Əliyevin Kiyev səfəri: Bakı “yeni soyuq müharibə”də hansı gedişi edir?



 

Əliyev Ukrayna səfəri Bakı-Kiyev xəttində münasibətlərlə yanaşı, geosiyasi proseslər fonunda xüsusilə diqqət çəkir.
 
- Cenevrədə Rusiya-Qərb danışıqları davam edir, artıq bəllidir ki, tərəflər “yeni soyuq müharibə” perspektivinə hazırlaşırlar və əsas cəbhə Ukrayna olacaq;
 
- Əliyevin səfəri Ərdoğanın ilin əvvəlində Kiyevə planlaşdırılan səfərindən öncə baş tutur;
 
Bu iki kontekstdə Bakının ayrı, Ankara-Bakı ikilisinin birgə strateji gedişi var.
 
Əliyev bu səfərlə yeni soyuq müharibənin hər iki tərəfinə mesaj verir:
 
- Cəbhələşmədə yer almadan Qərbə Ukraynanın yanında olduğunu və ərazi bütövlüyü prinsipini dəstəklədiyini göstərir;
- Kiyevin yanında mövqe sərgiləməklə Rusiya qarşısında balans yaradır və bu, Cənubi Qafqaz masasında Moskvanın Bakının maraqlarını nəzərə alması baxımından əlimizi gücləndirə bilər;
 
Əliyev və Ərdoğan yeni soyuq müharibə cəbhəsində - Ukrayna və Rusiyaya alternativ çıxış yolu təqdim edir: Ankara və Bakı münasiqəşnin həllində vasitəçilik edə bilər;
 
Birincisi, humanitar məsələlərin həllində vasitəçilik etməkdir: Brüssel görüşündə Zelenski Əliyevdən Rusiyada və işğal olunmuş Krım və Donbasda əsir saxlanılan ukraynalıların azad edilməsi üçün kömək istədi; mümkündür ki, rəsmi Bakı bu məsələni Moskva ilə müəyyən kanallar vasitəsilə müzakirə edib və cari dövrdə nəticə əldə edilməsi perspektivi var;
 
İkincisi, Rusiya-Ukrayna münaqişəsinin həlli üçün alternativ masanın qurulmasıdır: Bu, Qərb-Rusiya masasında heç bir nəticə əldə edə bilməyən Kiyev üçün də, məsələni Qərblə yox, Ukraynanın özü ilə müzakirə etmək istəyən Moskva üçün də cəlbedicidir; nəticənin əldə edilməsi çətin görünsə belə, tərəflər müəyyən irəliləyişə nail olmaq naminə alternativ masaya isti yanaşa bilərlər;
 
Ankara və Bakı isə Rusiya-Ukrayna münaqişəsində, ümumilikdə yeni soyuq müharibə cəbhəsində tərəfə yox, vasitəçiyə çevrilə bilər.
 
Əliyevin Ukrayna səfəri bu kontekstdə təsadüfi deyil: istisna deyil ki, Ərdoğan Putinlə, Əliyev Zelenski ilə vasitəçiliyin ilkin təməlinin atılması istiqamətində iş aparır;
 
Asif Nərimanlı