Medianın İnkişafı Agentliyinin icraçı direktor Əhməd İsmayılov Vüqar Səfərlinin yanına getməyə hazırdır
Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MİA) İcraçı direktoru Əhməd Məhəmməd oğlu İsmayılovun kimliyi bu vəzifəyə təyin olunduğu gündən media ictimaiyyətinin müzakirə mövzusudur. Müzakirələrin əsas mövzusu Əhməd İsmayılovun ədalət prinsipinə nə qədər əməl etməsidir. Qeyd edək ki, Əhməd İsmayılovun sələfi Vüqar Səfərlini vaxtilə media camiəsinin əksəriyyəti topa tuturdu. Hər kəs fikirləşirdi ki, bu şəxsdən sonra KİVDF-yə rəhbər təyin olunacaq şəxs tam fərqli və normal idarəçilik həyata keçirəcək. Amma çox gözləməyə ehtiyac olmadı, ataların dediyi kimi “sən saydığını say, gör fələk nə sayır” zərb-məsəli təsdiqləndi. İndi həmin atalar sözü “sən saydığını say, gör, Əhməd İsmayılov nə sayır?!” deyimi ilə əvəz olundu. Çünki, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru ilə bağlı tam əksəriyyətin xoşgörüləri özünü doğrultmadı. Prezidentin sabiq köməkçisi Əli Həsənov - Vüqar Səfərli cütlüyündən miras qalmış köhnə ədalətsiz bölgü metodları ən eybəcər formada Vüqar Əliyev - Əhməd İsmayılov duet tərəfindən ifa olunur.
Medianın İnkişafı Agentliyi tərəfindən 2022-ci ilin birinci yarımilliyi üçün elan edilmiş müsabiqə qalibləri sırasında 16 çap mediası və 39 onlayn media subyektinə (veb-saytlar) maliyyə yardımı ayrılması prosesində Əhməd İsmayılovun kirli keçmişinə sadiq olduğu təsdiq olundu. Müsabiqənin nəticəsindən aydın oldu ki, “müsabiqə şərtlərinə" tam əməl edilməyib və Prezidentin sabiq köməkçisi Əli Həsənovun görəvdəki “işverəninin barmağı” yenə də həlledici təsirə malikdir. Bunu müsabiqə qaliblərinin siyahısı ilə tanış olan hər kəs təsdiq edir. Bir-iki qəzet və saytdan başqa, qalib elan olunan qəzet və saytların əksəriyyəti Əli Həsənova xidmət edənlərdir. Bu halda Əhməd İsmayılovdan cavabı soruşulacaq vacib sual yaranır: "görəsən müsabiqənin qalibi elan olunmuş və dövlətdən maliyyə yardımı alacaq 16 qəzet və 39 onlayn media subyektinin müsabiqə şərtlərinə necə əməl etmələri cəmiyyətdən və media ictimaiyyətindən niyə gizli saxlanır?!” Digər tərəfdən, qaliblər siyahısında yer tutan 16 qəzet və 39 onlayn media subyektləri arasında Əli Həsənov - Vüqar Səfərli dönəmində daim qalib elan edilən media subyektləri Əhməd İsmayılov dönəmində necə və hansı üzlə müsabiqənin “qalibi çıxarılırlar?!”..
Saxta tərtib olunmuş "müsabiqə qaliblər!" siyahısının baş ideoloqu funksiyasını "şərəflə" yerinə yetirən Əhməd İsmayılovun yolu da, güman ki, yaxın vaxtlarda Vüqar Səfərlinin yolu ilə dəmir barmaqlıqlar arasından kəsişəcək. Bu zaman heç kim bu həbsə qəti təəccüblənməyəcək, əksinə alqışlayacaqlar. Çünki hazırda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru elə yaramaz və cinayətkar addımlar atır ki, əlacı kəsilən jurnalistlər cameəsi və media ictimaiyyəti Əli Həsənov - Vüqar Səfərli cütlyünün ölənlərinə rəhmət oxuyurlar...
Müsabiqənin nəticələri bir daha təsdiq edir ki, qaliblər siyahısının tərtibi Prezident Administrasiyasında yüksək kürsüdə oturan və Əhməd İsmayılovu Mediaya rəhbər gətirənlərin patronajlığı əsas rol oynayır! Müsabiqənin qalib elan edilən media subyektlərinin müəyyən olunmasında ən güclü təsirin PA-nın "əli" olması çox aydın hiss olunur.
