Avropa futbolunda “liderlər axşamı”: Büdrəyən favoritlər və Mersisayd derbisi - VİDEO
Avropanın aparıcı futbol çempionatlarında növbəti turun qarşılaşmaları baş tutub. İngiltərə, İspaniya, İtaliya və Fransada liderlər meydana çıxıb.
İngiltərə Premyer Liqasında XIV tur çərçivəsində lider “Çelsi” səfərdə “Uotford”un qonağı olub. Matçın ilk hissəsində tribunadakı azarkeşin səhhətində problem yarandığından qarşılaşma müvəqqəti dayandırılıb. Təxminən yarım saat sonra bərpa edilən oyunda qonaqlar daha üstün futbol nümayiş etdirib və sonda sevinən tərəf olub - 1:2
Mersisayd derbisində “Liverpul” qonaq meydançasında “Everton”u darmadağın edib. Rafa Benitesin yetirmələri mütəxəssisin keçmiş komandası ilə bacara bilməyiblər - 1:4.
“Mançester Siti” səfərdə Stiven Cerarda “Aston Villa”nın çalışdırıcısı kimi ilk məğlubiyyətini yaşadıb. 2:1 hesabıyla qalib gələn “şəhərlilər” lider “Çelsi” ilə xal fərqinin böyüməsinə imkan verməyib.
Mövsümün sürpriz kollektivi “Vest Hem” turu xal itkisilə başa vurub. “Brayton”la matçda öndə olan komanda sonda bir xalla kifayətlənib - 1:1.
İtaliya A Seriyasında liderlər növbəti matçlarını keçirib. “Milan” ev sahibi “Cenoa”ya aman verməyib - 0:3. “Napoli” səfərdə “Sassuolo” ilə oyunda qələbəni son anda əldən verib – 2:2.
İspaniya La Liqasında hazırda turnir cədvəlinin ilk pilləsində qərarlaşan Madrid “Real”ı “Atletik”i (Bilbao) qəbul edib. Kral klubu Benzemanın qolu sayəsində liderliyini qoruyub - 1:0.
Fransa birinci liqasının lideri PSJ də ölkə çempionatının XVI turunda büdrəyib. Paris klubu “Nitsa”nın müqavimətini qıra bilməyib - 0:0.
Premyer Liqa
XIV TUR
“Vest Hem” – “Brayton” 1:1
“Uotford” – “Çelsi” 1:2
“Aston Villa” – “Mançester Siti” 1:2
“Everton” – “Liverpul” 1:4
A Seriyası
XV TUR
“Cenoa” – “Milan” 0:3
“Sassuolo” – “Napoli” 2:2
La Liqa
XV TUR
“Real” – “Atletik” 1:0
Liqa 1
XVI TUR
PSJ – “Nitsa” 0:0