Hamam pulunu kim verəcək...?



 

Sovetlər dövründə təhsil alanlar xatırlayarlar, o vaxtlar xüsusilə orta məktəb dərslikləri bir neçə illiyə çap olunurdu. Şagirdlərə pulsuz paylanılır və onlardan kitabı korlamamaq tələb olunur və ilin sonunda təhvil alınaraq növbəti tədris ilində təkrar uşaqlara verilirdi. Nadir hallarda, çatışmazlıq olanda (kitab hansısa səbəbdən yararsız hala düşəndə və.s) mövzular dəyişdirilmədən həmin dərsliklərdən məhdud sayda çap edib məktəblərə göndərilirdi. O ənənə çoxdan sıradan çıxarılıb, çünki özgürlük dövrümüzdə təhsil sistemi faktiki olaraq ona rəhbərlik edənlərin gəlir mənbəyinə çevrilib, korrupsiyalaşıb. Demək olar ki, az qala hər il texniki və humanitar fənnlərə aid bütün dərsliklər yenidən nəşr olunur. Oğul istəyirəm ki, ötən 30 ildə bu məqsədlə dövlətin neçə milyard manat vəsaitinin yelə verildiyini hesablayıb ortaya qoya. Yox dostlar, hər il təkrar nəşr olunan bu dərsliklər balalarımızın dünyada baş verən yeniliklər barədə bilgiləndirilməsi üçün deyil, bir qrupun bu bazardan xeyir götürməsinə xidmət edən əclaflığının göstəricisidir. Uzun söhbətdir, ona görə də dərsliklərlə bağlı məsələyə burda nöqtə qoyub, keçək bu girişin yazılmasına səbəb olan konkret hadisəyə- Orfoqrafiya lüğəti ətrafında son günlər yaranan qalmaqala.

Hələ illər öncə prezidentin tövsiyyəsinə uyğun olaraq Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin hazırlanıb nəşr edilməsi məsələsi gündəmə gələndə bu sahənin mütəxəssisləri təkliflə çıxış etdilər ki, xalq üçün vacib olan bu işi görmək həvəskarlara həvalə etmək sonuncda arzuolunmaz fəsadlar doğuracaq. Odur ki, yarana biləcək belə fəsadlardan qaçmaq üçün regionlar nəzərə alınmaqla sahənin mütəxəssislərindən ibarət geniş tərkibli işçi qrupu yaratmaq lazımdır. Amma elmə qazanc mənbəyi kimi baxan AKADEMİKŞƏBƏKƏ bu işdən əldə edəcəklərini kiminləsə bölüşmək fikrində deyildi. Aralarında bölgü aparıb bu böyülükdə və məsuliyyət tələb edən işi başdansovdu yekunlaşdırmaqda qərarlı idilər. Ki, nəticə gözlənildiyi kimi də oldu. Lüğətin buraxılışına məsul EA-nın Dilçilik İnstitutunun sabiq direktoru (hazırda R. Ənvəroviçin müşaviri postunu tutur) A. Nağısoy və Ədəbiyyat İnstitunun vitse-prezident titullu direktoru İsa Həbibbəyli özlərini elə aparırlar ki, sanki heç nə olmayıb. Amma faktlar biabırçılıq olduğun deyir.
Görün dövlət puluna qənim kəsilənlərdən biri olan akademik Həbibbəyli lüğət töhmətindən qurtulmağın ən asan yolunu nədə görür: “Bu il Azərbaycan dilinin yeni Orfoqrafiya Lüğətinin təkmilləşdirilmiş formada ikinci nəşrinin çap olunması nəzərdə tutulub. ... Artıq bütün sözləri bir daha diqqətlə oxumaq və diğər məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib. ... Yeni lüğətdə bu və diğər nöqsanlar varsa aradan qaldırılacaq.” Farslar demiş, “bəçeşm”, məlum oldu ki, lüğət təkrar çap olunacaq. Baxmayaraq ki, təlimata görə, lüğət 5 ildən bir yenilənməli və nəşr edilməlidir və bir daha baxmayaraq ki, Orfoqrafik Lüğət 2-cə il əvvəl nəşr olunub. Görəsən, Hesablama Palatası, yaxud Maliyyə Nazirliyinin müvafiq idarəsi heç olmasa keçən bu müddət ərzində bu işlərin maliyyə xərclərini yoxlayıbmı? Ki, iki ildə ikinci dəfə nəşr olunan kitabdan şişirdilmiş xərclər hesabına bəlli AKADEMİKŞƏBƏKƏ nə qədər qazanıb?
İndi də təkrar çapdan söhbət gedir. Məşhur filmdə deyildiyi kimi “bəs hamam pulunu (təkrar nəşrin bəlkə də 500000 manatdan çox) xərcini kim verəcək? Kobud səslənsə də burda yerinə düşən zərb-məsəli deməyə məcburam: “İti öldürənə sürütdürərlər”. Məncə lüğətin hazırlanmasına və buraxılışına məsul olan həm Akif əkənin, həm də İsa kişinin maddi durumları 50 bu cür kitabı üç yüz min tirajla nəşr etdirməyə imkan verir.
Yox bir, sizlər mütəşəkkil dəstə yaradıb ildə bir dəfə nöqsanlı lüğət nəşr edib pul qazanacaqsız xərci dövlət qapayacaq?! Ay sizi quldurbaşılar.
Tənqidlə kifayətlənmir, təklif də verirəm: Ümumiyyətlə lüğət kimi məsələlərdə çıxış yolu dünya təcrübəsindən istifadə etməkdir: lüğətlərin elektron varinantı hazırlanır və hardasa səhv olarasa elə üstündə düzəliş edilir, satılmır, hamının istifadəsinə açıq olur. Beləcə təkrar nəşrlər üçün bizdəki kimi milyonlarla vəsait xərcləməyə ehtiyac qalmır. Mədənizə ziyan etmirsə əməl edin.
Rövşən Kəbirli

SeherXeber.org