Bir məsələ olduqca diqqət çəkir ki, 04 aprel 2020-ci il tarixə kimi Əhməd İsmayılovun media cameəsilə heç bir əlaqəsi və bağlılığı olmayıb. O, tamamilə mediadan çox uzaq sahələrdə əmək fəaliyyəti ilə məşğul olub. Çalışdığı sahələrdə yaxşı reputasiya qazanmayıb.
Media üzərindən apardığımız araşdırmadan aydın olur ki, Ə. İsmayılov əmək fəaliyyətinə əvvəlcə ləğv olunmuş, 1 milyon dollara ayı əti yeyən Anarın atası Ziya Məmmədovun nazir işlədiyi Nəqliyyat Nazirliyində Hüquqşünas vəzifəsində çalışıb. Araşdırmadan o da məlum olur ki, Ə. İsmayılov Nəqliyyat Nazirliyinin "qoçu" dəstələrinin sürücüləri döyüb ölümcül hala salaraq soyanların və başlarına minbir oyun açanların hüquqlarını müdafiə edərək, irəli çəkilib, yüksəlib! O, Nəqliyyat Nazirliyindəki "səmərəli" fəaliyyət göstərdiyinə görə,2008–2011-ci illərdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının Hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri, sonra 2011–2018-ci illərdə isə Aparat rəhbəri vəzifəsində çalışıb. Həmin illərdə isə Dövlət Dəniz Administrasiyası qarşıya qoyulan məqsədlərin heç birinə nail olmayıb. Bunun da əsas səbəbi Administrasiyasının rəhbərliyində təmsil olanan vəzifə sahiblərinin idarəni lazımi qaydada idarə edə bilməməsi olub. Bu səbəbdən də, təşkilatın müxtəlif strukturlarında özbaşınalıqlar baş alıb gedib, külli miqdarda yeyintilər törədilib və digər qanun pozuntularına rəvac verilib.
Əhməd İsmayılov Dövlət Dəniz Administrasiyasında aparat rəhbəri vəzifəsini icra edərkən, Administrasiyasının nəzdində 447 üzən qurğu və gəmilər olub. Həmin dövrdə istər mazutdan istifadə zamanı, istərsə də üzən qurğuların və gəmilərin təmiri zamanı çoxsaylı maxinasiyalar edilib. Dövlət Dəniz Administrasiyasının sabiq rəisi Şahin Sultanovun həbs olunmasında, məhz gəmilərin təmiri sahəsində yol verilmiş cinayət hallarının mühüm rol oynaması kollektiv tərəfindən hazırda da yaxşı xatırlanır. Araşdırmalarda o da məlum olub ki, təmir adıyla büdcədən götürülən pullar təyinatı üzrə istifadə olunmayıb, uzun illər milyonlarla dövlət vəsaitləri mənimsənilib. Dövlət pulların mənimsənilməsində həmin dövrdə aparat rəhbəri vəzifəsini tutan Əhməd İsmayılovun bu mənimsəmədən kənarda qalması və ya xəbərsiz olması mümkünsüzdür. Demək, bu şəxsin Dövlət Dəniz Administrasiyasındakı səkkiz illik fəaliyyəti çoxsaylı maxinasiyalarla, bənzəri olmayan qanunsuzluqlarla müşayiət olunub. Bu halda işlədiyi idarədə adı silsilə maliyyə maxinasiyalarında iştirakda şübhəli bilinən Əhməd İsmayılovdan media müsabiqəsində hansı əsasla ədalət prinsipinə əməl edəcəyi umulub, bu məntiqi anlamaq çox çətindir. Əgər bu şəxsin amalı, düşüncəsi, başlıca qayəsi maliyyə maxinadiyaları üzərində formalaşıbsa, ondan hansı ədaləti gözləmək olar, ümumiyyətlə, gözləmək olarmı? (GundemXeber.Az)
P.S. Hörmətli oxucular! Media qurumu olaraq artıq Medianın İnkişafı Agentliyinin İcraçı direktoru vəzifəsini daşıyan Əhməd İsmayılovun fəaliyyəti ilə bağlı geniş araşdırmalara başlamışıq. İlkin araşdırmalar zamanı redaksiyamıza sensasion məlumatlar daxil olub. Daxil olan məlumatlardan biri Prezident Administrasiyasının xeyir-duası və Əhməd ismayılovun rəhbərliyi altında Medianın İnkişafı Agentliyinin ayı 50 min manata icarəyə götürdüyü villaya görə medianın inkişafı üçün büdcədən ayrılmış dövlət vəsaiti talanır. Yaxın günlərdə bu və digər şok faktlar barədə geniş açıqlama yayımlayacağıq. Bizi izləyin.
Yenixeber.org