Ərini söyüb işlədən arvad: bıçaqladı, "Ay Allah, nə etdim deyib" ağladı... - Təfərrüat



 

Həyat yoldaşını və onun bacısını bıçaqlamaqda ittiham olunan Şəmkir sakini, 45 yaşlı G.A.-nın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Onun əlini qana batırmasına uzun illərdən bəri səngiməyən ailədaxili narazılıq, dava-dalaş səbəb olub.

Ölkə.Az-ın virtualaz.org-a istinadən xəbərinə görə, hadisə ötən il mayın 26-da Şəmkirdə baş verib. G.A. (kişi) ailə münaqişəsi zəminində 35 yaşlı Ş.T.-ni (həyat yoldaşı) və onun bacısını bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Təqsirləndirilən kişi ifadəsində qadınla 12 ildir ailə həyatı qurduqlarını, birgə nikahdan 3 övladları olduğunu deyib. Ailədə daim narazılıq, dava-dalaş hökm sürüb: “O, yaşlı anamla mübahisə edir, ev işləri görmür, məni söyürdü. Yeməyi özüm bişirir, ev işlərini də özüm görürdüm”.

G.A.-nın ifadəsinə görə, hadisə baş verən gün səhər saatlarında həyat yoldaşı uşaqlarını da götürüb qonşuluqda yaşayan bacısı evinə gedib. Həmin gün özü təmizlik işləri aparıb, qabları yuyub, döşəməni silib. Bir qədər sonra arvadı əsəbi halda evə qayıdıb: “İçəri girən kimi dedi ki, qardaşın məni təhqir edir. Qardaşımı da, məni də söydü. Atamın ünvanına da söyüş işlətdi. Mübahisəmiz düşdü. Səs-küyə bacısı da gəldi. Hər ikisi yaxamdan tutub dartdılar. Artıq onun hərəkətlərindən bezmişdim. Əsəbi halda bıçağı götürüb arvadımı vurdum. Bacısı boğazımdan yapışdıqda bıçaqla onu da vurdum. Evdən çıxıb həyətə düşdüm”.

Bir qədər sonra geri qayıdan kişi baldızının qarnının sarıqlı olduğunu, qan axdığını görüb. O, yalvararaq səhv etdiyini deyib və qonşuluqda yaşayan tibb bacısını çağırmağa yollanıb. Tibb bacısı gələrək bacılara ilkin tibbi yardım göstərib. Hadisə yerinə gələn polis əməkdaşları kişini polis şöbəsinə aparıblar.

Məhkəmədə G.A. törətdiyi əməldən peşman olduğunu, arvadı və baldızı ilə barışdığını deyib. Zərərçəkmiş Ş.T. ifadəsində müxtəlif səbəblərdən ailədaxili narazılıqları olduğunu deyib. Hadisədən üç gün əvvəl isə onların heyvanlarının içərisinə bir ədəd qaz cücəsi qarışdığını bildirib.

“Qaynım arvadı qaz cücəsinin onların olduğunu deyib gəlib apardı. Daha sonra qonşumuz gəldi ki, bəs cücə onundur. Buna görə qaynımın evinə getdim. O, qolumdan yapışıb “düşmən, qapıma nəyə gəlmisən?” deyib məni dəmir hasara vurdu. Dedim, köpəyoğlu məni niyə döyürsən? Sonra da ağlaya-ağlaya evə gəldim. Ərimə dedim ki, sən necə kişisən, mənə yiyə çıxmırsan, qardaşın 12 ildir məni döyür. O, “bezmişəm, nə qədər dava-dalaş olar, məni boğaza yığmısınız” deyib üstümə gəldi. Bacım araya girdi, dedi ki, vurma, üç balası var, yazıqdır. G.A. É™səbi idi deyə bacıma qulaq asmadı”, - həyat yoldaşı baş verənlər haqda bunları deyib.

Ş.T. deyir ki, əri onu və bacısını bıçaqla vurandan sonra “ay Allah, mən nə etdim” deyərək ağlayıb. Üzünü qonşuluqda yaşayan qardaşının evinə sarı tutub “niyə mənim evimə qan saldınız” deyib.

Zərərçəkmiş əri ilə barışdığını, uşaqlarını saxlamaqda çətinlik çəkdiyini, ondan şikayətçi olmadığını deyib. Digər zərərçəkmiş də G.A.-dan şikayətçi olmadığını bildirib.

Məhkəmənin hökmü ilə G.A.1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.