlə bağlı tanış ola bilmədiklərimlə isə xalqıma bəslədiyim məhəbbətim və onları tanımaq istəyi nəticəsində görüşdüm. Mənə elə gəlir ki, o illərdə mən İsraildəki hər bir kişini, hər bir qadını, hər bir uşağı tanıyırdım.
Mənim bütün var-yoxum yanandan sonra Allah mənim qəlbimə və qələmimə müdriklik bəxş etdi. Mən İlahi qanunun bəşər nəslinə bəxş olunması haqqında kitab, qiyamət günü haqqında kitab, İsrailin kitabları barəsində kitab yazdım ki, onlar İlahi qanunun İsrailə bəxş olunduğu gündən yazılmış bütün kitabları əhatə edirlər.
Mən artıq sizə demişəm ki, mən atam üçün darıxdığıma görə şeir yazmağa başlamışam. Mənə ilk təhsili atam, bir də şəhərimizin ruhani hakimi vermişdir.
Mənim poeziyada və nəsrdə müəllimlərim kimlər olmuşlar. Mübahisəli məsələdir. Bəziləri mənim kitablarımda sadəlövhlükdən heç adlarını da eşitmədiyim yazıçıların təsirindən danışırlar. Başqaları adlarını eşitdiyim, lakin əsərlərini oxumadığım şairlərin təsirindən söz açırlar. Bəs özüm bu məsələyə necə baxıram? Kim məni yedirib-içizdirmişdir? Heç də hər adam içdiyi hər bir damcı südü və bu südü verən inəyin adını yadda saxlaya bilməz. Bu sualı cavabsız qoymamaq üçün əldə etdiyimi kimdən aldığımdan baş çıxartmağa cəhd göstərəcəyəm.
Hər şeydən əvvəl Bibliyanın adını çəkməliyəm; bu kitab mənə sözləri düzüb-qoşmağı öyrətdi. İkincisi Mişna və Talmud, Midra və Ruşinin Bibliyaya yazdığı şərhdir. Sonra hakimlər, bizim müqəddəs şairlərimiz və Orta əsrlərin müdrikləri, birinci növbədə rəhmətlik Rambam gəlirlər. Mən latın əlifbasını öyrənən kimi əlimə düşən bütün alman kitablarını mütaliə edirdim: yəqin onlarda ürəyimə yatan nə isə bir şey vardı. Əgər bu belədirsə, onda mən nə üçün yəhudi müəlliflərini sadalayıram? Ona görə ki, onlar mənə mahiyyətimi göstərdilər.
Tüş gəldiyim hər bir kişi, hər bir qadın, hər bir uşaq, istəyir yəhudi olsun, istəyir yəhudi olmasın, mənə təsir göstərmişlər. Onların gördüyü işlər haqqında hekayətlər mənim qəlbimdə həkk olunmuşlar və mənim qəlbimi idarə ediblər. Təbiət mənzərələri də mənə təsir etmişdir. Öz evimin damından dan yerinin ilk şüaları ilə hər gün seyr etdiyim Ölü dəniz, sularına daldığım Arnon çayı, dindarlarla və möminlərlə Fəryad divarının yanında ibadətdə bulunaraq keçirdiyim gecələr mənə müqəddəs torpağa, İlahinin-Onun kölgəsi üstümüzdən əksik olmasın-bizə verdiyi və Öz adını məskunlaşdırdığı şəhəri öz gözlərimlə görməyə imkan vermişdir.
Heç bir xəlq olunmuşu narazı salmamaq üçün mənə dünyanı dərk etməkdə yardımçı olmuş vəhşi heyvanları və quşları yada salmalıyam. İovun dediyi kimi (35:11) «kim yer üzündə yaşayan heyvanlardan və göydə uçan quşlardan yaxşı öyrədə bilər». Onlardan öyrəndiklərimin bəzilərini mən öz kitablarımda yazmışam. Amma qorxuram ki, hər şeyi axıra kimi başa düşməmişəm və mən itin hürüşünü, quşların civiltisini, xoruzun banlamasını eşidəndə onların məni təriflədiklərini yaxud danladıqlarını bilmirəm.
Nitqimi başa vurmazdan əvvəl bir söz də demək istəyirəm. Əgər mən özümü həddindən artıq təriflədimsə, mən özümü sizin şərəfinizə təriflədim, ki, mənə diqqət yetirdiyiniz üçün utanmayasınız. Mən isə öz gözümdə çox-çox xırdayam. Bütün ömrüm boyu Davudun Zəbur surəsini (130): yadımda saxlamışam: «İlahi! Heç vaxt təkəbbür qəlbimə daxil olmamışdır, gözüm yüksəklərə dikilməmişdir və mən özüm üçün böyük və əldə olunmaz şey axtarmamışam. Əgər mən bütün bu səadətə nail olmuşamsa, bu yalnız ona görə belədir ki, mən Allahın atalarımıza, bizə verməyə and içdiyi torpaqda yaşamaq şərəfinə nail olmuşam. Bibliyada deyilir ki, «Mənim öz qulum İakova atalarımızın yaşadıqları, uşaqlarınızın və uşaqlarınızın uşaqlarının əbədi olaraq yaşadıqları torpağı verdilər».
Mən qısa dua oxumasam sözümü başa vura bilməyəcəyəm. Müdriklərə müdriklik verən, hökmranları xilas edən qoy sizin müdrikliyinizi sonsuz dərəcədə artırsın və sizin hökmdarı göylərə qaldırsın. Onun hökmranlığı günlərində və bizim günlərimizdə İudey azad olsun və İsrail rahatlıq əldə etsin. Qoy xilaskar Siona gəlsin və onun sakinlərinə əbədi səadət bəxş etsin. Qoy onlar əbədi sülhdən ləzzət alsınlar. Qoy onun dediyi kimi olsun, amin.