“44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə sonuncu görüş keçirilib - FOTO



 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə noyabrın 29-da Bakı Slavyan Universitetində “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə sonuncu görüş keçirilib.

Tədbir Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tələbələrlə iş üzrə meneceri Ceyran Cəfərovanın moderatorluğu ilə dövlət himninin səslənməsi və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. Tədbir universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, Azərbaycan Respublikasının Gənclər Fondunun Beynəlxalq əməkdaşlıq və donorlarla iş şöbəsinin müdiri Vüsalə Niftəliyeva və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmlinin açılış nitqləri ilə davam edib. Çıxışçılar öz nitqlərində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tariximizə əbədi həkk olunmuş milli iftixar gününü – zəfəri bizə bəxş etmiş qəhrəmanlarımızın tanıdılaraq gənc nəsilə örnək olmasının vacibliyini vurğulayıblar.

Çıxışların ardınca 44 günlük tarixi zəfər yolunu özündə əks etdirən videoçarx nümayiş olunub. Daha sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Baş katibi Orduxan Qəhrəmanzadə Gənclər Fondunun dəstəyi ilə ərsəyə gəlmiş “Azərbaycan Gəncliyi Vətən Müharibəsində” adlı jurnalı, “Böyük Qayıdış” Gənclər Təşkilatının nümayəndəsi Elşən Qəhrəmanov isə https://shehidimiz.az/ saytını tədbir iştirakçılarına təqdim ediblər.

Tədbirin qonaqları olan Vətən müharibəsi qaziləri – Tərlan Həsənov və Fətulla Nəsirov çıxışları zamanı 44 günlük Vətən müharibəsi ilə bağlı xatirə və təəssüratlarını tələbələrlə bölüşüblər. Onlar Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası ilə mərd oğullarımızın yüksək peşəkarlıqla nümayiş etdirdiyi Vətənimizin ərazi bütövlüyünü və suverenliyini təminetmə əməliyyatının dünya hərb tarixinə düşməsi ilə qürur duyduqlarını bildiriblər. Bununla birlikdə Vətən müharibəsi zamanı Bakı Slavyan Universiteti məzunlarının da böyük fədakarlıq göstərdiyini vurğulayaraq bu xüsusda universitetin kollektivinə minnətdarlıqlarını ifadə ediblər.

Çıxışların ardınca baş tutmuş sual-cavab sessiyasında qonaq qazilər tələbələrin suallarını cavablandırıb, uğurlarının ən başlıca səbəbi kimi Ali Baş Komandanın qüsursuz strategiyası, əsgər və zabitlərimizdə birlik və ruh yüksəkliyi olduğunu vurğulayıblar.

Son olaraq görüşə ev sahibliyi edən universitetin tələbələri adından Bakı Slavyan Universitetinin tələbəsi Rəhilə Yusifova çıxış edərək qəhrəmanlarımıza təşəkkür edib.
Qeyd edək ki, layihə çərçivəsində paytaxt və regionlarda yerləşən böyük tələbə auditoriyasına malik ali təhsil müəssisələrinin tələbələri ilə Vətən müharibəsində şücaət göstərmiş gənc qazilərimizin görüşləri başa çatıb.